Azərbaycan Prezidentinin BMT-nin səmərəliliyinin
artırılması üçün konkret təkliflərlə
çıxış etməsi olduqca
önəmli məsələdir
Qısa zaman kəsiyində iki mühüm çıxış... Hansı başqa ölkə özünü bu şəkildə dünyanın ən yüksək kürsüsündən təqdim etmək qabiliyyətində olub?
Bu gün bütün beynəlxalq təşkilatlar kimi Birləşmiş Millətlər Təşkilatı da çətin bir dövr yaşayır və məhz bu mürəkkəb dövrdə BMT-nin rəhbərliyinə gəlmiş insanlar bu təşkilatın səmərəliliyini artırmalı, xalqların təhlükəsizliyini və inkişafını təmin etmək üçün konkret addımların atılmasını tələb edən siyasət aparmalıdır. Məhz buna görə Prezident İlham Əliyev həm sentyabrın 21-də, həm də 24-də çıxışında Qoşulmama Hərəkatının sədri kimi, həmçinin Azərbaycan Respublikasının Prezidenti kimi BMT-nin səmərəliliyinin artırılması üçün konkret təkliflərlə çıxış etdi.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov qeyd edib ki, təkliflər içərisində sözdən əmələ keçid fəlsəfəsinin, bəyanatlardan konkret addımlara keçmə vaxtının artıq çoxdan gəldiyinin xüsusi vurğulanması önəmlidir. Məhz buna görə Prezident İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər içərisində BMT-nin qlobal səviyyədə nüfuzunun artırılması üçün konkret planın işlənilməsi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün mexanizmin yaradılması, qaçqın və köçkünlərin, yəni pandemiya dövründə ən həssas qrupa daxil olan insanların problemlərinin ilk öncə həll olunması, pandemiya dövründə ehtiyacı olan və imkanı olmayan təbəqələrə vaksinin ədalətli formada əlçatanlığının təmin olunması və dayanıqlı inkişaf məqsədlərinin bərqərar olunması üçün xüsusi səylər göstərilməsini qeyd etmək vacibdir.
Hər iki çıxışın özünəməxsus məntiqi mövcuddur. Bu məntiq yalnız Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin yaranması, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərlə və s. bu kimi məsələlərlə əhatə olunmur. Bu, sadəcə, faktların sadalanması deyil. Cənab Prezidentin çıxışı Ermənistanın faşizm ideologiyasından irəli gələn mövqeyinin, Azərbaycana qarşı aparılan siyasətin mahiyyətinin açılmasının məntiqi və fəlsəfi üslubda dünyaya təqdim olunmasını özündə ehtiva edirdi. Söhbət təkcə cinayətdən getmir, söhbət Azərbaycanofobiyadan, geniş mənada islamofobiyadan, insanlığa qarşı cinayətlərdən, yəni faşizmdən gedir. Bu ideologiyanın Ermənistanda cücərməsi, Daşnaksütyun və ASALA-nın terrorçu hərəkatları, Varujan Karapetyanın Fransada törətdiyi cinayətlər və həmin cinayətkarların azadlığa buraxılması, Ermənistana qayıtması, Ermənistanda insanlığa qarşı şovinist ideologiyanın formalaşması yolu yalnız faşizmə gətirib çıxarda bilərdi. Njdenin heykəli Ermənistanın bu gün hakimiyyətdə olan qüvvələrinin ideologiyası ilə yanaşı, Ermənistanda terrorçu ideologiyasının formalaşma tarixini göstərən nümunədir.
Bu iki
çıxış və xüsusilə sentyabrın 24-də
olan çıxış Ermənistanla
bağlı dünyaya ciddi
mesajların, məlumatların, Ermənistan tərəfdən
ciddi təhlükələrin mövcud olduğu
çıxışlar kimi qeydə
alındı. Bu gün
yuxarıda sadalanan və izah
olunan terrorçu və
faşist ideologiyasını
özündə ehtiva edən populist yanaşmalar regionumuzda təhlükə yaradırsa, bu, bütün dünya üçün
də böyük bir
təhdiddir. Sivil vətəndaş obyektlərini hədəf alan, uşaqları, qocaları öldürən,
torpaqları zəbt edən və yeni böyük müharibəyə
hazırlaşan Ermənistan özünü
də, ətrafını da,
dünyanı da böyük
bir müharibəyə sürükləyə
bilər. Bu isə BMT tərəfindən
mütləq nəzərə alınaraq qarşısı
alınmalıdır. Məhz bu
mesajları cənab Prezident dünyaya çatdıraraq xüsusi
qeyd etdi. Azərbaycan inkişaf etdiyi halda, əhalinin iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində düşündüyü halda
və ən əsası, dünyanı bürümüş
COVID-19 pandemiyası ilə mübarizə şəraitində
sosial proqramları həyata keçirdiyi halda, Ermənistan
yenə işğaldan, yenə müharibədən
və insanlara, azərbaycanlılara,
müsəlmanlara nifrətdən danışır.
Əminəm ki, BMT-nin
bu sessiyasında tam
açıqlığı ilə Ermənistanın siyasətini
ifşa edən dövlətimizin
başçısının çıxışı
hamı üçün vacib
bir məsələ kimi
qiymətləndiriləcək. Onu da qeyd etmək
lazımdır ki, məhz Ermənistan
BMT-yə qarşı çıxaraq öz
mövqeyini göstərmişdir. Baxın, o, BMT tərəfindən
yekdilliklə dəstəklənən, ancaq
məhz Türkiyənin nümayəndəsi olduğuna
görə Volkan Bozkıra qarşı
çıxmışdır. Özü pandemiya ilə mübarizə apara
bilmədiyi halda, pandemiya
ilə mübarizə üçün konkret təkliflər vermiş
Azərbaycan Prezidentinin fikirlərinə
qarşı çıxmışdır. Baxın, Ermənistan
dünyaya qarşı çıxır,
BMT-yə qarşı çıxır. Dünyaya
qarşı çıxan dünya tərəfindən
təcrid olunmalı və haqq-ədalət yoluna
gətirilməlidir. Belə olduğu halda, həm regionda sabitlik, həm dünyada tərəqqi
bərqərar olar. Cənab Prezidentin çıxışı məhz bu tərəqqiyə xidmət edir.
Azərbaycan.- 2020.-26 sentyabr.- S.3.