Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının sağlamlığı və təhlükəsizliyidir

 

Ölkəmiz COVID-19-la mübarizədə uğurlu işlər görür, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra olunur

 

Dünyada koronavirusa yoluxanların sayı sürətlə 30 milyona yaxınlaşır. Bir neçə il əvvəl ölkələrdə tədbiq edilən sərt karantin rejimi sayəsində virusa yoluxma sayında müəyyən azalmalar müşahidə edilsə də, məhdudiyyətlərin digər sahələrdə ciddi fəsadlara yol açmasının, xüsusilə də iqtisadiyyata inanılmaz zərbə vurduğunun şahidi olduq.

Buna görə də hazırda Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə epidemioloji vəziyyətin təhlilinə əsasən, mərhələli şəkildə yumşaldılmalara keçid etməyi tövsiyə edir. Amma bu zaman insanlar mütləq şəkildə hazırkı həyat və yaşamlarını pandemiyanın şərtlərinə uyğunlaşdırmalıdırlar. Bu şərtlər isə çox sadədir: sosial məsafə, maska taxmaqgigiyena şərtlərinə əməl etmək...

Koronavirusun ilk üzə çıxdığı zamandan etibarən Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini özünün ən ali məqsədi və vəzifəsi hesab edərək bütün potensialını pandemiyaya qarşı mübarizəyə yönəldib. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər ölkəmizdə qlobal böhranın təsirlərinin minimuma endirilməsi məqsədi daşıyır və yarım ildən çox zamanı əhatə edən bu dövrdə görülən tədbirlər, atılan addımlar mövcud vəziyyətə uyğun həyata keçirilir.

Qısa zamanda səhiyyə infrastrukturunun pandemiya ilə mübarizəyə istiqamətləndirilməsi, xəstələrin dövlət hesabına müalicəsi ilə yanaşı, həkimlərin sayının artırılması və təcrübə mübadiləsi məsələləri də kompleks şəkildə həll olunub.

 

Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılıb. Yeni tibb müəssisələri açılıb, modul tipli xəstəxanalar quraşdırılıb. 600 yerlik "Yeni Klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması COVID-19 ilə aparılan mübarizədə çox önəmli rol oynayıb.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev tibb sahəsində görülən işlərə toxunaraq bildirdi ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb: "... Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki olimpiya kompleksini də xəstəxanalara çevirdikorada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər”.

Dövlət başçısı vurğuladı ki, bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir.

 

Seroloji testlər karantin rejiminin davam edib-etməməsi üçün ən optimal yanaşma imkanı verəcək

 

Koronavirusla effektiv mübarizə infeksiyaya yoluxma hallarının erkən müəyyənləşdirilməsindən də birbaşa asılıdır. Bu istiqamətdə də dövlətimiz düzgün fəaliyyət planı həyata keçirir. COVID-19-un müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alınıb, yüksək keyfiyyətli testlərlə təchiz edilib. Hazırkı dövrə qədər ölkəmizdə 935 mindən çox test keçirilib ki, bu da adambaşına düşən testlərin sayına görə, ölkəmiz dünya miqyasında qabaqcıl yerlərdən birini titur.

Onu da bildirək ki, COVID-19-la əlaqədar bütün dünyada, o cümlədən Azərbaycanda seroloji testlərin tətbiqinə başlanılıb. Könüllülük prinsipi əsasında həyata keçirilən skrininqlərlə əlaqədar indiyədək 300-ə yaxın test alınıb və onlardan 200-ü işlənib. Həmin skrininqlər Gəncə və Sumqayıt şəhərlərində də aparılacaq. Burada əsas məqam digər respirator xəstəliklərlə COVID-19 infeksiyasını ayırd etməkdir. Seroloji testlər ölkədə əhali arasında immunitet səviyyəsini öyrənməyə imkan verəcək. Testlər 18 yaşdan yuxarı vətəndaşlar arasında aparılır. Seroloji testlərlə bağlı ətraflı məlumat verən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib ki, irəlidə hədəf qrupları və bölgələrə görə testlərin aparılması davam edəcək: "İndiyədək dövlətin koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar apardığı testlər nəticəsində 35 minə yaxın yoluxma olduğu aşkar edilib. Lakin xəstəliyi heç bir simptomu və şikayəti olmadan keçirənlər var ki, onlar təbii olaraq səhiyyə müəssisələrinə müraciət etməyiblər. Ona görə də xəstəliyi nə qədər vətəndaşın keçirib-keçirmədiyi məlum deyil. Seroloji testlərin aparılması xəstəliyi keçirmə faizinin həqiqiliyini ortaya çıxaracaq. Testlərin nəticələri COVID-19-la mübarizədə mərhələli şəkildə yumşalma prinsiplərinin tətbiqi və ya karantin rejiminin davam edib-etməməsi üçün ən optimal yanaşma imkanı verəcək. Məsələn, cənub bölgəsində seroloji testlərin nəticəsi əhalinin 80 faizinin xəstəliklə təmas edib immunitet qazandığını aşkar edibsə, həmin bölgə riskli bölgə sayılmayacaq. Deməli, həmin bölgədə mərhələli şəkildə yumşalmalara getmək olarbu, yoluxma sayında artıma səbəb olmayacaq”.

 

Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir

 

Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Koronavirusla mübarizə istiqamətində həyata keçirilən zəruri tədbirlər hazırda respublikamızda sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib. Eyni zamanda vətəndaşların məsuliyyətli davranışının, qoyulan qaydalara riayət etməsinin də bu nailiyyətdə payı çoxdur.

Sadalanan hallarla əlaqədar virusa yoluxma sayında müşahidə edilən kəskin azalma yumşalmalara keçidə də təkan verdi. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmış və müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirlərinin davam etdirilməsi də labüd olacaqdır.

Amma təəssüf ki, vəziyyətin ciddiliyini anlamayaraq, məsuliyyətsiz addımları ilə insanların sağlamlığını təhlükəyə atan insanlara da rast gəlinir. Amma belə hallar aşkarlananda mütləq ictimai vəziyyətinə, statusuna baxmayaraq, qayda pozanların hər birinə qarşı cəza tədbirləri görülür. Çünki qanun qarşısında hamı bərabərdir.

Dövlət başçımız modul tipli yeni hospitalın açılışındakı çıxışında bütün vətəndaşları məsuliyyətə çağıraraq vurğuladı ki, Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir: "Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

 

Dövlətin düşünülmüş addımları, vətəndaşların məsuliyyəti normal həyata qayıdışı sürətləndirə bilər

 

Göründüyü kimi, COVID-19-a yoluxma sayının qısa zamanda nəzarətolunan həddə salınması dövlətimizin pandemiya ilə uğurlu mübarizəsinin bariz nümunəsidir. Yeni növ koronavirusla bağlı dünya statistikasına nəzər saldıqda da görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr olduqca təqdirəlayiqdir. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilməməsi istiqamətində görülən effektiv tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. ÜST nümayəndələri də dəfələrlə ölkəmizin pandemiya ilə bağlı düzgün qərarlar qəbul etdiyini bildirir, əldə olunan nailiyyətləri nümunə göstərir.

Təbii ki, respublikamızda da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılım təmin edilə bilərdi. Amma vətəndaşların sağlamlığı və təhlükəsizliyi Azərbaycan dövləti üçün əsas prioritetdir. Buna görə də yumşalma addımları ölkədəki epidemioloji vəziyyətin təhlilinə uyğun atılır.

Beynəlxalq təcrübə də sübut edir ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğundur.

Buna görə də ölkə rəhbərinin də söylədiyi kimi, dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-4 sentyabr.- S.1; 7.