Azərbaycan pandemiya dövründə ortaya yaxşı nümunələr qoyur

 

Yumşalmalara sürətli keçid zamanında görülən məqsədyönlü tədbirlərin nəticəsidir

 

Hazırda dünyada koronavirusa yoluxma hallarının sayı 27 milyonu keçib, ölüm sayı isə 8 yüz mindən çoxdur. Ən çox yoluxma hadisəsi ABŞ-da qeydə alınıb, sonrakı yerlərdə isə BraziliyaHindistan gəlir.

2020-ci il başlayandan COVID -19-a qarşı əlaqədar qurumlar, dövlətlər tərəfindən mübarizə aparılsa da, hələlik onu yox etmək mümkün olmayıb. Yer üzündə koronavirus var-gəl etməkdə davam edir. Buna görə də dünya indi koronavirusdan qapanaraq qorunmaq yox, pandemiyanın şərtlərinə əməl edərək virusla bərabər yaşamaq məcburiyyətində qalıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, əgər infeksiya ilə mübarizə üzrə məqsədyönlü və yoxlanılmış addımlar atılsa, dövlətlər koronavirus pandemiyası ilə əlaqədar təcridetmə tədbirlərinin təkrar tətbiqindən qaça bilər.

O, bir çox ölkələrdə özünü təcridetməni ağır nəticələrə gətirib çıxaran "düzxətli alət” kimi qiymətləndirib. ÜST rəhbəri qeyd edib ki, məqsədyönlü tədbirlərin uyğunluğu olacağı təqdirdə gələcəkdə özünütəcrid etmədən qaçmaq olar.

Gebreyesus vurğulayıb ki, dövlətlər dörd əsas vəzifəni yerinə yetirməlidirlər: - kütləvi tədbirləri keçirməkdən çəkinmək, insanların özünü və başqalarını digər infeksiyalardan qoruması imkanını təmin etmək, diqqəti sağlamlığın qorunmasının baza məsələlərinə cəmləmək və əhalinin zəif qruplarını koronavirusdan qorumaq.

 

Azərbaycanda həyat normal məcraya yönəlir

 

Əminliklə demək olar ki, Azərbaycan pandemiya ilə mübarizədə indiyə qədər ortaya çox ciddi nəticələr, nümunələr qoyub.

Ölkəmizdə yeni tip koronavirusla mübarizə davam etdirilərək, epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, infeksiyanın yayılmasının lokallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Mütəmadi olaraq ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil olunaraq ona uyğun qərarlar verilir.

Respublikamızda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində yoluxma sayında müsbət dinamika əldə edilib.

Məhz effektiv tədbirlərin nəticəsidir ki, avqustun 5-dən vətənimizdə mərhələli şəkildə sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına start verilib. SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Avqustun 10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib. Bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Malllardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

 

Təhsil müəssisələri də mərhələli şəkildə açılır

 

Eyni zamanda xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilib.

Növbəti yumşalma qərarı ölkə ərazisində təhsil müəssisələrinin sentyabrın 15-dən mərhələli şəkildə açılması ilə bağlı olub. Bu tarixdən ilk olaraq ibtidai siniflərdə dərslər keçiriləcək. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının da açılmasına icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixədək bağçaların tam açılması nəzərdə tutulur.

 

Bu gündən əlavə yumşalma tədbirlərinə start verilir

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən əlavə yumşalma tədbirlərinə start verilib.

Belə ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 8 sentyabrdan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Eyni zamanda sözügedən tarixdən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul tarixli qərarına uyğun olaraq ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir. İctimai iaşə obyektlərinin daxilində xidmət göstərilən zaman isə aşağıdakı hallara nəzər yetiriləcək:

Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan normaqaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalı, bu müəssisələrin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.

 

Bu müəssisələrdə adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir

 

Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlars.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. İctimai iaşə obyekti dedikdə yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

Qaydalara əsasən, ictimai iaşə obyektinin açıq hava sahəsi dedikdə ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

 

Vətəndaş məsuliyyəti məhdudiyyətləri aradan qaldırır

 

Lakin ardıcıl şəkildə həyata keçirilən yumşalmalar vətənimizdə virusun tamamilə yox olması anlamına gəlməməlidir. Arxayınlaşmaq hələ tezdir və məhdudiyyətlərin aradan qalxdığı bu dövrdə qoyulan qaydalara daha məsuliyyətlə əməl edərək COVID-in yayılmasına mane olmalıyıq.

Reallıqdır ki, yumşalma tədbirlərinin davamlı olması birbaşa vətəndaş məsuliyyətindən asılıdır. Kiçik bir diqqətsizlik koronavirusa yoluxma hallarının artmasına, bu isə yenidən məhdudiyyətlərin tətbiqinə rəvac verə bilər.

Operativ Qərargah da mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Əgər gigiyenik tələblərə riayət edilməzsə, yumşalma tədbirləri yenidən məhdudiyyətlərlə əvəzlənə bilər.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-8 sentyabr.- S.1; 5.