Azərbaycan gücündən istifadə edərək ərazi bütövlüyünə nail olacaq

 

İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı

 

Ermənistan işğal siyasətini davam etdirməklə Cənubi Qafqazda ciddi təhdidlər yaradır. İşğalçı ölkə beynəlxalq hüquqa qarşı olduğunu da nümayişkaranə şəkildə meydana qoyur. Beynəlxalq qurumların isə məsələ ilə bağlı müvafiq addımlar atmaması vəziyyəti daha da kəskinləşdirir, BMT-nin qərarlarının kağız üzərində qalması təhlükənin miqyasını artırır. Azərbaycan hələlik beynəlxalq hüquqa sadiq qalaraq Ermənistanla olan problemin danışıqlar yolu ilə həllini istəyir.

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda deyib: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Bununla Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Digər tərəfdən, həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək ərazi bütövlüyümüzün təmininə nail olacaq.

Azərbaycan danışıqlar prosesində həmişə ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı münaqişənin məhz beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir.

Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 26 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Keçən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu, bir yana, "demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar.

Beləliklə, Prezident İlham Əliyevin çıxışı bir daha beynəlxalq ali tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Eləcə də dövlət başçısı hazırkı mərhələdə yeni torpaqların işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda Azərbaycana münasibətin nifrət üzərində qurulduğunu bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir.

Təbii ki, Ermənistanın istənilən addımı cavabsız qalmayacaq. Bu baxımdan Prezident İlham Əliyev həm də işğalçıya xəbərdarlıq etdi. Əl atacağı istənilən hərbi təxribata görə Ermənistan böyük fəlakət yaşayacaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-24 sentyabr.- S.1; 4.