Keçidlər də yollar kimi insanların rahatlığına xidmət edir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il sentyabrın 9-da Mərdəkan-Zuğulba avtomobil yolundakı yerüstü piyada keçidinin açılışında iştirak edib. Keçid dövlət başçısının sərəncamına əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində tikilib.

Son illər sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, ümumiyyətlə, ölkənin hər yerində yol təsərrüfatının yenilənməsi də dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, həmçinin avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi əhəmiyyət verilir.

Paytaxtda bu istiqamətdə genişmiqyaslı işlər görülür. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub. Hazırda bu istiqamətdə işlər uğurla davam edir.

Bu ilin əvvəlindən Prezident İlham Əliyevin tikintisi sona çatmış bir sıra keçidlərin açılışında iştirak etməsi sözügedən infrastruktur obyektlərinin əhəmiyyətini bir daha vurğulayır.

Xatırladaq ki, Prezidenti İlham Əliyev bu il aprelin 3-də Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak etmişdir. Tədbirdə dövlət başçısı demişdir: "Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək”.

Paytaxtın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan kompleks tədbirlərin bir hissəsi kimi həmin yerüstü piyada keçidi mühüm əhəmiyyət daşıyır. Çünki bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yaranan tıxacların qarşısını da alır və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunur.

Keçidin uzunluğu 130, eni 3 metrdir.

İyun ayının 22-də isə Prezident İlham Əliyev paytaxtın Xətai rayonunun Neapol küçəsindəki yeni yerüstü piyada keçidinin açılışında iştirak etmişdir.

Bu keçid Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və açılışında Ulu Öndərin şəxsən iştirak etdiyi bu park həmin vaxtdan rayon sakinlərinin ən sevimli istirahət məkanına çevrilib.

Buradakı yeni yerüstü keçid də yüksək zövq, müasir texnologiyalar əsasında inşa olunubtam fərqli görkəmə malikdir.

Qeyd edək ki, ölkənin digər şəhər və rayonlarında aparılan tikinti, abadlıq-quruculuq işləri arasında keçidlərin və körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Məsələn, son vaxtlar Gəncəçay üzərində eyni vaxtda beş körpünün bərpası başa çatdırılıb. Bu il iyunun 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəncə şəhərinə səfər çərşivəsində həmin körpülərdə görülmüş işlərlə tanış olmuşlar.

Qəzalı vəziyyətdə olan bu körpülərin bərpası üçün Prezidentin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılmışdır. Beləliklə, həm piyadalar, həm də avtomobillər üçün körpülər üzərindən təhlükəsiz hərəkət etmək imkanı yaradılmışdır.

İnsanların rahatlığına və təhlükəsizliyinə xidmət edən yeni keçidlərin tikintisi davam edir. Bu günlərdə Prezidentin həmin qəbildən olan daha bir obyektin açılışında iştirak etməsi deyilənlərin əyani təsdiqidir.

Mərdəkan-Zuğulba avtomobil yolundakı yeni yerüstü piyada keçidinə böyük ehtiyac var idi. Bu səbəbdən də keçid tikilərkən ətrafda yaşayış massivinin, o cümlədən məktəbin olması, insanların daha çox yolun bu hissəsindən istifadə etməsi və digər amillər nəzərə alınıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir, onun mükəmməl konstruksiyası və bənzərsiz görkəmi var.

Bir sözlə, Azərbaycan və İtaliya mütəxəssislərinin birgə əməyinin bəhrəsi olan bu yeni keçid paytaxtın sakinlərinə və qonaqlarına dəyərli hədiyyədir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, sosialinfrastruktur layihələrinin icrası təxirə salınmayacaq. Bütün dünyanı pandemiyanın sınağa çəkdiyi bu çətin dövrdə ölkəmizdə bir-birinin ardınca yeni layihələrin gerçəkləşməsi bir daha göstərir ki, Prezidentimiz hər zaman olduğu kimi, yenə də sözünə və vədinə sadiqdir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 12 sentyabr.- S.1; 7.