Təhsil strateji hədəfimizdir

 

Yeni dərs ili qarşısında

 

Təhsil tarixin bütün dövrlərində cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edib. İndiki mərhələdə isə heç bir zamanda olmadığı qədər müstəsnalıq daşıyır. Gələcəkdə, şübhəsiz ki, təhsilin rolu, əhəmiyyəti daha da artacaq. Bu da təsadüfi deyil. İnsanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın ilkin şərti məhz keyfiyyətli təhsildir. Daim tərəqqi edən iri dövlətləri bu gün qərar tutduqları səviyyəyə gətirib çıxaran təbii resurslarla yanaşı, məhz bilik, savad, nüfuzlu ali məktəblər və elmin inkişafıdır.

 

Sabahımızın qarantı

 

Vətəndaşlarımızın rifahı üçün ardıcıl layihələr reallaşdıran Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin əsas məramı da dünyanın yeni çağırışlarına uyğunlaşmaq, cəmiyyətimizi bu günün və gələcəyin inkişaf meyillərinə hazırlamaqdır.

Müasir dövrdə bilik və bacarıqların əldə olunmasının, daim təkmilləşdirilməsinin ölkə üçün də, ayrı-ayrı fərdlər üçün də nə qədər böyük önəm daşıdığını Prezident

İlham Əliyev öz nitqlərində zaman-zaman vurğulayır. Ötən ilin noyabrında Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışı zamanı dövlət rəhbərimizin qeyd etdiyi fikirlər hər bir vətəndaşımız üçün gələcəyə doğru aydın yol bələdçisidir. Prezident İlham Əliyev deyir: "Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik”. Daha sonra xüsusi vurğulanmışdır ki, gərək imkan yaradaq bizim vətəndaşlara həmin peşələrə yiyələnsinlər: "Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”.

Bütün bunlar sadəcə bəyanat, cəmiyyət üzvlərinə verilən tövsiyələr deyil, dövlətin həyata keçirdiyi inkişaf siyasətinin ana xəttidir.

Prezident İlham Əliyev son onilliklərdə ölkənin əsas təbii sərvəti olan neftin insan kapitalına çevrilməsini Azərbaycan dövlətinin əsas strateji hədəflərindən biri kimi elan edib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür, davamlı islahatlar həyata keçirilir. Yaradılmış yeni təhsil mühiti, müasir yanaşmalar hazırda Azərbaycanda yeni bir nəsil yetişdirib. Çağdaş texnologiyalara bələd, geniş dünyagörüşünə, müvafiq bilik və bacarıqlara malik bu nəsil cəmiyyət həyatının ən müxtəlif sahələrində parlaq uğurlarla özünü ifadə edir. Onların fəallığı, peşəkarlığı, enerjisi, müasir texnologiyalarla iş vərdişləri ölkəmizi daha da gücləndirir və inkişaf axarında önə çıxarır.

Təhsil daimi dəyişikliklər tələb edən, davamlı şəkildə yenilənən sahədir. Ona görə Azərbaycanda da təhsil islahatları bir yerdə dayanmır. Son illər bu sahənin maddi-texniki bazası müasirləşdirilib. Ölkənin bütün regionlarında 3500-dən çox məktəb yenidən tikilib, yaxud əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara uyğunlaşdırılıb. Yeni binalar, korpuslar inşa olunub, təzə ali təhsil ocaqları yaradılıb. Elə son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qobu qəsəbəsindəki 216 nömrəli məktəbin yeni binasının, əsaslı təmirdən çıxmış Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA Universitetinin yeni tədris korpuslarının açılışı bunun bir nümunəsidir. Dövlət başçısı Bakının Nizami rayonundakı 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

UNEC-in müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. ADA Universitetinin isə iki yeni korpusu istifadəyə verilib. Bu korpuslarda da təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb. Dünyanın yeni təhsil trendləri nəzərə alınıb. Universitetin yüksək texnoloji imkanları sayəsində tələbələr həm onlayn şəkildə təhsil ala biləcək, həm də canlı dərslər keçiriləcək.

 

Faydalı təcrübə

 

Yeri gəlmişkən, məsafədən təhsil artıq günümüzün əsas reallıqlarındandır. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər dövründə bu təcrübə dünyada geniş yayıldı. Onlayn təhsilin nə qədər effektiv həll olduğunu hamı gördü. Azərbaycan da karantin dövründə onlayn təhsil metodlarından geniş faydalandı. Dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində məktəblər, müəllimlər yeni şəraitə sürətlə uyğunlaşaraq tədris prosesini məsafədən təşkil etməyə başladılar. Bu məsələdə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyaların imkanlarından da istifadə edildi. Beləliklə, təhsil prosesində böyük fasilələr yaranmadı. Proqnozlara görə, dünyada həyat normala dönəndən sonra da onlayn təhsil təcrübəsindən geniş istifadə ediləcək. Bu baxımdan karantin dövründə məsafədən tədris metodlarından istifadə Azərbaycan təhsili üçün faydalı təcrübə formalaşdırdı. Distant təhsil üçün öyrənmək istəyən hər kəsə açıq zəngin virtual baza formalaşdırıldı.

Təqdir olunan məqamlardan biri də budur ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər 2020-2021-ci tədris ilinə hazırlıq prosesinə də mane ola bilmədi. Hazırda şagirdlər üçün əvvəlcədən müəyyən edilmiş plan üzrə lazımi qədər dərsliklər çap edilib. Tədris müəssisələrinə qəbul prosesləri, digər tədbirlər uğurla həyata keçirilib. Karantinin hələ tam aradan qalxmadığı dövrdə məktəblərdə tədrisin mərhələli şəkildə başlanması üçün müvafiq qaydalar müəyyənləşdirilib və bu qaydalara uyğun olaraq tədricən təhsil müəssisələri öz fəaliyyətlərini bərpa edə biləcəklər.

 

Yeni mühit

 

Son illər təhsilimizdə ən xoş nailiyyətlərdən biri də Azərbaycanda xarici ölkələrlə birgə universitetlərin yaradılmasıdır. Artıq bir neçə müştərək universitet və xarici ölkələrdəki nüfuzlu ali məktəblərin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Həmçinin ayrı-ayrı xarici universitetlərlə birgə diplom proqramları uğurla tətbiq edilir.

Hazırda ADA Universitetinin perspektiv planında da Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi var. Bu ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı humanitar və təhsil sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, sənədlər imzalanıb. Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis olunması və belə bir təhsil ocağının yaradılmasının ADA Universiteti ilə birlikdə həyata keçirilməsi razılaşdırılıb. Yeni universitetdə müasir dünya iqtisadiyyatı üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı və qida biznesinə aid sahələr, arxitektura və dizayn peşələri, menecment, marketinq və digər sahələr üzrə kadrlar hazırlanacaq.

Bununla beynəlxalq təhsil təcrübəsi ölkəmizdə geniş yayılır. Ali məktəblər arasında rəqabət mühiti yaranır. Daha yüksək təhsil standartları müəyyənləşir. Bundan qazanan isə, təbii ki, cəmiyyətimizdir. Yüksək standartlara uyğunlaşdırılan universitetlərdə tələbələrimiz daha keyfiyyətli təhsil almaq imkanı əldə edir, qazandıqları müasir bilik və bacarıqlarla qlobal əmək bazarına maneəsiz olaraq qoşula bilirlər. Digər tərəfdən, nəzərə alaq ki, hazırda təhsil dünyanın əksər inkişaf etmiş ölkələri üçün ciddi gəlir mənbəyidir. Müasir dünyanın insanları təhsilə və bununla öz fərdi inkişaflarına, gələcəklərinə böyük investisiyalar qoyurlar. Keyfiyyətli təhsili təmin edən universitetlərdə müvafiq bilik və bacarıqlara yiyələnmək üçün hər il dünyanın müxtəlif ölkələrindən on minlərlə tələbə gəlir, yaxud distant qaydada müxtəlif təhsil proqramlarına qoşulur. Bu isə hər bir ölkə üçün böyük qazanc deməkdir. Azərbaycan da universitetlərin inkişafı ilə bağlı həyata keçirilən proqramlarla yaxın gələcəkdə dünyanın tanınmış təhsil mərkəzlərindən birinə çevriləcək.

UNEC-in açılışı mərasimindən hazırlanmış reportajlarda media Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın maraqlı bir ifadəsinə xüsusi diqqət yönəltdi. Mehriban xanım dövlətimizin bu universitetdə gördüyü işlərdən, gənc nəslin təhsili üçün yaradılmış yüksək şəraitdən məmnunluğunu "İnsan lap yenidən tələbə olmaq istəyir” sevinci ilə ifadə etdi. Həqiqətən, bu, eyni şəraiti indi məktəbəqədər tədris müəssisələrimizdən tutmuş universitetlərimizə qədər bütün təhsil müəssisələrində görüb müşahidə edən hər kəsin arzusudur. İnsan yenidən uşaqlığına, şagirdlik, tələbəlik dövrlərinə qayıdıb bu müəssisələrin imkanlarından faydalanmaq istəyir, özünü belə bir təhsil mühitində yetişdirərək gələcəyə hazırlamağa can atır.

Bu şəraitin yaradılmasında, son illər təhsil sahəsində əldə edilmiş parlaq nəticələrdə Mehriban xanım Əliyevanın misilsiz əməyi var. Birinci vitse-prezident bu sahədə həyata keçirdiyi təşəbbüslərlə təhsili Azərbaycan insanı üçün bir dəyərə çevirib. Bu sahənin həyatımızda nə qədər böyük önəm daşıdığını hər kəsə anladıb, təhsilə münasibətdə ictimai məsuliyyət hissi formalaşdırıb.

 

Müəllimin nüfuzu yüksəlir

 

Təhsilə göstərilən dövlət qayğısı, müəllim əməyinə verilən qiymət cəmiyyətdə bu şərəfli peşə sahiblərinin nüfuzunu yüksəldir. Təhsil işçilərinin peşəkarlığının yüksəldilməsi üçün tətbiq edilən proqramlar öz bəhrəsini verir. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqqı orta hesabla 2 dəfə artırılıb. Belə tədbirlər insanların dünyanın ən gözəl peşələrindən olan müəllim sənətinə bağlılığını gücləndirir. Onlarda böyük motivasiya yaradır.

Təkcə bir faktı qeyd edək ki, bu il müxtəlif məktəblərdə müəllim vəzifəsinə qəbul üçün 46 minə yaxın şəxs sənəd verib. Belə bir göstərici əvvəlki illərlə müqayisədə 3 dəfə çoxdur. Bu, təhsilin inkişafı istiqamətində əldə edilən nəticələrdən, eyni zamanda təhsil islahatlarına yüksək inamdan irəli gəlir və minlərlə şəxs arasından gənc nəslin gələcəyini etibar etməkdən ötrü məhz ən layiqlilərin seçilməsi üçün güclü rəqabət mühiti yaradır.

Cəmiyyətimizdə müəllimin nüfuzunun artmasının əsas göstəricilərindən biri də ali məktəblərə qəbul imtahanları zamanı kifayət qədər yüksək bal toplamış gənclərimizin məhz bu sənəti seçmələridir. Etiraf edək ki, illər əvvəl müəllim olmaq istəyənlərin sayı bu qədər çox deyildi. Gənclər daha yaxşı dolanışıq imkanı, maddi təminatlar vəd edən başqa ixtisaslara meyil göstərirdilər. Amma bu gün müəllimlik gənclərimiz üçün ən cəlbedici peşələr sırasında qərarlaşır. Böyüməkdə olan nəslin təlim-tərbiyəsində, gələcəyinin formalaşmasında onların rolu cəmiyyətdəki nüfuzunu getdikcə yüksəldir. Həm ayrı-ayrı fərdlərin, həm də toplumun müqəddəratı üçün bu müqəddəs peşə sahiblərinin nə qədər önəmli sima olduğunu hər kəs aydın şəkildə dərk edir.

 

Dördüncü Sənaye İnqilabı qarşısında

 

Təhsil sistemimizin ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalı olmasını da Azərbaycan Prezidenti əsas vəzifələrdən biri kimi aktuallaşdırır. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Sirr deyil ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiqi bəzi peşələri lazımsız edir. Artıq yaxın illərdə sıradan çıxacaq peşələrin bəlli bir siyahısı var. Bu peşələr üzrə mütəxəssis hazırlığının davam etdirilməsinə, təbii ki, ehtiyac yoxdur. Amma buna paralel olaraq, yeni peşələr ortaya çıxır. Dövlət rəhbəri yeni yaranan peşələr üzrə mütəxəssis hazırlığına ciddi diqqət yetirilməsini tapşırır. Həmin yaradılacaq peşələrin böyük bilik, savad və müasir texnologiyalar tələb etdiyini nəzərə alaraq gələcəkdə əhali arasında işsizlik probleminin yaranmaması üçün qeyd edilən məsələlər üzrə kompleks tədbirlərin həyata keçirilməsini, xüsusilə peşə təhsilinin diqqətdə saxlanmasını, eyni zamanda cəmiyyətdə bu sahədə maarifləndirmə işlərinin aparılmasını zəruri sayır.

Bu gün təhsil prosesinin əsas iştirakçıları müstəqillik dövründə doğulub formalaşmış nəsli təmsil edən şagirdlər və tələbələrdir. Bu nəslin nümayəndələri artıq təhsil işçiləri arasında da üstünlük qazanmağa başlayırlar. Ölkəmizin möhtəşəm gələcəyini keçmişin dəyərləri, zəngin ənənələri üzərində müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam olan bu nəsil formalaşdıracaq.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2020.- 9 sentyabr.- S.4.