Heç bir təxribat Azərbaycan xalqını zəfər yolundan döndərə bilməz

 

Ermənistan bütün dünya ölkələrinin gözləri qarşısında təcavüzkar siyasətini davam etdirir. Bəşəri duyğulardan kənar, insanlıq adına yaraşmayan vəhşiliklər törədir.

Sentyabrın 27-dən münaqişəni alovlandıran Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, eləcə də elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozur. Döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaq məsafədə yerləşən şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alan Ermənistan silahlı qüvvələri bu dəfə yenidən Bərdəni nişan aldı. Oktyabrın 28-i saat 13 radələrində düşmən tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə "Smerçtipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "clastertipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən çox fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlandı, ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edildi.

Ermənistan dövləti müharibə cinayətlərinə görə, əslində, yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin qarşısında cavab verməlidir. Həm də uzun illərdir cəzasız qalan qanlı əməllərinə görə sorğuya çəkilməli, dinc sakinləri qətlə yetirdiyi üçün ittiham olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın "İnterfaks” agentliyinə müsahibəsində dediyi kimi: "Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə”.

Hər bir xalq, hər bir dövlət özünə layiq bildiyi kimi davranır. Azərbaycan xalqı, Azərbaycan dövləti də uca adına, şərəfli tarixinə yaraşanı edir. Namərd düşmənin məkrinə uymur. Azərbaycan silahlı qüvvələrinin hədəfində döyüş bölgələrinə aidiyyəti olmayan ərazilər yoxdur. Müzəffər Ordumuz düşmən də olsa, dinc əhaliyə atəş açmır. Odur ki, dövlət başçısı "İnterfaks” agentliyinə müsahibəsində bu məsələyə də diqqəti çəkdi: "Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik”. Azərbaycan Prezidenti bildirdi ki, biz onlara döyüş meydanında cavab verəcəyik: "Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq”.

Bərdə hadisələri bir daha göstərdi ki, Azərbaycan dövlətinin hər bir vətəndaşının bircə amalı var: yağı düşməni otuz ilə yaxın işğalda saxladığı ərazilərimizdən qovmaq və əzəli torpaqlarımızı əsl sakinlərinə qaytarmaq.

Ermənistan silahlı qüvvələrinin ölkəmizin mülki şəxslərinə qarşı törətdiyi qətliamların qisasını qəhrəman Azərbaycan Ordusu döyüş meydanında alır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirildi ki, Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edildi. Bərdə terrorunun ardınca, oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etməsi xəbəri xalqımızı qürurlandırmaqla bərabər qələbələrə ruhlandırdı.

Düşmən Azərbaycan xalqını ən həssas yerindən vurduğunu düşünür. Dinc sakinlərini atəşə tutmaqla körpələrini, qadınlarını, qocalarını qətlə yetirməklə, yaralamaqla bu xalqı təşvişə salacağını xəyal edir. Ancaq hər dəfə məkrli niyyətləri puça çıxır. Dünən Bərdədə keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev də vurğuladı ki, Bərdə şəhəri cəbhədən 60-70 km kənarda yerləşir və Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə buranı hədəfə almasının səbəbi mülki insanları qətlə yetirmək, onlar arasında panika yaratmaqdır: "Amma onlar insanlar arasında panika yaratmaq cəhdinə nail ola bilmədilər. Bunu burada olan hərbi attaşelər və diplomatik korpus nümayəndələri də gördülər. Ermənistan siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik korpus Bərdə və Tərtərdə ola-ola yenə buraları hədəf aldılar”.

Bu gün düşmənin qarşısında dövlət-xalq-ordu birliyi ilə güclü, sarsılmaz, məğlubedilməz olan Azərbaycan dayanır. Odur ki, heç bir təxribat xalqı zəfər yolundan döndərə bilməz.

İndi hər bir azərbaycanlının qəlbi, düşüncəsi, amalı Qarabağdır və orada döyüşən oğulların yanındadır. Onların zəfər yürüşü davam edir. İşğal altında olan torpaqlarımız bir-bir azad olunur. Azərbaycan Ordusu bizi qələbəyə aparır.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2020.-31 oktyabr.- S.1; 5.