Hasilat ahəngdar, gəlirlər sanballıdır

 

AÇG və "Şahdəniz” ölkə iqtisadiyyatına töhfələrini davam etdirir

 

Bu il yanvarın 1-dən sentyabrın 1-dək "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 2 milyard 657 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. Həmin dövrdə "Şahdəniz” yatağı üzrə qazkondensat satışından gəlirlər 232 milyon dollar təşkil edib.

Bu ilin səkkiz ayı ərzində "Şahdəniz” kondensatının satışından 166 milyon dollar vəsait daxil olub. Bu barədə məlumatı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) verib.

Xəzərin Azərbaycan sektorundakı AÇG və "Şahdəniz” yataqları hazırda dünyada istismar olunan ən böyük və zəngin karbohidrogen yataqlarıdır. AÇG 26 ildir etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir , 23 ilə yaxındır ahəngdar şəkildə neft və səmt qazı verir.

AÇG-dən indiyədək əldə olunan hasilatın həcmi bu ilin yanvar ayında 500 milyon tona çatıb. Bu yataqlardan ölkəmizə təmənnasız olaraq həmçinin ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazı təhvil verilib.

AÇG-də 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si emal, qazın kompressiyası, suvurmatexnoloji təchizat qurğusudur. Hasilat "Çıraq”, "Mərkəzi Azəri”, Qərbi Azəri”, "Şərqi Azəri”, "Dərinsulu Günəşli” və”Qərbi Çıraq” platformalarından həyata keçirilir.

Hazırda AÇG 7-ci hasilat platformasının yolunu gözləyir. Belə ki, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş çərçivəsində yeni bir platforma inşa edilir.

"Azəri Mərkəzi Şərqi” adlanan həmın qurğu gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə alınacağı nəzərdə tutulur.

"Şahdənizqaz-kondensat yatağından da hasilat ahəngdar davam edir. "Şahdəniz” qurğularının hasilat gücü gündə 56 milyon, ildə 20 milyard standart kubmetrdən çox mavi yanacaqdan ibarətdir.

"Şahdəniz”in ümumi ehtiyatları isə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi məhz bu yataq tanıdıb. "Şahdəniz” çəkilişi yekunlaşmaqda olan "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. Başqa sözlə, "Şahdəniz” ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək bir yataqdır.

Hazırda "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanılıb.

Qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizinin altından keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-ın 2021-ci ilin birinci rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilir.

Azərbaycan nefti və qazı dünya bazarlarına başlanğıcını Səngəçal terminalından götürən marşrutlarla çatdırılır. Xatırladaq ki, bu, dünyanın ən böyük neft-qaz terminallarından biridir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 9 sentyabr.- S.1; 4.