İlham Əliyevin prinsipial mövqeyi və yeganə şərti dəyişməzdir

 

Azərbaycan Prezidenti BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı

 

İştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev BMT Baş Assambleyasının Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda bir daha qətiyyətli və prinsipial siyasətini nümayiş etdirərək Ermənistanın məkrli siyasətini ifşa etdi. Cənab İlham Əliyev bu ali tribunadan istifadə etməklə növbəti dəfə bu ölkənin təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını dünya birliyinin diqqətinə çatdırdı.

 

Ermənistan öhdəliklərini kobud şəkildə pozur, beynəlxalq təşkilatlar isə susur

 

Hər zaman məkrli siyasəti ilə danışıqlar prosesini pozmaqla mövcud status-kvonu saxlamağa çalışan Ermənistan yenə də çirkin məqsədlər güdür. Təcavüzkar tərəfindən son günlərdə işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparılır. Hətta düşmən bunu nümayişkaranə bəyan edir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu isə buna seyrci mövqe nümayiş etdirir.

Cenevrə Konvensiyasına tamamilə zidd olan bu proses ilk növbədə cinayətdir və Ermənistanın terrorçu hakimiyyəti bunu şüurlu şəkildə edir. Məqsəd isə hər kəsə bəllidir. Təcavüzkar ölkə belə çirkin oyunları ilə Azərbycanı təxribata çəkir. Bu məkrli oyunlarla yanaşı, Ermənistan qoşunların təmas xətti və sərhəd boyunca mülki əhalini qəsdən hədəfə alır və təxribatlar törədir. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində bir mülki vətəndaşımızın həlak olması bunu təsdiq edir. Bundan əvvəl də dəfələrlə belə hadisələr baş verib, Ermənistan hətta körpə uşaqları da hədəfə alıb.

Cənab İlham Əliyev BMT tribunasından Ermənistanın son təxribatlarını bir daha dünyaya çatdırdı. Öncə Prezident BMT üzvlüyünə qəbul edilmiş dövlətlərin götürdüyü öhdəlikləri xatırladaraq bildirdi ki, bütün üzvlər təşkilatın nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyini və ərazi bütövlüyünü güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öz öhdəliyini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur.

Bu azmış kimi, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatlar törədir.

 

Təcavüzkar planlarının nəticəsi düşmən üçün ağır olacaq

 

Prezident dövlət və hökumət başçılarının diqqətinə çatdırdı ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Paşinyanın "Qarabağ Ermənistandır” bəyanatı isə danışıqlar prosesinə ciddi zərbədir: "O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Cənab İlham Əliyev Ermənistanın baş nazirinin digər təxribatçı əməllərini də diqqətə çatdırdı. Dedi ki, N.Paşinyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Bu da onu təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə, təcavüzə hazırlaşır: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bütün bunlara görə BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edən Prezident bir daha Azərbaycanın dəyişməz mövqeyini işğalçıya, onun havadarlarına çatdırdı. Prezident bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Xatırladaq ki, sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra televiziya kanallarına müsahibə verən cənab İlham Əliyev son hadisələrə görə Ermənistanın terrorçu hakimiyyətinə növbəti xəbərdarlığını ünvanlamışdı. Ali Baş Komandan bəyan etmişdi ki, işğalçının bu təxribatları davam etsə, əlbəttə ki, Azərbaycan öz siyasətinə yenidən baxacaq: "Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.-23 sentyabr.- S.1; 4.