Dövlətin tədbirlər planı effektiv nəticələrini verir

 

Tendensiya bu cür davam edərsə, qısa zamanda normal həyata qayıdacağıq

 

İndi dövlətləri, xalqları maraqlandıran bir əsas ortaq problem var. İnsanoğlu yalnız bir xəstəliklə mübarizəyə qalxıb, savaş aparır: ölkə, dövlət, sərhəd, millət tanımayan taclı düşmənlə - yeni tip koronavirusla.

Aylardır dünya tibbi, elm adamları bu yeni bəlanı "susdurmaqüçün səfərbər olublar. Dəhşətli mərəzdən qurtulmaq üçün bəşəriyyət peyvəndin hazırlanıb istifadəyə verilməsini səbirsizliklə gözləyir. Artıq bir neçə aydır müxtəlif ölkələrdə peyvəndin hazırlanması ilə bağlı ümidverici siqnallar da gəlməkdədir.

Azərbaycan da hazırda bir neçə şirkətlə COVID-19-a qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal aparır. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışı zamanı respublikamızın bu peyvəndi əldə edən birinci ölkələr sırasında yer alacağına ümidvar olduğunu bildirib.

"Biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

 

Azərbaycanın koronavirusla mübarizədə uğurlu fəaliyyəti

 

Peyvənd tam hazır olanadək bəzi dünya ölkələri koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər görür, xüsusi karantin rejimini uzadırlar. İndiki şəraitdə koronavirusun yayılma arealını azaltmaq üçün görülən effektiv tədbirlərdən biri məhz karantin rejiminin tətbiqidir.

Mütəxəssislər hesab edirlər ki, dünyanın koronavirusla ən uğurlu mübarizə üsulu insanlar arasında təması azaldaraq yoluxma zəncirini qırmaqdır. Azərbaycan da bu yolu seçən ölkələr sırasındadır. Dünyada olduğu kimi, vətənimizdə də infeksiyaya yoluxma sayını azaltmaq üçün martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.

Koronavirusun yayılmağa başladığı yeni dönəmlərdə Azərbaycan ona qarşı mübarizəyə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoydu. Ölkəmizdə virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi, eləcə də vətəndaşların böyük qisminin məsuliyyətli davranışı nəticəsində COVID-19-la bağlı vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu.

İki aya yaxındır mənfi tendensiyanın müsbətlə əvəzlənməsi isə hər kəsi sevindirir. Bu da koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın çox uğurlu fəaliyyət apardığını deməyə əsas verir. Hökumətin gördüyü operativ və səmərəli tədbirlər, qəbul edilən qərarlar, müasir tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunması, müxtəlif ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların virusla birbaşa mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaları və s. bugünkü ümumi uğurumuzu təmin edib.

 

Bağçalarda geniş təmizlik, dezinfeksiya işləri aparılır

 

İnfeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bir neçə qərar verib. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bununla belə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb. Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin sentyabrın 15-dən mərhələli şəkildə açılması ilə bağlı olub. Bu tarixdən ilk olaraq ibtidai siniflərdə dərslər keçiriləcək. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının da açılmasına icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixədək bağçaların tam açılması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Artıq idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Tərbiyəçilər və texniki işçilər bağçalarda geniş təmizlik, tibbi-profilaktik işləri görür. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir.

Mətbəx və sanitariya qovşaqlarında mütəmadi dezinfeksiya işləri aparılacaq. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaq. Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək bu müəssisələrdə sanitar-gigiyenakarantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

 

Əsas məsələ müsbət dinamikanı qoruyub saxlamaqdır

 

Yumşalmalara gedilməsi pandemiyanın başa çatması anlamına gəlməməli və insanlarda arxayınlıq yaratmamalıdır. Əksinə, yumşalmalardan sonra bəzi ölkələrdə xəstələrin sayında artım müşahidə olunur ki, bu, hər birimizi daha məsuliyyətli olmağa sövq etməlidir. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ölkəmizdə yumşalma addımları da elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Daim insanlarımızın sağlamlığını düşünən dövlət rəhbəri də hər zaman vətəndaşları ehtiyatlı olmağa çağırır. O cümlədən dövlət vəsaiti hesabına işsiz şəxslərə müavinətlərin verilməsi, yerləri müvəqqəti dayandırılmış sahibkarlara müvafiq ödənişlərin ödənilməsi də Prezident İlham Əliyevin əhaliyə olan diqqət və qayğısının nəticəsidir.

Ölkədə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Karantin rejiminin tədricən, mərhələli şəkildə yumşaldılması, dövlətimizin pandemiya ilə mübarizədə apardığı ehtiyatlı tədbirlər proqramı öz effektiv nəticələrini göstərir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Hətta artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Hazırda əsas məsələ əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün karantin qaydalarına anlayışla yanaşaraq əməl etmək, maska taxmaqsosial məsafəni qorumaq kifayətdir. Bizdən tələb olunan yalnız məsuliyyətli olmaq, karantin qaydalarına riayət etməkdir. Vətəndaş olaraq dövlətin atdığı addımları dəstəkləmək, səbirli olmaq lazımdır. Əgər tendensiya bu cür davam edərsə, qısa zamanda normal həyatımıza qayıdacağıq.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.-5 sentyabr.- S.1; 4.