Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verən ölkəyə çevrilib

 

Dünən Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Beynəlxalq Enerji Xartiyasının birgə təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, "Enerji istehsalı, nəqliyyat, istiliksoyutma sahələrində bərpaolunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyillər” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının baş katibi Urban RusnakAvropa Komissiyası Enerji Baş Direktorluğunun enerji siyasəti üzrə direktoru xanım Kristina Lobilla Borrero açılış nitqi ilə çıxış ediblər.

Energetika naziri, Enerji Xartiyası Konfransının sədri Pərviz Şahbazov Azərbaycanın aparıcı enerji mərkəzlərindən biri kimi həyata keçirdiyi enerji layihələri, ölkəmizin dünya enerji arxitekturasındakı mühüm rolu barədə danışıb. Bildirilib ki, bu il Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik etməsi ölkəmizin son illərdəki təşəbbüs və nailiyyətlərinin məntiqi nəticəsidir ki, bu təşəbbüs və nailiyyətlərin əhəmiyyətli bir hissəsi enerji sektoru ilə əlaqədardır. Belə ki, Azərbaycan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlinə dair transmilli layihələri ilə bu gün Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verən ölkəyə çevrilib. Növbəti mərhələ kimi "Cənub qaz dəhlizi” meqalayihəsi üzərində işlər başa çatdırılıb və bu ilin sonundan etibarən Azərbaycan qazı Avropa istehlakçılarına çatdırılacaq.

Nazir Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etdiyi dövrdə görülmüş işlər barədə məlumat verib, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Enerji Xartiyası müqaviləsinin modernizasiyası, Enerji İnvestisiya Risk Qiymətləndirməsi, Bakıda keçirilməsi planlaşdırılan növbəti nazirlər konfransına hazırlıq və digər istiqamətlər üzrə görülən işləri diqqətə çatdırıb.

Həmçinin forum iştirakçılarına ölkədə energetika sahəsində həyata keçirilən islahatlar, o cümlədən qanunvericilik aktları layihələrinin hazırlanması, institusional dəyişikliklər, icra olunan layihələr barədə məlumat verilib.

P.Şahbazov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Bu ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və strateji obyektlərinin, həmçinin enerji infrastrukturunun Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaq olan şəhər və kəndlərin atəşə tutulması ilə yanaşı, Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını və regionun ən iri elektrik stansiyası olan Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasının və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ballistik raketlərdən atəşə tutulduğunu diqqətə çatdırıb.

Enerji Xartiyasının baş katibi Urban Rusnak Energetika Nazirliyinə Bakı Beynəlxalq Enerji Xartiyası Forumunun təşkilinə görə təşəkkür edib. Baş katib bu forumun Azərbaycan hökumətinin evsahibliyi etdiyi ikinci Beynəlxalq Enerji Xartiyası Forumu olduğunu xatırladaraq, il ərzində Enerji Xartiyası prosesinə daimi dəstəyinə və rəhbərlik etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Daha sonra Avropa Komissiyası Enerji Baş Direktorluğunda enerji siyasəti üzrə direktor Kristina Lobilla Borrero çıxış edərək forumun təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edibAvropa İttifaqının bu sahədəki siyasəti barədə ətraflı məlumat verib.

 

 

Azərbaycan.-2020.- 29 oktyabr.- S.10.