BMT-dən İlham Əliyevə növbəti dəstək

 

Təşkilatın Baş Assambleyasının rəhbəri bəyan edib ki, Azərbaycan Prezidentinin xüsusi sessiya təklifi beynəlxalq səylərin səfərbər edilməsində etibarlı təməl olacaq

 

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Avqustun 31-də Ticani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib ki, Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir: "Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”.

 

İlham Əliyevin beynəlxalq həmrəylik modelinə verilən yüksək qiymət

 

BMT Baş Assambleyasının rəhbəri sessiyanın təşkilatçılarının həmin tədbirin yekunlarına əsasən qəbul ediləcək sənədin layihəsini artıq təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, xüsusi sessiya dünya liderlərinin pandemiyaya reaksiyası ilə bağlı hərəkətlərin nəticələrinə daha çox diqqət yetirmələrini təmin edəcək. Həmçinin koronavirus infeksiyasının yayılmasına, eləcə də onun insanların həyatına təsirinə reaksiya göstərən qlobal platforma kimi Baş Assambleyanın rolunu daha da möhkəmlədəcək.

BMT Baş Assambleyasının koronavirusla mübarizəyə dair xüsusi sessiyası rəsmən iyulun 10-da başlanıb, lakin ölkələrin onlayn rejimində bu sessiyanın keçirilməsi aspektləri barədə razılığa gəlmələri üçün müəyyən qədər vaxt lazım olub.

Xatırladaq ki, cənab İlham Əliyev təklifi bu ilin may ayının 4-də Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü zamanı irəli sürmüşdü. Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin təşəbbüsü üzv ölkələr arasında razılaşdırılmış və bundan sonra cənab İlham Əliyev üzv ölkələr adından Baş katib Antonio Quterreşə müraciət etmişdi.

Öz növbəsində, BMT Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları”na əsasən, üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirmələrini istəmişdi. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır.

Prezidentin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkədən dəstək gəldi. İyulun 8-də cənab İlham Əliyev ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirdi.

Telefon danışığı əsnasında Azərbaycanın pandemiyaya qarşı mübarizədə Baş katibinBMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayan dövlət başçısı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə, 30-dan çox dövlətə isə humanitar və maliyyə yardımı ayırdığını xatırlatdı.

Prezident İlham Əliyev hətta xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Antonio Quterreş isə həm cənab İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini, həm də texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu söylədi. Eyni zamanda Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını diqqətə çatdırdı.

Telefon danışığı zamanı tərəflər əminliklərini ifadə etdilər ki, keçiriləcək xüsusi sessiya qlobal pandemiyaya qarşı mübarizədə önəmli addım olacaq.

 

Qlobal əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr

 

Əlbəttə ki, cənab İlham Əliyevin təşəbbüsünə həm BMT Baş katibi, həm də Baş Assambleyanın prezidenti səviyyəsində göstərilən tam dəstək Azərbaycan Prezidentinin pandemiya ilə mübarizədə beynəlxalq həmrəylik modelinə verilən yüksək qiymətdir. Cənab İlham Əliyevin bu təşəbbüsünün beynəlxalq dəstək alması həm də onu göstərir ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Hətta qlobal böhran dövründə Azərbaycan Prezidentinin həm ölkə daxilində pandemiya ilə mübarizədəki qərar və sərəncamları, gördüyü mühüm tədbirlər, həm də beynəlxalq miqyaslı təşəbbüsləri, ehtiyacı olan 30 dövlətə göstərilən yardımlar bunu bir daha təsdiqləyir.

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı zamanı da dövlət başçısı vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə bu sahədə görülən işlərə çox yüksək qiymət verib və Azərbaycanı nümunəvi ölkə adlandırıb: "Bu, həqiqətən də belədir. Yəni görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu günbu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir”.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, cənab İlham Əliyev bu təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizədə qlobal əməkdaşlığa, təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 2 sentyabr.- S.1; 3.