Misirli professor: İşğal edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə yol vermək olmaz

 

Misir dostqardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ probleminin həllinə dair ədalətli mövqeyini daim dəstəkləyir.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, Benha Universitetinin professoru Əbdülrəhman Saad bildirib.

Professor qeyd edib ki, rəsmi Qahirə və ərəb dünyası Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını həmişə müdafiə edib. "İslam Əməkdaşlıq Təşkilatının bəyanatları da buna sübutdur. Digər tərəfdən, Qoşulmama Hərəkatına üzv olan ərəb ölkələri də bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan işğal etdiyi Dağlıq Qarabağona bitişik əraziləri tərk etməlidir. İşğal faktına son qoyulması Cənubi Qafqaz regionunda da sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaradar. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi insident sübut etdi ki, status-kvonun qorunub saxlanılması və Azərbaycan ərazilərinin işğalının davam etməsi gələcəkdə daha ciddi fəsadlar doğura bilər”, - deyə Ə.Saad qeyd edib.

Ermənistanın qanunsuz olaraq Livandan və digər Yaxın Şərq ölkələrindən erməniləri Dağlıq Qarabağda yerləşdirməsi faktına münasibət bildirən misirli professor deyib ki, ərəb dünyasının da qarşılaşdığı bu problem tamamilə yolverilməzidir. O əlavə edib: "Hazırda ərəb dünyası işğal edilmiş Fələstin ərazilərində qanunsuz məskunlaşma və həmin torpaqların ilhaqı ilə beynəlxalq müstəvidə, qanunlar çərçivəsində mübarizə aparır. Təəssüf ki, qardaş Azərbaycan da analoji problemlə üzləşib. Dağlıq Qarabağ və ətraf rayonların yerli əhalisi öz yurd-yuvalarından didərgin salınıb və onların yaşadıqları ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparılır. Qərb ölkələri uzun illərdir ki, bu cür məsələlərə biganə yanaşır, çox vaxt ikili standartlar mövqeyindən çıxış edirlər. Halbuki beynəlxalq ictimaiyyət hər iki xalqın qarşılaşdığı bu problemlə bağlı daha qətiyyətli davranmalıdır. Həm azərbaycanlılar, həm də fələstinlilər öz doğma yurdlarına qayıtmalıdırlar. İşğal edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə yol vermək olmaz. Bu təhlükəli presedent gələcəkdə daha ağır fəsadlara səbəb ola bilər. Özlərini demokratiyanın və insan haqlarının carçıları adlandıran Qərb dövlətləri, ilk növbədə, əzəli torpaqlarından didərgin salınmış, evləri, mülkləri əllərindən alınmış və ağır şəraitdə yaşayan məcburi köçkünlərin hüquqlarını müdafiə etməlidirlər”.

 

Azərbaycan.- 2020.-6 sentyabr.- S.2.