Ermənilərin və Ermənistanın gürcülərə və Gürcüstana qarşı xəyanətləri

 

Bir neçə gün əvvəl BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən "Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İşğalçı Ermənistan Gürcüstan ərazisindən olan qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyan qətnaməyə dair keçirilən səsverməyə qatılmayıb. Qatılsaydı belə, Gürcüstanın maraqlarının müdafiəsinə yönəlmiş sənədin lehinə səs verə bilməzdi, çünki əlaltısı olduğu Rusiya Ermənistanı cəzalandıra bilərdi. Əleyhinə səs verdikdə isə gürcüləri daha da hiddətləndirərdi. Ermənistan guya hiyləgərlik işlətdi. Amma əslində bu dəfə də gürcü xalqına və Gürcüstana növbəti dəfə xəyanət etdi.

Bəziləri Ermənistanın bu hərəkətini təəccüblə qarşılayır. Hesab edirəm ki, burada təəccüblü heç bir şey yoxdur! Çünki ermənilər və Ermənistan həmişə gürcülərə və Gürcüstana xəyanət edib, ona arxadan zərbə vurub. Səsvermədə iştirak etməmək Gürcüstana edilən xəyanətlərin bəlkə də ən kiçiyidir. Bəs gürcü-erməni münasibətlərində ermənilərin və Ermənistanın gürcülərə və Gürcüstana hansı xəyanətləri olub?

Ermənilər Cənubi Qafqazda aborigen olmayıblar, heç bir zaman daimi yaşamayıblar. Onların indiki Gürcüstan ərazilərinə gəlib yerləşmələri bir neçə mərhələdə həyata keçirilib. Bu ünsürün dövləti olmayıb, daim digər dövlətlərin hakimiyyəti altında yaşayıblar. Yaşadıqları ölkədə dövlət hakimiyyətinə qarşı etdikləri xəyanətə görə qisas alınacağından qorxan ermənilər Ön Asiyaya gələrək türk torpaqlarına, Şərqi Anadoluya yerləşiblər.

Ermənilərin xarici ölkələrdən kütləvi surətdə Cənubi Qafqaza - Azərbaycan və gürcü torpaqlarına gətirilib yerləşdirilməsi çar Rusiyasının əvvəlki dövrlərdə müəyyənləşdirdiyi və XIX əsrin əvvəllərində isti dənizlərə çıxmağı hədəfləyən strateji niyyətlərinin reallaşdırılması cəhdləri ilə bağlı olub. Rusiya imperiyası Qara dəniz boğazlarına yiyələnmək, oradan Aralıq dənizinə və Hind okeanına çıxmaq məqsədilə Qacarlar və Osmanlı dövlətlərinə qarşı apardığı işğalçı müharibələr zamanı azsaylı erməni ünsüründən istifadə edib. Ermənilər yaşadıqları dövlətə xəyanət edərək arxadan zərbə vurublar.

Çar Rusiyası Cənubi Qafqaza "xristianlığın müdafiəsi” şüarı altında daxil olsa da, əslində yuxarıda qeyd edilən strateji niyyətləri naminə itaətkar və qul psixologiyasına malik olan ermənilərin böyük bir kütləsini Gürcüstanda Osmanlı ilə sərhəd ərazilərdə yerləşdirib. Ermənilərin Gürcüstanda yerləşdirilməsində çar Rusiyası Osmanlı dövləti ilə sərhədlərinin mühafizəsini, demoqrafik şəraiti dəyişdirib özündən daha çox asılı salmaq və mərkəzə sıx bağlamaq məqsədi güdüb. Gəlmə ermənilər Qara dəniz sahillərinə, Cavaxetiyə, İmeretiyə və başqa ərazilərdə ən münbit torpaqlara yerləşdiriliblər və çarizmin yaratdığı şərait nəticəsində hiyləgərliklə qısa müddətdə varlanıblar. Onlar çarizmin himayəsindən istifadə edərək gürcülərin torpaqlarına, mal və mülkünə yiyələnmək, gələcəkdə onlara mane ola bilməmələri üçün müqavimət gücünü zəiflətmək məqsədi güdüblər. Onlar indiki Gürcüstan ərazisində sadəcə olaraq yerləşməklə kifayətlənməyiblər, imperiya həyatı üçün əhəmiyyətli olan bütün sahələrə nəzarəti əllərinə almağa çalışıblar. Oğurluq və quldurluq yolu ilə varlanan ermənilər bankları, bazarları və xidmət sahələrini ələ keçiriblər.

Gürcü çarlığının ləğvində və gürcü xalqının müstəmləkəçilik əleyhinə qalxan üsyanların yatırılmasında ermənilər xüsusi qəddarlıqları ilə seçiliblər. Onlar bu dəfə də gürcülərə xəyanət edərək arxadan zərbə vurublar.

XIX əsrin ortalarından etibarən məqsədi Osmanlı dövlətini parçalamaq olan "Şərq məsələsi” meydana çıxdıqdan sonra imperialist dövlətlər niyyətlərinə çatmaqdan ötrü erməni ünsüründən istifadə ediblər. Yaranmış şəraiti qiymətləndirən ermənilər öz maraqlarını - torpaqlara yiyələnmək, varlanmaq və daxili idarəçiliklərini qurmaq üçün Osmanlı ərazisində fəallaşıblar.

Çarizm hakimiyyət orqanları tərəfindən yaradılan şərait nəticəsində qısa müddətdə varlanan ermənilər gürcüləri qriqorianlaşdırmaq və erməniləşdirmək üçün səylər ediblər. Gürcü kilsələrinin onlara məxsus olduğunu sübut etmək üçün geniş iş aparıblar.

1877-1878-ci illər rus-türk müharibəsindən sonra fəallaşan ermənilər ilk terror-siyasi təşkilatları olan Armenakan, Qnçak və Daşnaksütyunu qurublar. Başlıca məqsədi torpaqlar ələ keçirmək, gürcüləri yaşadıqları ərazilərdən qovmaq, boşalan yaşayış məntəqələrinə erməniləri gətirib yerləşdirmək və gələcəkdə xəyali "Böyük Ermənistan” qurmaq üçün zəmin hazırlamaqdan ibarət olan təşkilatların qurulmasında erməni kilsəsi özünəməxsus rol oynayıb. Təşkilatların proqramında hədəfə çatmağın vasitələrindən biri kimi terror göstərilib. Cənubi Qafqaza terroru ilk dəfə məhz erməni təşkilatları gətiriblər.

Erməni təşkilatları gürcü, rus və yəhudi əsilli varlı şəxslərə və məmurlara qarşı terror törədiblər. Pul əldə etmək üçün ayrı-ayrı şəxsləri hədələyib və bankları soyublar. İstədikləri vəsaiti verməyən şəxslər öldürülüb. Terrorçuların qurbanları arasında gürcülər də olub.

Məqsədlərinə nail olmaqdan ötrü təbliğatı aparmaq üçün erməni təşkilatları mətbuat orqanları və mətbəələr yaradıblar. Qəzet və jurnallarında ermənilərin uydurma "əzabkeş” obrazı təbliğ edilib, digər xalqlar, o cümlədən gürcülər məqsədyönlü şəkildə gözdən salınıb. Ermənilər arasında təbliğat digər millətlərə nifrət, digər xalqlar arasında təbliğat isə kosmopolit ruhda aparılıb.

Erməni terror-siyasi təşkilatları Tiflis quberniyasında silah və sursatı oğurluq yolu ilə toplayıblar. Partlayıcı maddələr hazırlayan sexlər qurublar.

Daşnaksütyun və digər erməni təşkilatları XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən Tiflis quberniyasında terror və qırğınlar törədiblər. Quberniyada 1903-cü ildən 1914-cü ilədək erməni terror təşkilatları qəddar fəaliyyətləri ilə seçiliblər. Erməni kilsə mülkiyyətinin dövlətin nəzarətinə alınmasına etiraz olaraq erməni təşkilatları Tiflisdə qarışıqlıq yaradaraq silahlı toqquşma törədiblər, nəticədə çoxlu gürcü xəsarət alıb və ziyan görüb.

İmperiya ərazisində 1905-1906-cı illərdə baş verən qarışıqlıqda xüsusilə seçilən erməni terror-siyasi təşkilatları təkcə türklərə, müsəlmanlara qarşı deyil, hətta himayədarları olan ruslara qarşı da qanlı terror aktlarını həyata keçiriblər. Onlar gürcüləri etnik təmizləməyə məruz qoyaraq yaşadıqları əraziləri genişləndirməyə çalışıblar.

Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Tiflis quberniyasında gürcü mənşəli məmurlar erməni terrorunun qurbanı olub. Bakı qubernatoru - gürcü millətindən olan M.A.Nakaşidze və məmur erməni terrorçuları tərəfindən öldürülüb. Törədilən hər bir terror aktına görə müəyyən edilmiş qonorar verilib.

Ermənilər gürcülərlə qarışıq yaşadığı kəndlərdə onlara qarşı təzyiqlər edib, mal və mülkünü oğurlayıblar. Qonşuluqda olan gürcü kəndlərinə isə gecələr hücum edərək təhdid altında saxlayıblar. Bununla da onları yaşamaq üçün çətin vəziyyətə salıblar.

Baş verən hadisələr çarizm orqanları tərəfindən imperiyaya qarşı deyil, milli qarşıdurma kimi təqdim edilsə də, erməni terror-siyasi təşkilatlarının başlıca məqsədi gürcüləri yaşadıqları kəndlərdən qovmaq, oraya xaricdən erməniləri gətirib yerləşdirmək, gələcək planlarını həyata keçirmək üçün onlara mane ola biləcək xalqları, o cümlədən gürcüləri zəiflətmək və müqavimət gücünü azaltmaq olub.

Tiflis quberniyasında yaşayan ermənilərin əksəriyyəti erməni dilini bilməyiblər, yalnız kilsəyə gəldikdə erməni olduqlarını anlayıblar. Beləliklə, erməni ünsürü terror təşkilatlarının təhdidi və kilsənin mənəvi dayağı ilə bir yerə toplanıb. Erməni kilsəsi də terror təşkilatlarının nəzarəti altında olub. Bu isə onu deməyə əsas verir ki, ermənilərin xalq kimi formalaşmasının təməlində terror təşkilatları və kilsə dayanıb. Həmin amillər bütün sonrakı dövrlərdə ermənilərin gündəlik həyat tərzinə, qonşularla münasibətlərinə, qurduqları Daşnak Ermənistanının, sovet Ermənistanının və Ermənistan Respublikasının daxili və xarici siyasətinə təsir edib.

Erməni təşkilatlarının başlıca məqsədi ilk mərhələdə özünüidarəçilik qurmaq olub. Çarizm Birinci Dünya müharibəsi ərəfəsində torpaq islahatı keçirmək istərkən erməni xadimlərinin ayrıca inzibati idarəçilik qurulmasını tələb etmələri həmin niyyətlərdən irəli gəlib. Lakin çarizm gürcülərin və azərbaycanlıların da bu istəklərə düşmələrindən narahat olaraq erməni iddialarını rədd edib.

Erməni terror-siyasi təşkilatlarının gürcülər əleyhinə fəaliyyətlərində Birinci Dünya müharibəsi illəri müəyyən yer tutur. Bu illərdə fəaliyyətlər bir neçə istiqamətdə aparılıb: Tiflis şəhəri çarizm hakimiyyət orqanlarının icazəsi ilə erməni "könüllüləri”nin hazırlanıb Qafqaz cəbhəsinə göndərildiyi yer olub; erməni təşkilatları və mətbuatı erməni ünsürünü tərifləyib, imperatora sədaqətli olan kimi təqdim ediblər, gürcüləri və digərlərini isə müxtəlif yollarla gözdən salıblar; hərbi əməliyyatlar zonasından qaçan ermənilərin bir qismini Tiflis quberniyasında yerləşdirməyə nail olublar; Tiflis şəhərinin idarəçiliyini, maliyyə və təsərrüfatını ələ keçiriblər. Erməniləri gürcü torpaqlarına yerləşdirməkdə başlıca məqsəd gürcülərə məxsus yaşayış yerlərindən onları sıxışdırıb çıxarmaq, xarici ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq və gələcəkdə uydurma "Böyük Ermənistan” qurmaq üçün zəmin hazırlamaq olub.

Dünya müharibəsinin gedişində - 1917-ci ilin fevralında Rusiyada monarxiyanın devrilməsindən sonra qurulan Müvəqqəti hökumətin zəifliyindən istifadə edən erməni terror-siyasi təşkilatları Cənubi Qafqazda, o cümlədən Tiflis quberniyasında mövqelərini möhkəmləndirməyə və şəraitə nəzarət etməyə çalışıblar. Müvəqqəti hökumətin regiondakı orqanlarına yerləşən erməni xadimləri gürcülər əleyhinə olan fəaliyyətlərini davam etdiriblər.

1917-ci ilin payızında Rusiyada bolşeviklər çevriliş yolu ilə Müvəqqəti hökuməti devirib hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazda yeni şərait yaranıb. Qafqaz cəbhəsi dağıldıqdan sonra geri çəkilən rus ordusu ilə bərabər Cənubi Qafqaza gələn erməni silahlı bandaları gürcülərə qarşı da qanlı terror aktları həyata keçiriblər.

Regionun inzibati mərkəzi olan Tiflisə toplaşan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin bolşevik hakimiyyətini tanımayaraq qurduqları Zaqafqaziya Komissarlığında, sonra isə Zaqafqaziya Seymində ermənilər üstün rol oynamağa çalışıblar.

Bu zaman erməni silahlı dəstələri gürcü xadimlərini hədələməklə və gürcü kəndlərini soyub-talamaqla da məşğul idilər. Həm komissarlıq, həm də ondan sonra qurulan seym erməni bandalarının cinayətkar əməllərini dayandıra bilməyib. Əsassız erməni iddiaları, daxili ziddiyyətlər və beynəlxalq şərait ucbatından Zaqafqaziya Seymi fəaliyyətini davam etdirə bilməyib. Gürcü Milli Şurası tərəfindən Gürcüstanın dövlət müstəqilliyinin elan edilməsi ilə Zaqafqaziya Seymi də dağılıb. Gürcüstanın dövlət müstəqilliyinin elan edilməsi erməni xadimləri tərəfindən xəyanət kimi qiymətləndirilib. Müxtəlif siyasi istiqamətli olmalarına baxmayaraq, erməni daşnakları və bolşevikləri gürcü xalqının azad seçiminə etiraz edərək düşmən münasibətdə olublar.

Azərbaycan torpaqlarında yaradılan Daşnak Ermənistanı və Gürcüstan ərazisindəki ermənilər müstəqil gürcü dövlətinin zəiflədilməsinə, habelə hökumət qurumlarının fəaliyyətinin normal həyata keçirilməsinə mane olmaqdan ötrü müxtəlif istiqamətlərdə fəaliyyət göstəriblər. İlk növbədə ermənilərin Gürcüstan ərazilərinə yerləşdirilməsi davam etdirilib. Xüsusən yoluxucu xəstəliklərə düçar olmuş erməniləri gürcü kəndlərinə və ya onlarla qonşu kəndlərə yerləşdiriblər. Daşnak Ermənistanı xəstə erməniləri qəbul etməkdən imtina edib.

Ermənistan hökuməti vətəndaşlığa dair məsələlərdə Gürcüstan dövlətinin daxili işlərinə qarışıb. Belə hesab edib ki, vətəndaşlıq haqqında Gürcüstanda qəbul edilən qanun erməni ünsürünə qarşı yönəlib.

Gürcüstan daxilindəki ermənilər İrəvandan verilən işarə ilə gürcü dövlətinin tezliklə məhv olacağına dair şayiələr yayıblar. Erməni mətbuatı gürcülər əleyhinə təbliğatı genişləndirib.

Ermənilər Gürcüstan ordusunu zəiflətməkdən ötrü fərarilik edərək anarxiya yaratmağa çalışıblar. Erməni gəncləri arasında ordu əleyhinə təbliğat aparılıb və təxribatlar törədilib.

Daşnak Ermənistanı Gürcüstana qarşı əsassız ərazi iddialarını irəli sürüb. İrəvan hökuməti mübahisəli məsələlərin həlli məqsədilə gürcü tərəfinin təklifi ilə başlanan danışıqlardan müxtəlif bəhanələrlə boyun qaçırıb. Keçirilən ikitərəfli danışıqları pozduqdan sonra Gürcüstan əleyhinə fəaliyyətlər daha da genişləndirilib və hərbi təcavüz üçün hazırlıq işlərinə başlayıb. Paralel olaraq Gürcüstandakı erməniləri dövlət hakimiyyəti əleyhinə qiyamlara və təxribatlar törətməyə təhrik edib.

Əsassız ərazi iddialarını həyata keçirmək üçün Daşnak Ermənistanı Gürcüstan Demokratik Respublikasına qarşı hərbi təcavüzə başlayıb. Müharibənin başlanması səbəblərinə tərəflərin baxışları fərqli olub. Ermənistan tərəfi Gürcüstanda yaşayan "erməniləri qorumaq adı altında” hərbi əməliyyatlara başladığını bildirib. Gürcüstan tərəfi bunu Ermənistanın xəyanəti, torpaq qoparmaq və hərbi təcavüz kimi qiymətləndirib.

Hərbi əməliyyatların gedişində təkcə hərbçilər deyil, minlərlə günahsız gürcü təcavüzkar Ermənistan ordusu tərəfindən öldürülüb, yaralanıb və əsir götürülüb. Gürcüstan iqtisadiyyatına ağır zərbə vurulub. Gürcüstan vətəndaşı olan ermənilərin böyük əksəriyyəti bu dəfə də dövlətə və gürcü xalqına xəyanət edərək təxribat törədiblər, körpüləri partladıblar, dəmir yol relslərini sıradan çıxarıblar, silahlı dəstələr yaradaraq əhalinin malını və mülkünü talayıblar.

Azərbaycanlılar isə orduya çağırılmamalarına baxmayaraq, könüllü dəstələr yaradaraq gürcülərlə çiyin-çiyinə işğalçı Ermənistana qarşı döyüşlərdə iştirak ediblər. Bu müharibədə azərbaycanlılar qəhrəmancasına həlak olublar.

Ermənistan və Gürcüstan arasında hərbi əməliyyatlar Qafqazdakı ingilis hərbi komandanlığının vasitəçiliyi ilə dayandırılıb və sülh bağlanıb. Müharibə nəticəsində Gürcüstan tarixən azərbaycanlıların yaşadığı Dağ Borçalısını (Lori) itirib. Buna baxmayaraq, Ermənistan tərəfi Gürcüstana qarşı olan ərazi iddialarından və düşmənçilik hərəkətlərindən imtina etməyib.

Bolşevik Rusiyası Ermənistanı işğal etdikdən sonra hakimiyyətdən gedən daşnakların yerini erməni bolşevikləri tutub. Rejim və ideologiya dəyişsə də, Gürcüstana və gürcülərə münasibətdə yürüdülən siyasətin mahiyyəti və məqsədləri dəyişməyib. Bolşevik Rusiyasının əlində alət olan Ermənistan SSR hökuməti Gürcüstan Demokratik Respublikasına qarşı düşmənçilik siyasətini yürüdüb, onu zəiflətməkdən ötrü müxtəlif üsullardan istifadə edib. Ermənistan sovet hakimiyyəti Gürcüstan ərazisində yaşayan erməniləri müstəqil gürcü dövlətinin süqutdan ötrü qiyamlara təhrik edib. Gürcü xalqı dövlət müstəqilliyini elan edən zaman ona düşmənçilik münasibəti bəsləyən ermənilər yenə də xəyanət edərək həmin müstəqil dövlətin yıxılmasında müstəsna rol oynayıblar. Gürcüstanın bolşevik Rusiyası tərəfindən işğal edilməsində erməni bolşevikləri müəyyən rol oynayıblar.

Xaricə mühacirət edən daşnaklar isə mətbu orqanları vasitəsilə Gürcüstana qarşı ərazi iddialarını gündəlikdə saxlayıb və təbliğ ediblər. Dərc edilən məqalələrdə gürcülər daim aşağılanıb.

Gürcüstan işğal edilib sovetləşdirildikdən sonra Mərkəzi hakimiyyət gürcü millətçiliyindən ehtiyat edərək bu respublikada ermənilərin təsirinin artmasına çalışıb. Onun yollarından biri sovet hakimiyyətinin ilk illərində xaricdən ermənilərin gətirilərək Cənubi Qafqaza, o cümlədən Gürcüstan ərazilərinə yerləşdirilməsi olub. Xalqlar dostluğu, qardaşlıq, dostluq və beynəlmiləlçilik şüarları adı altında Gürcüstana müxtəlif etnik qruplar, xüsusən erməni ünsürü kütləvi şəkildə köçürülüb. Ermənilər gürcülərlə yanaşı, türklərin, azərbaycanlıların, abxazların, acarların məskunlaşdığı ərazilərdə yerləşdirilib.

Bolşevik cildinə girən daşnaklar Gürcüstanda da dövlət və hakimiyyət orqanlarına daxil olaraq gürcülər əleyhinə fəaliyyət göstəriblər. Bəziləri gürcü ad və soyadlarını götürərək müxtəlif vəzifələr tutmağa nail olublar.

Ermənistan SSR də öz növbəsində daşnakların Gürcüstan SSR-ə qarşı olan ərazi iddialarını davam etdirib. Nəticədə sovet hakimiyyətinin ilk illərində Mərkəzin təzyiqi ilə Gürcüstan ərazilərinin bir hissəsi Ermənistana verilib.

XX əsrin 20-80-ci illərində xaricdə yaşayan erməni təşkilatları antigürcü fəaliyyətlərini davam etdiriblər. Mətbuat orqanlarında Gürcüstandan Axalkələkin qopardılması zəruriliyi təbliğ edilib. Bu ərazi uydurma "Böyük Ermənistan”nın bir parçası olaraq göstərilib.

80-ci illərin sonları - 90-cı illərin əvvəllərində gürcü xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə ağır və mürəkkəb şəraitin yaranmasından istifadə edən erməni icması Gürcüstanda daha da fəallaşıb. Müstəqillik illərində ermənilər özlərinin mövqelərini Tbilisi, Samtsxe-Cavaxeti, Abxaziya və Acarıstanda daha da möhkəmləndiriblər. Azad bazar iqtisadiyyatı şəraitində onlar idarəçilik, bazarlar, maliyyə, sənaye, təsərrüfat həyatı və informasiya məkanında vacib mövqelər tutublar.

Ermənilərin Gürcüstandan mühacirəti artsa da, ermənilər yeni şəraitə uyğun olaraq təşkilatlarını qurmağa başlayıblar. Qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin geniş şəbəkəsi qurulub. Erməni təşkilatları fəaliyyətləri üçün ideoloji mənbəyi XIX əsrdə yaradılmış erməni terror-siyasi təşkilatlarının proqramlarından götürüblər. Bununla da Gürcüstan daxilində dövləti təhdid edə biləcək hala gəliblər.

İndiki Gürcüstan ərazisinə ermənilər kütləvi olaraq XIX əsrdən etibarən köçürülmələrinə baxmayaraq, özlərinin aborigen olmalarını sübut etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ermənilər və erməni təşkilatları Gürcüstan dövlətinə və gürcü xalqına geniş anlamda bir neçə istiqamətdə təhdiddirlər. Ermənilər separatçı abxazlarla birlikdə Gürcüstan dövlətinə qarşı vuruşaraq növbəti dəfə gürcü xalqına və dövlətinə xəyanət ediblər. Ermənilər gürcü-abxaz müharibəsi zamanı gürcülərə qarşı xüsusi amansızlıq ediblər. "Baqramyan batalyonu” gürcü qadınlara, qocalara, uşaqlara və xəstələrə aman verməyib. Gürcüləri qovan ermənilər onların evlərini, mal və mülklərini ələ keçiriblər. Qeyd etmək lazımdır ki, erməni bandalarının separatçı Abxaziyada mülki gürcü əhalisinə qarşı törətdikləri qanlı əməlləri heç də "abxaz sevgisindən” irəli gəlməyib. Ermənilər Abxaziyada saylarını artırmaqla Qara dəniz sahillərində möhkəmlənməyə çalışırlar. Son illərdə Abxaziya separatçı qurumunda ermənilər idarəçilikdə daha çox yerləşərək təsiredici hala gəliblər.

Ermənilər Sxinvalidən gürcülərin qovulmasında və məhv edilməsində xüsusi rol oynayıblar. Onların malını və mülkün ələ keçirib, evlərinə yerləşiblər.

Samtsxe-Cavaxetidə erməni təşkilatlarının fəaliyyətləri gürcü xalqı və dövləti üçün təhdiddir. Qurulmuş partiyalar və qeyri-hökumət təşkilatları özlərinin təbirincə deyilərsə, "Cavaxk” adlandırdıqları ərazinin ermənilərə mənsub olduğunu hər vəchlə təbliğ edərək zaman-zaman muxtariyyət iddialarını gündəliyə gətirirlər. Erməni təşkilatları Gürcüstan dövlətini zəiflətməyi, gürcü xalqının müqavimət gücünü azaltmağı, ölkəni parçalamağı, "erməni torpağı” hesab etdikləri Samtsxe-Cavaxetini qoparıb Ermənistana birləşdirməyi son hədəf olaraq qarşılarına qoyublar. Onlar bu ərazini "tarixi torpaqları”, "ana vətənləri” hesab edərək bildirirlər ki, gürcülər Cavaxetiyə gəlmədirlər, burada onlara aid olan tarix və mədəniyyət abidələri yoxdur. Bölgədə erməni dilinin hakim olduğuna və hər yerdə Ermənistan bayrağının asılmasına rast gəlmək olar. Ermənilər hesab edirlər ki, onların varlığı, təhlükəsizliyi və inkişafı üçün təminatçı gürcü dövləti deyil, Ermənistandır. Bəzi erməni "xadimləri” isə irəli gedərək Samtsxe-Cavaxetinin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etsələr də, hesab edirlər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədiyindən "yeni cəbhə” açmağın zamanı hələ yetişməyib.

Erməni təşkilatları və "ekspertləri” Gürcüstanın Qərb ölkələri və NATO ilə əməkdaşlığına qarşı çıxırlar. Açıq şəkildə bildirirlər ki, Gürcüstanın NATO ilə əməkdaşlığı Ermənistanın və ermənilərin maraqlarına ziddir, əgər Gürcüstan NATO-ya üzv qəbul edilərsə, onda müvafiq tədbirlər görəcəklər.

Erməni təşkilatları azərbaycanlıları tarixi yurdu olan Kvemo-Kartlidən (Borçalı) sıxışdırmağa çalışırlar.

"Gürcülərsiz Gürcüstan” və "Gürcüstanda Ermənistan” şüarlarını bütün erməni ünsürü arasında yayan erməni təşkilatları erməniləri ən əlverişli ərazilərə və mövqelərə sahib olmağa çalışırlar. Acarıstanda ermənilər idarəçilik, xidmət və turizm sahələrində möhkəm yerləşərək geniş maliyyə imkanları qazanıblar. Bəzi erməni təşkilatları, ziyalıları və mətbuatı Tiflisi erməni şəhəri hesab edərək yazırlar ki, guya şəhərdə yaxşı nə varsa hamısı ermənilərə məxsusdur, Tiflis sonradan gürcülərin olub.

Gürcüstandakı erməni ünsürü və təşkilatları təbii olaraq özbaşına hərəkət etmirlər. Bir çoxu bilavasitə İrəvandan edilən maliyyə və təşkilati dəstəklə yaradılan bu təşkilatların üzərində Ermənistan Respublikasının müvafiq dövlət, hökumət və qeyri-hökumət təşkilatlarının böyük təsiri vardır. Ermənilərin qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların fəaliyyəti, onların Gürcüstanın daxili və xarici siyasətinə müdaxilə etməsi, antigürcü fəaliyyətlər göstərməsi məhz Ermənistan dövlətinin, bu ölkədə fəaliyyət göstərən müxtəlif siyasi, ictimai təşkilatların dəstəyi ilə baş verir.

Ermənistanla yanaşı, xaricdəki, xüsusən Rusiyadakı erməni diasporunun da Gürcüstanda erməni icması və erməni təşkilatları üzərində böyük təsiri var. Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları daha çox kənar qüvvələrin "5-ci kolonu” rolunu oynayırlar. Onların fəaliyyəti Gürcüstan dövlətinin zəiflədilməsinə, gürcü xalqının müqavimət gücünün aşağı salınmasına və kənar qüvvələrin məqsədlərinin həyata keçirilməsinə kömək edir.

Gürcülər və Gürcüstan əleyhinə fəaliyyətlərdə Erməni Apostol kilsəsi də müəyyən rol oynayır. Kilsə dini inanc məsələləri ilə yanaşı, ermənilərin "milli məsələlərini” gündəliyə gətirir, həmin hissləri qızışdırır və ölkənin daxili işlərinə müdaxilə edir. Kiləsəyə gələn ermənilər ibadət yerini daha çox siyasi diskussiya klubuna çevirdiklərindən fəaliyyəti geniş mənada Gürcüstan dövlətinin maraqlarına təhdiddir.

Gürcüstanda erməni məktəblərinin geniş şəbəkəsi mövcuddur. Ölkədə ermənilərin sayının azalması təbii olaraq erməni məktəblərinin də sayına təsir edir. Məktəblərin başlıca problemi şagird və müəllim çatışmazlığı olsa da, erməni təşkilatları bu vəziyyəti gürcü hökumətinin yürütdüyü təhsil siyasəti və ermənilərin əleyhinə olmaqla əlaqələndirirlər.

Gürcüstanda erməni dilli kütləvi informasiya vasitələrinin geniş şəbəkəsi qurulub və fəaliyyət göstərir. Zəngin erməni iş adamları və fondlar tərəfindən maliyyələşdirilən qəzet, jurnal, radio və televiziyalar, internet televiziya kanalları Gürcüstanda yaşayan erməni ünsürünün "maarifləndirilməsi” üçün nəzərdə tutulsa da, daha çox "ümumi erməni maraqlarını qorumaqla” məşğuldur. Həm çap, həm də elektron KİV-də erməni milli kimliyinin qorunması önə çəkilərək təbliğ edilən məqalələrdə Gürcüstanda tarix və mədəniyyət sahəsində ermənilərin rolu şişirdilir, icma problemlərinin mümkün həll yollarının tapılmasına, müzakirəsinə və axtarışına səylər edilir. Ermənilərin bütün problemləri üçün Gürcüstan hakimiyyət orqanları günahkar bilinir. Ermənidilli mətbuat orqanları başlıca məqsəd kimi erməni icmasının gürcü cəmiyyətinə inteqrasiyasını şüar kimi səsləndirsələr də, onlar separatçı xarakterli informasiyalar ötürür, dövlət daxilində "dördüncü hakimiyyət” vasitəsilə ayrı-seçkilik yaradırlar.

Ermənilərin Cavaxk təşkilatında bir araya gələn erməni politoloqlarının Gürcüstanda erməni dilinə rəsmi dövlət dili statusu verilməsini istəmələri barədə səsləndirdikləri fikirlər əslində dövləti təhdid etməkdir. Cavaxetidə "ermənilərə milli muxtariyyət” statusunun verilməsi tələbləri ilə yanaşı, bütün orta məktəblərdə, vilayət televiziyasında, regional mətbuatda, universitetdə, dövlət idarələrində bütün kargüzarlıq işinin erməni dilində olması və vilayət parlamentinin yaradılması təkliflərinin zaman-zaman səsləndirilməsi bir daha göstərir ki, Gürcüstandakı erməni kilsəsinin, din xadimlərinin, məktəblərinin və KİV-in fəaliyyəti gürcü dövlətini təhdid edə biləcək hala gəlib. Erməni ziyalıları, KİV və təşkilatları Gürcüstanın Abxaziya bölgəsini xəyali "Böyük Ermənistanın” Qara dəniz və ya Qərb sahili, "Kiçik Ermənistan” hesab edirlər.

İddialarını "əsaslandırmaq” üçün erməni "alimləri”, ilk növbədə, Gürcüstan ərazisindəki tarix və mədəniyyət abidələrinin mənsubiyyətini saxtalaşdırıb onlara yiyələnməyə çalışırlar. Ölkə ərazisindəki gürcü, qıpçaq, yunan və b. kilsələrin guya ermənilərə məxsus olmasına aid müxtəlif əsərlər yazmaqla, abidələr üzərindəki yazıları silmək və erməni yazıları əlavə etməklə saxta "əsaslar” yaradırlar, hər vəchlə gürcüləri gözdən salmağa çalışırlar. Bütün bunlarla yanaşı, erməni kilsəsi gürcü kilsələrini özünə tabe etdirmək üçün cəhdlər edir.

Gürcü tarixini məqsədyönlü şəkildə saxtalaşdıran erməni "tədqiqatçıları” bildirirlər ki, guya gürcülər Qafqazın yerli, aborigen əhalisi deyil, gəlmədirlər, gürcü tarixi erməni tarixinin bir hissəsidir, gürcülərin özünəməxsus tarixləri mövcud deyildir, gürcüləri ermənilər xristianlaşdırıblar. Belə bir fikri "əsaslandırmağa” çalışırlar ki, guya gürcülər böyük tarixi şəxsiyyətlər, dövlət adamları, elm, mədəniyyət, hərb xadimləri yetişdirə bilməzlər, gürcülərin məşhur adamlarının hamısı erməni əsillidir. Gürcü toponimlərini erməniləşdirməyə çalışan erməni "alimləri” bildirirlər ki, Gürcüstan ərazisindəki toponimlər erməni mənşəlidir, sonradan gürcüləşdiriliblər. Bütün bu uydurmalarda başlıca məqsəd Gürcüstanı parçalamaq, torpaqlarına sahib olmaq və gələcəkdə uydurma "Böyük Ermənistan” qurmaq üçün "elmi əsaslar” yaratmaqdır.

Erməni təşkilatlarının və "alimlərinin” gürcülər və Gürcüstan əleyhinə fəaliyyət istiqamətlərindən biri gürcü soyadlarını götürərək dövlət və hakimiyyət orqanlarına yerləşmələridir. Bu fəaliyyət üsulunun çarizmin Cənubi Qafqazı işğal etməsindən sonra keçən bir tarixi vardır. Elə bunun nəticəsidir ki, Gürcüstan Təhsil Nazirliyində müxtəlif vəzifələr tutan erməni əsilli məmurlar orta məktəbin tarix dərsliklərinə Gürcüstan - Azərbaycan və Gürcüstan - Türkiyə münasibətlərinə xələl gətirə biləcək "fakt” və "materialların” daxil edilməsinə şərait yaradırlar. Həmin dərslikləri oxuyan şagirdlərin gələcəkdə dövlət adamı, siyasətçi, ictimai xadim, yazıçı, jurnalist, alim və digər peşə sahibi olacaqları nəzərdən qaçırılmasa, bu fəaliyyətin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin soyuqlaşdırılmasına yönəldiyi aydın olur. Deməli, Gürcüstanda gürcü soyadları ilə dövlət və hakimiyyət qurumlarında işləyən ermənilərin fəaliyyətləri də dövlət üçün təhdiddir.

Erməni "alimləri” bildirirlər ki, guya gürcülər əlifba yaratmaq qüdrətində olmadıqlarından onlar üçün əlifbanı ermənilər hazırlayıblar. Gürcülər mədəniyyət baxımından guya ermənilərdən daim geridə qalıblar, Gürcüstanda yaxşı mədəniyyət abidəsi nə varsa, hamısı ermənilərin "əsəridir”. Erməni "tədqiqatçıları” gürcü musiqisi, mahnıları və mətbəxini də "erməniləşdirərək” bildirirlər ki, gürcü incəsənətində və mətbəxində yaxşı nə varsa, onları ermənilər yaradıblar.

Ermənilərdən fərqli olaraq Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar tarixin ən çətin və mürəkkəb zamanlarında gürcülərin yanında olublar, onlarla çiyin-çiyinə düşmənə qarşı döyüşüblər. Bu kömək özünü 1918-1919-cu illərdə Ermənistan - Gürcüstan müharibəsi zamanı bir daha göstərib. Ermənistan ərazi iddialarını təmin etmək məqsədilə Gürcüstana qarşı hərbi təcavüz edib hərbi əməliyyatlara başlayarkən azərbaycanlılar orduya çağırılmamalarına baxmayaraq, silaha sarılaraq gürcülərlə bərabər döyüşüblər.

Azərbaycanlılar Gürcüstanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da eyni fədakarlıqları göstəriblər. Onlar Abxaziyada separatçılara qarşı döyüşlərdə gürcülərlə bir cərgədə yer alıblar. Azərbaycan Respublikası da Gürcüstanı müdafiə edib.

Ermənistan Respublikasından fərqli olaraq Azərbaycan Respublikası daim gürcü xalqının və Gürcüstanın yanında olub, ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini birmənalı olaraq müdafiə edib və edir. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır”.

Azərbaycan Respublikası dövləti və həyata keçirdiyi layihələr Gürcüstanın iqtisadi inkişafının hərəkətverici qüvvəsidir. Gürcüstan da öz növbəsində tranzit ölkə kimi Azərbaycan üçün olduqca vacib tərəfdaşdır. İki ölkə həm də qədim tarixi tellərlə bir-biri ilə sıx bağlıdır. Görkəmli Azərbaycan yazıçısı və diplomatı Yusif Vəzir Çəmənzəminli Gürcüstan - Azərbaycan münasibətləri haqqında yazırdı: "Gürcüstan ilə dostluğumuz ən təbii bir haldır. Şimalda rus qorxusu və cənubda ola biləcək intriqalar gürcülər ilə azərbaycanlıları kip dostluğa məcbur edir. İki müstəqil dövlət üçün də hər işlərinə təcavüz edən qüvvələrə qarşı bir hazırlıq lazımdır. Bu dövlətlər hücum üçün deyil, müdafiə məqsədilə birləşdilər və əqd yapdılar. Bu əqdin sabit qalacağına əminik. İki dövlət arasında olan dostluq yalnız faydaya bağlı olduğunu söyləşmişdik. Gürcüstan - Azərbaycan dostluğunun iki tərəf üçün də böyük faydası var. Şübhə ola bilməz ki, həm Gürcüstan, həm də Azərbaycan müstəqil yaşamaq istəyir. Böylə olduqda Gürcüstan üçün bir qorxu baş versə, xətəri Azərbaycana da toxunacaq. Bu iki məmləkətin hürr yaşaması bir-birinə bağlıdır. Biri asudəliyini itirsə, o birisi də itirmək məcburiyyətində bulunar. Qafqazın dağlarını Qara dənizlə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik. Açıq dənizə yolumuz olmadığı üçün ölkəmizə mal ixrac və idxalını Gürcüstan təriqi ilə edəcəyik. Dost bir dövlət bizə bu yolda maneələr təşkil etməyəcək və ya ağır şərtlər qoymayacaq”.

Beləliklə, Gürcüstanın dövlət müstəqilliyi üçün başlıca təhdid Ermənistan Respublikasının təsiri altında olan erməni diasporu, təşkilatları və icmasının antigürcü fəaliyyətlərindən doğur. Həmin təşkilatların və erməni "tədqiqatçılarının” fəaliyyəti Gürcüstan dövlətinin altına qoyulmuş gec partlayan bombadır. Gürcüstan dövləti zamanında təsirli tədbirlər almazsa və gürcü xalqının müqaviməti olmazsa, bir neçə ildən sonra Gürcüstan daha böyük problemlərlə və qanlı hadisələrlə üz-üzə qala bilər. Heç əbəs deyildir ki, gürcü müəllifi Ş.Cavaxaşvili ermənilərin fəaliyyətlərinə münasibət bildirərək yazırdı ki, milli hisslərin təhqir olunması yolverilməzdir. Tarix bizə öyrədir ki, milli hisslərin təhqir olunması çox vaxt hərbi əməliyyatlara gətirib çıxarır ki, bunlar da qan tökülməsinə, insan tələfatına və maddi dəyərlərin məhvinə səbəb olur. Tarixi təcrübə və müasir reallıqlar göstərir ki, ilk əlverişli imkan düşən kimi ermənilər və Ermənistan gürcü xalqına və Gürcüstana arxadan zərbə endirəcəkdir...

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2020.- 17 sentyabr.- S.1; 5.