Ermənistanda hərbi xunta hakimiyyət çevrilişinə hazırlaşır

 

Qarabağdakı məğlubiyyət Paşinyanın mövqeyini sarsıdıb

 

Cəbhədə məğlub edilən Ermənistanın siyasi rəhbərliyi hələ də baş verənlərdən lazımi nəticələr çıxara bilmir. Baş nazir Nikol Paşinyanın son açıqlamaları və yeni könüllü dəstələrin yaradılıb Dağlıq Qarabağa göndərilməsi üçün çağırışları bunu sübut edir.

Məsələ bundadır ki, çıxılmaz vəziyyətdə qalan Paşinyan yeni plan hazırlayıb. Bu plan onu deməyə əsas yaradır ki, Qarabağda döyüşmək üçün ümid yalnız mülki əhaliyə qalıb.

 

Ermənilər etiraz edirlər

 

Amma Paşinyanın yeni planı ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxlu erməni şərh yazaraq Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildirib. Sosial şəbəkələrdə yayılan şərhlərin birində qeyd olunur: "Məsələni sülh yolu ilə həll edin! Bəsdir bizləri öldürdüz!

Əli silah tuta bilməyən insanları ölümə göndərirsiz! Özünüz gedin savaşın. Siz bizləri düşünmürsüz, ölümə göndərirsiz!”

Paşinyan "Facebook” hesabında həm hazırkı mərhələdə, həm də uzun müddət ərzində Qarabağ məsələsinin diplomatik yolla həllinin mümkün olmadığını deyib. Bununla o, Ermənistanın işğalçı siyasətini davam etdirdiyinibu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş olub. Halbuki, Azərbaycan tərəfi xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Amma hər hansı beynəlxalq təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti sayəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.

 

Sabiqlər Paşinyana qarşı birləşir

 

Ermənistanda vaxtilə hakimiyyətdə olmuş hərbi xunta da Paşinyana qarşı fəallaşıb. Onlar cəbhədəki məğlubiyyətlər səbəbindən baş nazirin ölkə daxilində mövqelərinin zəifləməsindən istifadə etməyə çalışırlar. Ermənistandakı siyasi partiyalar yaranacaq hakimiyyət böhranını etiraf edirlər. Bu səbəbdən də siyasi partiyalar arasında qızğın müzakirələr gedir. Hələlik erməni siyasətçiləri Qarabağ məsələsini sözdə müzakirə edirlər, çünki əsl niyyətləri ölkədə baş verəcək siyasi böhrandan yararlanmaqdır. Məsələn, bunun nümunəsi kimi Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert KoçaryanSerj Sarkisyanın bir masa ətrafında əyləşməsini göstərmək olar. N.Paşinyanın əsas dəstəkçisi isə sabiq prezident Levon Ter-Petrosyandır. O, bu günlərdə 16 partiyanın birləşərək Paşinyanın səlahiyyətlərinin müəyyən hissəsini əlindən almaq cəhdini pisləyib. Qeyd edək ki, Ermənistanda parlamentdən kənarda qalan partiyaların əksəriyyəti Serj SarkisyanRobert Koçaryan ətrafında birləşir.

Ermənistan mediası onu da yazır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun sabiq rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Qarabağdakı separatçı rejimin ilk rəhbəri və Ermənistanın ikinci prezidenti R.Koçaryanla görüşüblər. "Qraparak” qəzetinin məlumatına görə, görüşdən əvvəl B.SaakyanA.Qukasyan N.Paşinyandaha sonra Serj Sarkisyanla görüşüblər. Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib.

 

İşğalçı dövlət sonu görünməyən siyasi böhranın astanasındadır

 

 

Görüşlərdə Qarabağdakı vəziyyətin müzakirə olunduğu iddia edilsə də, sirr deyil ki, əsas müzakirə mövzusu siyasi hakimiyyətin ələ keçirilməsidir. Ermənistan mediası bununla bağlı yazır ki, R.Koçaryan yaranan vəziyyətdən istifadə edib Paşinyanı devirməyi düşünür. Bu səbəbdən Ermənistan daxilində yaxın tezlikdə vəziyyətin qarışması qaçılmazdır.

"İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan da bildirib ki, yaranacaq hakimiyyət böhranı səbəbindən siyasi qüvvələr arasında müzakirələr başlayıb. Onun sözlərinə görə, ilk dəfədir ki, Ermənistanın keçmiş prezidentləri bir araya gəlir və aydın məsələdir ki, onlar həm də bir-birinə düşmən sayılırlar.

Nəzərə almaq lazımdır ki, Ermənistanda sosial-iqtisadi vəziyyət də gərginləşir. Müharibə həm çoxlu sayda canlı qüvvə, həm də iqtisadi resurslar tələb edir. Digər tərəfdən son günlər Ermənistanda koronavirus infeksiyasına yoluxma halları sürətlə artıb. Virusun ikinci dalğası Ermənistanın səhiyyə və sosial sisteminə çox böyük təsir göstərir.

Belə vəziyyətdə hərbi və iqtisadi resursları tükənən ölkənin durumunu təsəvvür etmək çətin deyil. Əhali, eləcə də rəqibləri Paşinyanın yürütdüyü siyasətdən narazıdır. Onlar yuxarıda qeyd edildiyi kimi son vaxtlar fəallaşıblar və baş nazirin devrilməsi istiqamətində planlar hazırlanır. Hərbi əməliyyatların başlamasından öncə Ermənistanın ikinci əsas müxalifət partiyası "Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyanın həbs edilməsi da göstərir ki, Paşinyan çox ehtiyat edir. O, xüsusilə Rusiya amilinin güclənməsindən ehtiyatlanır və bunun qarşısını almağa çalışır. Amma resursları çox da böyük olmadığından istədiyinə nail ola bilmir.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Gözlənilir ki, cəbhədəki çoxsaylı insan itkiləri ilə əlaqədar vətəndaşlar tezliklə küçələrə axışacaq. Bununla da Ermənistan sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-24 oktyabr.- S.1; 6.