Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub

 

Sentyabrın 9-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib.

Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin fevralında İtaliyaya dövlət səfərinin böyük əhəmiyyəti vurğulanıb.

Səfir Auqusto Massari öz növbəsində ölkələrimiz arasında yüksəksəviyyəli strateji əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdirildiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, iki ölkənin sərhədində, Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatı, işğalçı ölkənin siyasi-hərbi rəhbərliyinin bölgədə gərginliyi artırmaq məqsədi güdən fəaliyyəti və bəyanatları, eləcə də Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfinə tarazlı yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğu, uzun illər ərzində müşahidə olunan bu kimi yanaşmanın Ermənistanın işğalçı siyasətinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqe ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2020.- 10 sentyabr.- S.2.