Abşeronla ölkəmizin neft-qaz sənayesində daha bir səhifə açılır

 

Prezident İlham Əliyev: "Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır”

 

"Abşeron” yatağının işlənməsi ilə Azərbaycanın neft-qaz sənayesinin daha bir səhifəsi açılır. Bu il sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yatağın dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi, "Abşeronda quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat alması layihənin necə əhəmiyyətli olduğuna bir daha diqqət çəkir.

Bu qurğular SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən tikilib. Şirkət Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqda quraşdırılacaq hasilat platforması da növünə görə nadirdir. Yəni qurğunu kənardan - "Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək mümkün olacaq. Başqa sözlə, "Abşeron” layihəsində Xəzərdə ilk dəfə "boru içində boru” texnologiyası tətbiq ediləcək.

Xatırladaq ki, "Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, suyun 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu isə o deməkdir ki, "Abşeronun istismarı Azərbaycanda təbii qaz hasilatının artmasına əhəmiyyətli töhfə verəcək.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai TeleviziyayaReal Televiziyasına verdiyi müsahibədə "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib.

"Abşeronqaz-kondensat yatağı üzrə ilk dəfə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdı. "Şahdəniz” qaz-kondensat yatağı üzrə müqavilədən sonra bu kontraktın da imzalanması onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.

Təəssüf ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Çünki qazılan kəşfiyyat quyusu boş çıxdı. Tərəfdaşlar görkəmli geoloqumuz Xoşbəxt Yusifzadənin quyunun yerinin düzgün seçilmədiyi barədə fikri ilə razılaşmadılar. Ona görə də müsbət nəticə alınmadı.

Sonrakı illərdə yatağa Fransanın tanınmış "Total” şirkəti maraq göstərdi və SOCAR-la bu şirkət arasında müvafiq sənədlər imzalandı, praktiki işlər aparılmağa başlandı. Nəticədə böyük qaz-kondensat yatağı aşkarlandı.

Dövlət başçısı "Abşeron” haqqında danışarkən demişdir: "Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeronun birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq.”

Deməli, "Abşeroneyni zamanda neft hasilatımızın sabit qalmasına böyük dəstək verəcək. Belə ki, yataqdan çıxarılan kondensat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinə vurularaq dünya bazarlarına göndəriləcək. Beləliklə, "Azəri-Çıraq-Günəşli”də mövcud olandavam edən təbii hasilat tənəzzülünü "Abşeron” yatağı bir qədər kompensasiya edəcək.

"Abşeron” layihəsi "Neft Daşları” ilə bağlı olduğundan bu, dəniz mədəninə də yeni həyat verəcək. Daha önəmli bir cəhət, qeyd edildiyi kimi, sözügedən qurğuların Azərbaycanın özündə istehsal olunmasıdır.

"Abşeron” layihəsinin gerçəkləşməsi ölkənin həyatında neft-qaz amilinin önəmini bir daha təsdiqləyəcək. Dövlət başçısı yataqdan ilk qazın və kondensatın nəzərdə tutulduğu vaxt - iki ildən sonra çıxarılacağına əminliyini bildirib.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.-22 sentyabr.- S.1; 6.