Haqq dünyasına köçən arzu

 

Erməni terrorunun qurbanı olan 15 yaşlı Nigar həkim olmaq istəyirdi

 

Nigar xoşbəxt yaşayırdı. Ailənin böyüyü olan bu yeniyetmə balamız ata-anasının bir sözünü iki etməzdi. Ondan məktəbi bitirəndən sonra hansı ixtisası seçəcəyini soruşanda fikirləşmədən "həkim olacağamdeyirdi.

Bu arzusunu gerçəkləşdirmək üçün müəllimlərinin verdiyi tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Oxuduğu hər mövzuya dərindən yiyələnir, hətta yeri gələndə sinif yoldaşlarına da kömək göstərirdi. Bütün fənlərdən yüksək qiymətlər alması Nigarın universitetə daxil olmaq arzusunu gündən-günə gerçəkləşdirirdi. Cəmi bircə il qalmışdı. Hərdən ailəsində söhbət düşəndə darıxdığını, bu bir ilintez keçməsini arzuladığını bildirirdi.

Ancaq oktyabrın 17-də gecə saatlarında erməni vandallarının Gəncəyə ikinci dəfə atdıqları raket bir çoxları kimi Nigarın da arzusunu ürəyində qoydu. Raketlər şəhərdə böyük dağıntılar törətdi, düşdüyü yerin ətrafında demək olar ki, nə qədər ev vardısa, hamısı yerlə-yeksan oldu.

Hadisədən bir qədər sonra məlum oldu ki, bu qətliamda ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur. Dağıntı zamanı Rövşənin atası Suliddin kişi, qardaşı Bəxtiyar, bacısı Sevilonun 10 aylıq körpəsi Narin, eləcə də böyük bacısının qızı - 15 yaşlı Nigar faciənin qurbanı oldular. Rövşən özü dağıntılar altından yüngül xəsarətlə çıxarılsa da, ağır yaralanan anası ilə 15 yaşlı oğlunu xəstəxanaya yerləşdirdilər.

Biz Nigarın təhsil aldığı 29 nömrəli tam orta məktəbdə olduq. Partlayışın dalğası o qədər güclü olmuşdur ki, məktəbə də xeyli ziyan dəymişdir. Bunu elə məktəbin giriş qapısında hiss etdik. Qapı-pəncərələr tökülmüş, içəridəki əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdü.

Bizi məktəbin direktoru Valeh Hüseynov qarşıladı. Ermənilərin raket hücumu nəticəsində dünyasını dəyişən 10-cu sinif şagirdi Nigar Əsgərova haqqında ətraflı məlumat almaq istədiyimizi bildirdik. Direktor masanın üstünə bir neçə sənəd qoyduilk sözü bu oldu ki, Nigar bizim əlaçı şagirdlərimizdən idi: "O, əlaçı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı idi. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Bir sözlə, Nigar bizim fəxrimiz idi”.

Nigarın 9-cu sinfi bitirməsi barədə ümumi orta təhsil haqqında attestatının surətini nəzərdən keçirdik. Bütün fənlər üzrə qiymətlər 4 və 5 idi. Sinif rəhbəri Bəsti Cəfərova dedi ki, belə işgüzar və bacarıqlı şagirdlər az-az olur: "Siniflə bağlı nə olurdusa Nigara tapşırırdım. Tapşırığı yüksək səviyyədə yerinə yetirirdi. Onun ölümü məni çox sarsıdıb”.

Sonra Nigarın tarix müəllimi Aybəniz Süleymanova, riyaziyyat müəllimi Zümrüd Süleymanovacoğrafiya müəllimi Elgiz Hüseynovla söhbət etdik. Bildirdilər ki, bütün müəllimlər mehriban və işgüzarlığına görə onunla həmişə fəxr ediblər.

Onu da qeyd edək ki, terror zamanı 29 nömrəli tam orta məktəbin Nigardan savayı bir neçə şagirdi də yaralanıb. Onlardan biri Nigarın əmisi oğlu Amindir. O da partlayış zamanı dağılan evlərin altında qalıb. Xilasedicilərin köməyi ilə dağıntılar altından çıxarılan 6-cı sinif şagirdi hazırda xəstəxanada müalicə olunur. Məktəbin kollektivi, eləcə də sinif yoldaşlarının valideynləri bir neçə dəfə onu ziyarət ediblər.

Məktəbin birinci sinif şagirdi Məryəm Xəlilli və qardaşı - 6-cı sinif şagirdi Orxan Xəlilli isə Nigarın taleyini yaşayıblar. Onlar da erməni vəhşiliyinin qurbanı olublar, dağıntılar altında qalaraq həyatlarını itiriblər. Onlardan başqa, erməni terroru bu il məktəbi bitirən Ləman Qəhrəmanovanın da həyatına son qoyub.

Biz məktəbə yaxın ərazidə yaşayan və 10 il Nigarla bir sinifdə təhsil alan bir neçə şagirdlə də görüşdük. Onunla rəfiqə olmuş Nəzrin Nigar haqqında, onun necə qayğıkeş olması barədə danışdı. Sonra da əllərini üzünə qapayıb ağladı. Nigarla eyni sinifdə təhsil alan Firəngiz Cəfərli, İnci Mustafayeva da rəfiqələri haqqında ağızdolusu danışdılar və onu itirməklə həyatlarında bir boşluq yarandığını söylədilər.

Gəncəyə atılmış raket zərbəsi beləcə onlarca körpənin, yeniyetmənin həyatını yarımçıq qoydu. Kim bilir, bu uşaqlar hansı arzularla, amallarla yaşayırmışlar. Lakin məkrli düşmən bu arzuları onlara çox gördü.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.-30 oktyabr.- S.1; 9