Prezident arxa durduğu sahibkarlara üz tutdu:

 

"İndi sizin vəzifəniz, ilk növbədə, Vətəninizi, xalqınızı və dövlətinizi düşünməkdir!”

 

Bu gün ölkədə aparılan iqtisadi islahatların bütün istiqamətlərdə dərinləşməsi Azərbaycan dövlətinin müdafiə qüdrətinin və iqtisadi gücünün artırılması üçün uzaq perspektivlərə köklənən kompleks tədbirlərin həyata keçirilməsindən xəbər verir. Bu baxımdan Prezident İlham Əliyevin avqustun 24-də yeni icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı keçirdiyi videoqəbulda dövlətçilik ənənələrini mükəmməlliyə doğru aparan bir çox taleyüklü məsələlərə toxunması təsadüfi deyildi.

Dövlət başçısı çıxışında sahibkarlığın inkişafının ölkənin ümumi inkişafı ilə birbaşa bağlı olduğunu qeyd edərək bildirdi ki, iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalı, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün, ilk növbədə, qeyri-neft sektoru inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Amma pandemiya ilə əlaqədar bütün ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi tənəzzül müşahidə olunur. Azərbaycan Prezidenti qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənaye məhsulları istehsalı sahəsindəki 13 faizlik artımın əsas səbəbini belə izah etmişdir: "Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində”.

Prezident İlham Əliyev sahibkarlara verdiyi geniş dəstəyin müsbət nəticələrini şərh edərək demişdir ki, artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Bütün qurumların biznesə dəstək verməsi dövlətin ciddi tələbidir. Məhz buna görə Prezident bəzi rayonlarda sahibkarların incidilməsini, onların qarşısında süni sədlərin çəkilməsini, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunmasını tənqid atəşinə tutmuş və eyni zamanda qeyd etmişdir ki, dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır, sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər.

Həqiqətən, dövlət başçısı ölkədə sahibkarlığın inkişafı üçün mühüm qərarlar verir, zəruri addımlar atır. Xüsusən pandemiya dövründə çətinə düşən, problemlərlə üzləşən iş adamlarına hərtərəfli qayğı göstərir. Prezidentin fərmanları ilə Vergi Məcəlləsində və "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilmişdir. Bu, koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilmiş və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılmışdır. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə müvəqqəti vergi rejiminin tətbiqi və pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar da nəzərdə tutulur. Qanun bu ilin əvvəlindən tətbiq olunur və 2020-ci ilin sonunadək qüvvədədir.

Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilmişdir. Bura əsasən ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tip obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərinin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış sahələr daxildir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edərək bildirmişdir ki, sadalanan sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olunur, əldə etdikləri mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri qazanırlar. Pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14-dən 7 faizə endirilir. Qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək. Bundan əlavə, fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılır. Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, ölkə üzrə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir.

Zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərin ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılmışdır. Həmin müddətdə bu vergi ödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eləcə də gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti 2020-ci il sentyabrın 1-nə kimi uzadılmır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmışdır.

Ə.Quliyev Vergi Məcəlləsi ilə yanaşı, "Sosial sığorta haqqında” qanuna da dəyişiklikləri şərh etmişdir. Bildirmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılaraq azaldılmışdır. Ölkədə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilmiş, sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkhaqqının faiz nisbətində hesablandığından və minimum əməkhaqqı da müxtəlif vaxtlarda artdığından sosial sığorta üzrə fərdi sahibkarların sığorta yükü artmış olurdu. Bu məqsədlə sosial sığorta üzrə qanunvericiliyə dəyişiklik edilmiş və 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilmişdir. Eyni zamanda faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılmışdır. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilmişdir. Bununla da həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılmışdır. Nəticə etibarilə sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər.

Göründüyü kimi, özəl sektora pandemiya dövründə tətbiq olunan güzəştlər paketi genişdir və kifayət qədər ciddi dəstəkdir. Əgər dövlət özəl sektora pandemiya dövründə bu qədər qayğı ilə yanaşırsa, onu imtiyazlar paketi ilə qoruyursa, bir sıra məmurların sahibkarları sıxışdırması, onlardan rüşvət tələb etməsi, pay umması, gəlirlərinə şərik çıxması mahiyyət etibarilə dövlətin iqtisadi siyasətinə vurulan ən ağır zərbədir. Dövlət başçısı belə məmurların bağışlanılmayacağını videoqəbulda birmənalı şəkildə səsləndirmişdir.

Prezident İlham Əliyev pandemiya dövründə iqtisadi fəallığın çox aşağı düşdüyünü və nə vaxt bərpa ediləcəyinin bilinmədiyini nəzərə alaraq perspektivlərə praqmatik yanaşmağın vacibliyini vurğulamış və bildirmişdir ki, hamı vicdanla çalışmalı, dövlətin mənafeyini öz maraqlarından üstün tutmalıdır.

Dövlət başçısı indiki məqamda əsas ümidin həm də yerli investorlara olduğunu diqqətə çatdırmışdır: "Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir”.

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 2 sentyabr.- S.1; 3.