Yüksək siyasi nüfuzun və beynəlxalq etimadın göstəricisi

 

İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatını layiqincə təmsil etdi

 

Qlobal məsələlərin müzakirəsində fəal iştirak edən Azərbaycanın beynəlxalq miqyasda mövqelərini möhkəmləndirməsi müasir tariximizin əsas reallıqlarından biridir. Respublikamız öz təşəbbüsləri və layihələri ilə dünyada aktuallıq kəsb edən problemlərin həllində fəallıq göstərir, sülhə, təhlükəsizliyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa layiqli töhfələr verir.

 

Uğurlu siyasəti Azərbaycanı dünyada söz sahibinə və aparıcı dövlətə çevirib

 

Dövlətin yüksək nüfuzu, qlobal miqyasda söz sahibinə çevrilməsi onun rəhbərinin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Siyasi tarix bunu ayrı-ayrı dövlətlərin təcrübəsində sübuta yetirib. 1993-cü ildən sonra Azərbaycanda başlanan siyasət də güclü rəhbərin dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsindəki mühüm rolunu təsdiq edir. Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin bu gün lider qətiyyəti ilə həyata keçirdiyi siyasi xətt Azərbaycanı dünyada söz sahibinə, bölgədə isə aparıcı dövlətə çevirib.

Xüsusən son illərdə Azərbaycanın yüksək beynəlxalq nüfuzunu təsdiq edən bir çox hadisələr tariximizə həkk olunub. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı da dövlətimiz üçün mühüm siyasi hadisə oldu. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu iclasda həm də dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının (QH) sədri kimi çıxış etdi.

Azərbaycanın bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi QH-yə qoşulması bir neçə il əvvələ təsadüf edir. Hərəkat 1961-ci ildə təsis olunub, Azərbaycan isə 9 il əvvəl - 2011-ci ildə təşkilata üzv qəbul olunub. Lakin respublikamız öz xarici siyasəti ilə qısa müddətdə təşkilat daxilində böyük etimad qazanıb. Təsadüfi deyil ki, Azərbaycanın QH-yə üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin daha çox dəstək qazanmasına yol açıb. Təşkilatın yekun sənədlərində problemin respublikamızın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub.

Qoşulmama Hərəkatında iştirak ölkəmizin digər maraq və mənafelərinin də beynəlxalq müstəvidə təmin edilməsində əlverişli imkanlar yaratdı. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu göstərdi.

İlham Əliyevin QH-yə uğurlu sədrliyi göz önündədir. Məhz Azərbaycan Prezidenti öz dəyərli təşəbbüsləri ilə qurumun qlobal problemlərin müzakirəsində iştirakını gücləndirir. Ən mühümü odur ki, Prezident İlham Əliyev QH-nin sədri kimi BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına mühüm töhfə verir. Azərbaycan Prezidentinin QH-nin sədri kimi BMT Baş Assambleyasının koronavirus pandemiyasına həsr olunmuş Xüsusi sessiyasının çağırılmasına nail olması bunu təsdiq edir.

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında İlham Əliyev QH adından BMT-ni öz fəaliyyətini daha da gücləndirməyə çağıraraq dedi: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

 

Ali tribunadan Ermənistanın işğal siyasəti ifşa edildi

 

Prezident İlham Əliyev ölkəmizin mövqeyini bütün platformalarda ən yüksək səviyyədə qətiyyətlə dünyaya çatdırır. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası da bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqam növbəti dəfə Ermənistanın onun rəhbərliyinin işğalçı siyasətinin ifşa edilməsi oldu. Cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti ədalətli mövqeyini, beynəlxalq hüququn tələblərini Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş sənədlərə əməl etmədiyini bir daha dünya ictimaiyyətinə çatdırdı: "Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə ərazi bütövlüyünə qarşı güclə hədələməkdən gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Dağlıq Qarabağ probleminin indiyədək həll olunmamasının səbəbi Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq işğalçılıq siyasətinin yürüdülməsi olub. Bu da əslində forpost ölkə olan Ermənistanın daxilindəki ziddiyyətlərlə bağlıdır. Bu ölkədə istər 20 ilə yaxın hakimiyyətdə olmuş hərbi xunta, istərsə bu gün demokratiya pərdəsi altında yeni avtoritar rejim qurmuş N.Paşinyan həm diqqəti siyasi-iqtisadi problemlərdən yayındırmaq, həm iqtidarda qala bilmək üçün işğal siyasətindən əl çəkməyiblər.

Bu ilin iyulunda Tovuz istiqamətindəki təxribat, avqustda Goranboydakı diversiya cəhdi Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən növbəti hadisələr oldu. Beynəlxalq cinayət sayılan Livan ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ətraf rayonlara yerləşdirilməsi, həmçinin cəbhə xəttində hərbi fəallığın artırılması, könüllü hərbi birliklərin yaradılması kimi təcavüzkar ritorika göstəriciləri Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşmaq niyyətindən xəbər verir.

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Prezident İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu diplomatik məharətlə, baş vermiş hadisələrə nəzər salmaqla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, gərginliyin artmasına görə məsuliyyətin bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan etdi.

Bundan sonra baş verəcək istənilən hərbi toqquşma Ermənistanın faciəsinə fəlakətinə səbəb olacaq. Prezident İlham Əliyevin dediyi kimi, əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.-25 sentyabr.- S.1; 5.