Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı liderliyini əldən vermir

 

Müasir dünyada müxtəlif yönümlü elektron ticarət şəbəkələri çoxdandır ki, mövcuddur. Bu virtual ticarət meydançalarında çoxsaylı xidmətlərin, məhsulların istehsalçıları istehlakçılarla birləşmək, bizneslərini daha sürətlə faydalı məcraya yönəltmək imkanı qazanırlar.

Məlumdur ki, koronavirus pandemiyası dünya ticarətində ciddi fəsadlara səbəb olmuş, alıcılarla istehsalçılar arasında əlaqələr zəifləmiş, ticarət və xidmət sektoru böyük itkilərlə üzləşmişdir. Bununla qlobal ticarətdə və biznesdə yeni normaların və qaydaların gündəmə gəlməsinə zərurət yaranmışdır. Yeni norma isə mahiyyət etibarilə dəyişikliklər toplusunun kütləvi qəbulu və istifadəsi deməkdir. Bu qaydalara əsasən, biznes fəaliyyətini davam etdirmək üçün rəqəmsal münasibətlərin daha geniş tətbiqinə üstünlük verməli olmuşdur.

Bu səbəbdən rəqabətqabiliyyətli biznes işini onlayn təşkil edir, xidmətlərini məsafədən göstərir və əməkdaşlıqlarını videokonfranslar üzərindən qurur.

Pandemiyanın nə vaxt bitəcəyini proqnazlaşdırmaq hələlik mümkün deyil. Biznesdə isə pandemiyanın yaxın zamanlarda bitəcəyinə ümid bəsləmək mövqeyi itirmək, bazardan sıxışdırılıb kənara atılmaq deməkdir. Buna isə heç bir bazar iştirakçısı yol verə bilməz.

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının rəhbəri Nicat Əsədli postpandemiya dövründə yeni münasibətlər sisteminin formalaşmasının səbəblərini belə izah edir ki, bu sistem gündəmə çıxan çətinliklərə və yeni çağırışlara cavab vermək baxımından biznes üçün ənənəvi fəaliyyət formasından daha sürətli, səmərəli və əlverişlidir. Biznes rəqəmsal tranformasiyanın avantajları ilə hələ indi tanış olsa da, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağı (RTQ) yeni normanı hələ 2017-ci ildən tətbiq etməyə başlamışdır. Aradan keçən müddət ərzində RTQ bir çox istiqamətlərdə yeni layihələr tətbiq etməklə yanaşı, həm yerli, həm də xarici biznes nümayəndələrinə innovativ xidmətlər göstərmişdir.

Bizim RTQ Estoniyadan sonra dünyada ikinci elektronbirinci mobil rezidentlik təqdim edən platforma olmuşdur. m-Rezidentlərin məsafədən biznesə başlaması, bank hesabı açması və dövlət xidmətlərindən istifadə etməsi üçün inteqrasiyalar aparılmış, yeni imkanlar yaradılmışdır. Artıq yeni normanın üstünlüklərini anlayan 30 ölkədən 100-dən çox əcnəbi sahibkar proqrama müraciət və Azərbaycanın rəqəmsal rezidentliyini əldə etmişdir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi yeni norma yerli sahibkarları da əhatə edir. RTQ www.dth.az internet saytında onlayn vahid ixrac ərizəsi fərdi və hüquqi şəxslərə ixrac sənədləri üçün elektron müraciət imkanı təqdim etmişdir. Sahibkarlar indi asan imzaları ilə sərbəst satış sertifikatını tam onlayn qaydada ala bilirlər. Onlar yaxın zamanlarda mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatı və gömrük bəyannamələrini də onlayn vahid pəncərədən əldə edəcəklər.

Nicat Əsədli onu da qeyd edir ki, yeni norma mühitində təqdim olunan xidmətlərin ən son texnoloji infrastrukturun üzərindən qurulması zəruridir. Buna görə RTQ-də qurulmuş sistem üçün X-Road 6 və 7 texnologiyasından istifadə edilmişdir. Estoniya, FinlandiyaYaponiya kimi ölkələr tərəfindən tətbiq edilən bu sistemdən istifadə gələcəkdə beynəlxalq əməkdaşlıqlar zamanı informasiya mübadiləsinin daha sürətli və səmərəli həyata keçirilməsinə dəstək verəcək. Azərbaycanda məhz RTQ-də bu qabaqlayıcı sistemlərin tətbiqi növbəti illərdə "smart nation” konsepsiyasına keçidə təkan verəcək, 4-cü sənaye inqilabı fonunda regionda eyni adlı mərkəzin ölkəmizdə yaradılmasına zəmin yaradacaq.

Beləliklə, RTQ-nın həm yerli, həm də xarici biznes iştirakçıları, eləcə də dövlət və özəl sektor nümayəndələri üçün təqdim etdiyi yeniliklər istifadəçilərin məmnunluğunu artırmaqla yanaşı, pandemiya fonunda yaranan yeni normaya daha sürətlə keçməyə imkan verən katalizator rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, portalın bu potensialı haqqında beynəlxalq nüfuza malik portallarda geniş məqalələr dərc olunmuşdur.

Onu da qeyd etmək vacibdir ki, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq Azərbaycan Böyük Britaniyadan sonra RTQ yaradan ikinci ölkədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertləri belə hesab edirlər ki, bu layihə ilə Azərbaycan regionda qeyri-neft sektoru üzrə investorlar üçün olduqca cəlbedici ölkəyə çevrilib. RTQ qeyri-rezident investorların mövcud regionda investisiya layihələrini ən rahat və təhlükəsiz şəkildə həyata keçirmələri üçün unikal imkanlar yaradan mükəmməl iqtisadi addımdır. RTQ-nin təqdim etdiyi m-rezidentlike-rezidentlik vasitəsilə sənədləşmələri aparan bütün proseslər çox sadə və təhlükəsizdir. Ölkəmizdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezidentlər ölkəyə daxil olmadan, sərhədi keçmədən dth.az saytında qısa müddətdə qeydiyyatdan keçə bilirlər.

RTQ həmçinin beynəlxalq əməkdaşlıq istiqamətində GUAM, ISESCO, GazinformService, Asecco Data System kimi böyük qurumlarla işgüzar əlaqələr qurmuş, transsərhəd əməliyyatların aparılması, qarşılıqlı imzaların tanınması və bununla da ölkələrarası biznes əlaqələrinin yaxşılaşdırılması istiqamətində bu qurumlarla memorandumlar imzalamışdır.

RTQ artıq üç ildir ki, davamlı olaraq beynəlxalq konfranslara evsahibliyi edir. İldən-ilə əhatə dairəsi və iştirakçı sayı artan konfransların keçirilməsində məqsəd elektron ticarət və elektron kommersiya, mobilelektron identifikasiya, rəqəmsal hökumət sahələrində yeniliklərin tədqiq olunması, mövcud yerli və beynəlxalq təcrübə üzrə fikir mübadilələrinin aparılması, həmçinin innovasiyaların ictimaiyyətə doğru şəkildə ötürülməsidir.

Sözsüz ki, uğurlu inkişafdan, əldə edilən yüksək nailiyyətlərdən danışanda, ilk növbədə, aparılan islahatların məqsədyönlü olduğuna xüsusi diqqət ayırmaq lazımdır. Strateji yol xəritələrində də bu sahəyə aid islahat tədbirlərinə nəzər saldıqda rəqəmsal iqtisadiyyatın inkişafının öncədən və planlı şəkildə hədəflənmiş bir addım olduğunu görə bilərik.

Məhz Prezident İlham Əliyevin ölkədə informasiyakommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzərində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, həm də rəqəmsal layihələri dəstəkləməklə artıq regionda lider ölkələrin sırasındadır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2020.- 17 sentyabr.- S.1; 4.