Vətəndaşların sağlamlığı dövlətin əsas prioritetidir

 

Qısa zamanda səhiyyə infrastrukturunun COVID-19-la mübarizəyə istiqamətləndirilməsi pandemiyaya qarşı sipər oldu

 

Azərbaycanda yeni növ koronavirusa qarşı hərtərəfli mübarizə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün sahələrdə pandemiyanın qarşısının alınması istiqamətində qabaqlayıcı və zəruri tədbirlər həyata keçirilir. Görülən tədbirlər infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin, sağlamlığının və rifahının təmininə yönəlib.

Ölkəmizdə planlaşdırılmış düzgün fəaliyyət sayəsində qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi pandemiyaya qarşı sipər oldu. Maska istehsalı müəssisəsinin açılması, yeni laboratoriyaların təcili olaraq alınıb gətirilməsi, qısa zamanda COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanaların müəyyən edilməsi, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika”nın koronavirus xəstələrinin ixtiyarına verilməsi, sözün əsl mənasında, pandemiya ilə mübarizədə müsbət nailiyyətlər əldə olunmasına böyük töhfələr verdi. Təsadüfi deyil ki, hazırkı dövrə qədər 36 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.

Koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, həkimlərin sayının artırılması və təcrübə mübadiləsi məsələləri də kompleks şəkildə həll olunur. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlib və onlar koronaviruslu xəstələrin müalicəsi istiqamətində kömək göstərirlər.

 

Yeni təcili tibbi yardım avtomobilləri alınıb

 

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Dövlət başçısının tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülüb görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə bu ay gətirilib. Sentyabrın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Bu avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

 

Modul tipli daha 7 xəstəxananın tikintisi də nəzərdə tutulub, amma...

 

Pandemiya ilə mübarizə istiqamətində atılan addımlar sırasında modul tipli xəstəxanaların inşasının müstəsna əhəmiyyəti var. Bu tip xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmasında vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsi baxımından böyük rol oynayır.

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatdakı açılışındakı çıxışı zamanı Prezident İlham Əliyev məlumat verdi ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır: "Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - "Yeni klinika” açılmışdır. "Yeni klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir”.

Hazırda respublikamızda COVID-19 xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə və şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Gələcəkdə modul tipli 7 xəstəxananın tikintisi də nəzərdə tutulub. Lakın hazırda ölkədə xəstələrin sayı azaldığı üçün buna lüzum görülmür. Əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər.

 

Minlərlə insanın həyatı qorundu

 

Azərbaycanın pandemiyaya qarşı hərtərəfli mübarizəsi bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Qurum dəfələrlə Azərbaycanı nümunəvi ölkə adlandırıb, hazırda bu istiqamətdə gördüyü tədbirlərin də doğru olduğunu bildirir.

Xüsusilə vurğulamalıyıq ki, vətənimiz COVID-19-la yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mübarizə aparır. Artıq Azərbaycan 30-dan çox ölkəyə kömək əlini uzadaraq humanitar yardım edib, pandemiya ilə ümumi mübarizəyə böyük töhfə verib.

Göründüyü kimi, ölkəmiz COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində uğurlu fəaliyyət göstərir. Hökumət tərəfindən həyata keçirilən bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr, doğrudan da, çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”.

Son günlərin reallığı odur ki, koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı yüksəlir. Bu, həyata keçirilən effektiv mübarizənin uğurlu nəticəsidir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 24 sentyabr.- S.1; 7.