Arı bəslə - bal tut, bar götür

 

İqtisadiyyatın bütün sahələrinə zərbə vuran koronavirus pandemiyası kənd təsərrüfatından da yan keçməyib. Bundan başqa, cari ildə kəndli fermerləri təbiət sınağa çəkib. Belə ki, əsasən quraqlıq onlar üçün müəyyən çətinliklər yaradıb. Ölkə arıçılarının da öz problemləri var. Buna baxmayaraq, arıçılarımız yüksək məhsuldarlığa nail olublar. Əlbəttə, dövlətin köməyi dəstəyi ilə!

Aran dağlıq bölgələrdə yaşayan arıçıların qayğıları bir-birindən fərqlənir. Dağ rayonlarının arıçıları arıları əsasən öz yaşayış yerlərində bəsləyirlər. Aran arıçıları isə arıların bal toplama mövsümündə onları başqa yerlərə, yəni gülün-çiçəyin daha çox olduğu ərazilərə köçürürlər. Məsələn, Gəncə arıçıları daha çox köçəri arıçılığa üstünlük verirlər.

Bununla bağlı Gəncə Arıçılıq Assosiasiyasının sədri Füzuli Verdiyevin fikirləri maraqlıdır. O qeyd edir ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin dövrünün ilk günlərində arıçıların arıxanalara gediş-gəlişində, arı ailələrinin müxtəlif yerlərə daşınmasında, eləcə arıçıların ehtiyacı olan xarici ölkələrdən idxal edilən mum, şan digər məhsulların fermerlər üçün əlçatanlığında müəyyən çətinliklər yaranmışdı.

Aran fermerləri həmçinin havaların qeyri-sabit keçməsinin işin zərərinə olduğunu söyləyirlər. Belə ki, bu il yazın əvvəlində yağıntılı günlər çox olsa da, yay aylarında ölkə ərazisində müşahidə edilən quraqlıq arıçılar üçün çətinlik törədib. Onlar bal süzümünə başlayanda isə yağış yağmağa başlayıb. Bu çür hava şəraiti bal süzümünün vaxtında həyata keçirilməsini ləngitməklə yanaşı, arıların dərmanlanmasını, dezinfeksiya işlərini qışa hazırlıq prosesini gecikdirir.

Bütün bu çətinlikləri aradan qaldıran aran arıçıları öz arılarını Kür çayının sahillərinə, dağlıq dağətəyi ərazilərə köçürə biliblər. Nəticədə yüksək məhsuldarlığa nail olublar.

Ölkə arıçılarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 5 mart 2018-ci il tarixli sərəncamının icrası çərçivəsində arıçılara hər il subsidiyalar verilir.

Bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1445 şəxs saxladığı 32 min 17 arı ailəsinə (pətəyinə) görə dövlət büdcəsinin vəsaiti hesabına 320 min 170 manat subsidiya alacaq. Xatırladaq ki, subsidiya hər arı ailəsinə 10 manat hesabı ilə verilir. Ötən il Zaqatala arıçılarına 288 min 250 manat subsidiya ödənilib.

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınaraq təsdiq edilib. Yaxın vaxtlarda arıçılara builki subsidiyanın ödənilməsinə başlanacaq.

Arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda daha 195 yeni təsərrüfat yaradılıb arı ailələrinin sayı 3192-yə çatıb.

Qax rayonunun təbii iqlim şəraiti arıçılığın getdikcə inkişafına imkan verir. Rayonun arıçılıq təsərrüfatlarında olan arı ailələrinin identikləşdirilməsi işləri başa çatıb. Monitorinqlərin nəticələrinə əsasən, hazırda rayonda arıçılıqla məşğul olan 897 arıçının təsərrüfatında 26 min 846 arı ailəsi saxlanılır. Rayonda arıçılıq təsərrüfatlarının arı ailələrinin sayı ötən illə müqayisədə xeyli artıb. 100 yeni təsərrüfat 5162 arı ailəsi yaradılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi "Arıçılıqla məşğul olan fiziki hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına 268 min 460 manat subsidiyanın verilməsi nəzərdə tutulur.

Ağcabədi rayonunda isə 272 arıçı 4982 arı ailəsi saxlayır. Bu il onlara 49 min 820 manat subsidiyanın verilməsi nəzərdə tutulur.

Ağdam rayonunda arıçılıqla məşğul olan 265 arıçı saxladığı 4629 arı ailəsinə görə 46 min 290 manat subsidiya alacaq.

Yeri gəlmişkən, bir məsələni qeyd edək. Adətən arıçılıqla kişilər məşğul olur. Lakin son dövrdə qadınların da bu peşəyə marağının artdığı müşahidə edilir. Təcrübə göstərir ki, onlar bu çətin işin öhdəsindən gələ bilirlər.

Məsələn, Qəbələ rayonunda Leyla Hüseynova 30 ildən çoxdur arıçılıqla məşğuldur. İndi onun yolunu Gülnar Məmmədzadə kimi gənc arıçı qızlar davam etdirir. Arıçı Qadınlar Qrupu yarandıqdan sonra arıçı xanımlar işdə toqladıqları təcrübəni bölüşmək imkanı qazanıblar.

Ümumilikdə isə hazırda Qəbələ rayonunun 600 təsərrüfatında 12 min 300 arı ailəsi bəslənir.

Bir neçə kəlmə ölkədə balın satışı barədə. Məlum olduğu kimi, indiyədək balı yerli sakinlərlə yanaşı, xarici turistlər alırdı. Mövcud vəziyyətlə əlaqədar turistlərin sayı minimuma enib. Hələlik bal sərgi-yarmarkaları da təşkil olunmur. Pandemiya ilə əlaqədar respublika ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövründə kafe restoranların fəaliyyətinin dayandırılması, yaxud geniş şəbəkədə fəaliyyət göstərməməsi balın satışında da məhdudiyyət yaradıb.

Lakin bu əvəzsiz nemətin alıcıları yenə az deyil. Pandemiya zamanı insanların immunitetini artıran məhsul kimi bala böyük üstünlük verilir. Bu da balın pərakəndə satışının genişlənməsinə, yəni fərdi alıcılarının sayının çoxalmasına səbəb olub.

Beləliklə, bal alın, arıların Azərbaycanın ən ətirli çiçəklərindən, ən faydalı bitkilərindən topladığı, xalqın "min bir dərdin dərmanıadlandırdığı bu məhsuldan bol-bol dadın - azar-bezar sizdən uzaq olsun!

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S.5.