Dağ-mədən və metallurgiya sənayesində iqtisadi
islahatların davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər və Azərbaycan
Respublikası Prezidentinin “AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında” 2015-ci il 11 fevral
tarixli 1047 nömrəli, “Azərbaycan
Respublikasının metallurgiya kompleksində
sağlamlaşdırma və restrukturizasiya
tədbirlərinin həyata
keçirilməsi haqqında” 2016-cı il
13 iyul tarixli 2198
nömrəli sərəncamlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin.
2. "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 179; 2016, ¹ 2 (II kitab), maddə 338, ¹ 8, maddə 1384; 2019, ¹ 5, maddə 890; 2020, ¹ 5, maddə 602) 2-ci hissəsinə "əlvan” sözündən sonra "və qara” sözləri əlavə edilsin.
3. "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1287) 1-3-cü hissələri ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr
2020-ci il
Azərbaycan.- 2020.- 2 sentyabr.- S.2.