Qeyri-formal məşğulluğun qarşısının alınması aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir

 

Prezident İlham Əliyevin 2017-ci il 14 mart tarixli sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası bu günlərdə növbəti iclasını keçirdi. İclasda müzakirə olunan məsələlər, ümumən komissiyanın ötən dövrdəki fəaliyyəti, qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılan işlər və əldə olunan nəticələr barədə AZƏRTAC-ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri, komissiyanın katibliyinin rəhbəri Rəşad Dayıyev cavablandırıb.

- Qeyri-formal məşğulluq nədir və onun sosial-iqtisadi inkişafa mənfi təsirləri nədən ibarətdir?

- Son illər qəbul olunmuş məşğulluq haqqında qanunvericilikdə qeyri-formal məşğulluğun aydın izahı verilib. Belə ki, qeyri-formal məşğulluq əmək müqaviləsi (kontrakt) və ya mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Qeyri-formal məşğulluq kölgə iqtisadiyyatının əsas göstəricisidir. İşçi ilə qeyri-formal əmək münasibətləri işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar bir tərəfdən işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta yerində bədbəxt hadisə zamanı xəsarət aldıqda belə onun köməksiz vəziyyətdə qalmasına səbəb olur. Digər tərəfdən, qeyri-formal məşğulluq dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur. Eyni zamanda, qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadisosial hüquqlarının qorunmasıdır. Bu baxımdan qeyri-formal məşğulluğun aradan qaldırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

Qeyri-formal işləyənlərə formal məşğulluğa keçmələri barədə Prezident tərəfindən də çağırışlar edilib. Bildiyiniz kimi, bu il pandemiya ilə əlaqədar genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir o cümlədən dörd dəfə olmaqla birdəfəlik ödəmə (190 manat) proqramı icra olunub ki, bu proqram işsiz şəxslərlə yanaşı, xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər də daxil olmaqla 600 min nəfəri əhatə etdi. Bunun üçün 333 milyon manat sərf olundu.

- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verməyinizi istərdik.

- Prezident İlham Əliyevin hələ üç il əvvəl imzaladığı 2017-ci il 14 mart tarixli sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması da qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aparılan sosial-iqtisadi siyasətin daha da gücləndirilməsi və bu sahədə praktik nəticələrə nail olunması məqsədi daşıyıb. Həmin sərəncamla yaradılmış 7 nəfər aidiyyəti qurumların rəhbər səviyyəsində təmsil olunduqları komissiyaya Baş Nazirin müavini Əli Əhmədov sədrlik edir. Sərəncamda əmək münasibətləri iştirakçılarının iqtisadisosial hüquqlarının tənzimlənməsi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini, eləcə də bu nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək tapşırılmışdı. Qısa müddət ərzində mütərəqqi təcrübə nəzərə alınmaqla qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılacaq tədbirlər müəyyənləşdirilib. Tədbirlər planı isə Prezidentin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiqlənib. Onu da qeyd edim ki, sərəncama əsasən cari fəaliyyətin təşkili məqsədilə komissiyanın katibliyi fəaliyyət göstərir və katibliyin funksiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Əlavə olaraq bildirim ki, komissiya daxilində 3 işçi qrupu da fəaliyyət göstərir və mütəmadi olaraq verilmiş tapşırıqlar üzrə onların gördükləri işlərə dair hesabatları dinlənilir.

Komissiyanın fəaliyyəti ərzində ölkədə formal məşğulluğun təşviqi məqsədilə bir çox qanunvericilik aktları qəbul edilib, o cümlədən yeni "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, "İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib, İşsizlikdən Sığorta Fondu yaradılıb, işçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə vergisosial sığorta sahəsində islahatların dəstəklənməsi məqsədilə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

- Komissiyanın fəaliyyəti dövründə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində hansı nailiyyətləri qeyd edərdiniz?

- Komissiyanın fəaliyyəti ərzində nailiyyətləri qeyd edərkən, ilk növbədə, əmək müqavilələrinin sayındakı davamlı artım dinamikasını göstərmək olar. Komissiyanın yaradıldığı vaxtdan ötən dövrdə əmək müqavilələrinin sayında 387 minya 30 faizdən çox artım müşahidə edilib. Cari ilin ilk yarısında əmək müqaviləsi ilə işləyənlərin sayı 1 661 692 nəfərə çatıb. 2020-ci ilin yanvar-iyun aylarında bu artım qeyri-dövlət sektorunda 110 min olub. Bu o deməkdir ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, özəl sektorda nəinki yerlərinin qorunub saxlanılmasına nail olunub, hətta əlavə 110 min əmək müqaviləsi bağlanılmaqla, bu qədər sayda insan öz sosial hüquqlarını bərpa edib.

Digər bir nailiyyət kimi fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlar və sığortaedənlərin sayında müşahidə edilən artımdır. Cari ilin ilk yarısında bu şəxslərin sayı müvafiq olaraq 6 və 6,5 faiz artıb.

Bundan başqa, komissiyanın fəaliyyəti dövründə fiziki şəxs sahibkarların da sayı artaraq 466 min nəfərə, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayı isə 9,6 min nəfərə çatıb.

- Ümumilikdə "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası hansı istiqamətləri nəzərdə tuturicra vəziyyəti necədir?

- Tədbirlər Planında 36 tapşırığın icrası nəzərdə tutulubbu tədbirlərin icrası üzrə 24 icraçı qurum müəyyənləşib. Tədbirlər Planı 5 bölmədən ibarət olmaqla qanunvericiliyin, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirləri, monitorinq və qiymətləndirmə sisteminin qurulması, eləcə də təbliğat-təşviqat kampaniyalarının keçirilməsi istiqamətlərini nəzərdə tutur.

Tədbirlər Planı üzrə ölkədə formal məşğulluğun stimullaşdırılması və qeyri-formal məşğulluq hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanması təmin edilib. Bundan başqa, elektron informasiya resurslarının təkmilləşdirilməsi və inteqrasiyası sahəsində aidiyyəti dövlət qurumları tərəfindən işlər davam etdirilir və icrasının yaxın müddətdə təmin olunması hədəflənib. Həmçinin sənədə əsasən 11 istiqamət - qeyri-formal məşğulluqla mübarizə tədbirləri, qeyri-formal məşğulluğun mənfi nəticələri, formal məşğulluğun üstünlükləri barədə məlumatlandırma və təbliğat kampaniyasının həyata keçirilməsi qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində, ictimai təşkilatların və sosial tərəfdaşların birgə fəaliyyətinin dəstəklənməsi və s. işləri də davam edir. Onu da bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə ardıcıl təbliğat-maarifləndirmə işləri də görülür.

Məlumatlandırma və təbliğat tədbirləri ilə yanaşı, davamlı icra edilən tədbirlərdən biri də "Məşğulluq haqqında” Qanuna əsasən müəyyən edilmiş aktiv məşğulluq proqramlarının, xüsusilə özünüməşğulluğun genişləndirilməsidir. Eyni zamanda qeyri-formal məşğulluğun aşkar edilməsi üçün yoxlamaların həyata keçirilməsi formaları təkmilləşdirilir. Bununla bağlı, "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli Fərmanı ilə "Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sisteminin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Fərmana əsasən, 18 dövlət qurumunun 25 elektron informasiya sisteminin inteqrasiyası təmin ediləcək. Hazırda sözügedən vahid elektron informasiya ehtiyatının yaradılması istiqamətində işlər görülür. Bu sistemin yaradılması məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərinin vahid sistem altında inteqrasiya edilməsinə və bu məlumatların elektron çarpaz yoxlanılması nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsinə, qeyri-formal məşğulluqla mübarizədə nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaq.

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S.4.