ASAN və şəffaf dəstək, rahat HƏYAT

 

Prezident İlham Əliyevin 4 il öncə Masallıda açılışını etdiyi ilk regional "ASAN Həyat” kompleksi vətəndaşların xidmət və istirahət mərkəzinə çevrilib

 

Əhalinin sosial problemlərinin həlli, geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığı təmin edən "ASAN xidmət” mərkəzləri bu gün Azərbaycanın müasir brendinə çevrilib.

Yaradıldığı gündən fəaliyyətini "vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan bu mərkəzlər 7 ildir operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında ölkə vətəndaşlarının xidmətindədir.

2016-cı ildən isə xidmətin fəaliyyətinin genişləndirilməsi fonunda yenilik yaşandı - "ASAN Həyat” kompleksləri yaradılmağa başlanıldı. Bu komplekslər vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif sahələri əhatə etdi. Belə ki, komplekslərin ərazisində "ASAN xidmət” mərkəzi ilə yanaşı, istirahət üçün parklar, kinoklublar, intellektual əyləncə obyektləri, ABAD mərkəzləri də cəmləşdi.

 

Uğurluqüsursuz fəaliyyət, karantin qaydalarına ciddi riayət

 

İlk belə kompleks respublikanın cənub bölgəsində - Masallı şəhərində yaradıldı. "ASAN Həyat” kompleksinin Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində açılışı oldu və mərkəz sentyabrın 20-dən fəaliyyətə başladı.

Artıq 4 ildir ki, kompleks cənub bölgəsində yaşayan vətəndaşlarımızın həm xidmət, həm də əyləncə, istirahət mərkəzinə çevrilib. Bu xoş, ürəkaçan mənzərəni görmək "ASAN xidmət” mərkəzinin 4 illik fəaliyyəti ilə tanış olmaq üçün Masallıya yollandıq.

Şəhərin Heydər Əliyev prospektində inşa olunan "ASAN Həyat” kompleksinin ətrafındakı parkda salınan yaşıllıq, gül-çiçəklərin ətri xoş ovqat yaradır. Kənardan tamaşa etdikdə kiçik bir şəhərciyi xatırladır bura...

Kompleks xüsusi zövqlə tikilən dördmərtəbəli "ASAN xidmət” mərkəzi və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Burada Heydər Əliyev İncəsənət Məktəbi, kinoklub, bank, kafe, "ABAD” mərkəzi və "ASAN İntellektualinkişaf mərkəzi də mövcuddur. İlk olaraq tanışlığa "ASAN xidmət” mərkəzindən başladıq.

Hazırda ölkəmizdə qlobal pandemiya ilə mübarizə tədbirləri davam etdiyi üçün burada da karantin qaydalarına əməl edilməsinə ciddi nəzarət olunur. Elə mərkəzə daxil olarkən də diqqətçəkən ilk məqam dezinfeksiya işlərinin aparılması oldu. Əvvəlcə xüsusi aparatla mərkəzə daxil olan insanların hərarətləri yoxlanılır, sonra əlləri spirtlənir. Məlumat Mərkəzindəki təcrübəli əməkdaşlar tibbi maskadan istifadə etməklə, ara məsafəsini qorumaqla, vətəndaşlara operativ xidmət göstərirlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə mərkəzin fəaliyyəti ilə bağlı söhbətimizdən bəlli oldu ki, 4 il ərzində mərkəz müraciət edən hər bir vətəndaşın probleminin həllində, məmnunluğunun təmin edilməsində nümunəvi xidmət ortaya qoyub.

Masallı regional "ASAN xidmət” mərkəzinə Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, SalyanNeftçala ərazisində qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlar müraciət etməklə lazımi sənədləri operativ və şəffaf qaydada əldə edə bilirlər.

Fəaliyyət göstərdiyi müddət ərzində 871986-dan çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Mərkəz fəaliyyəti dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərib. Səyyar xidmətlərdən bu bölgədə 152 mindən çox vətəndaş yararlanıb.

 

 

Məlumat Mərkəzi - fiziki məhdudiyyətli xanımın qüsursuz xidməti

 

Məlumat Mərkəzinin operativlik, nəzakətlilik prinsipləri əsasında çalışan əməkdaşları ilə həmsöhbət oluruq. Vətəndaşların qəbulu işi sektorunun baş mütəxəssisi Nərgiz Məcidli artıq 4 ildir burada çalışır. Lənkəran Dövlət Universitetinin məzunudur. Burada çalışdığı müddətdə böyük təcrübə toplayıb: "4 ildir ki, bu mərkəz fəaliyyətdədir. İstər işimizdə, istərsə də vətəndaşlarla ünsiyyətdə heç bir çətinliyim olmayıb. Karantin rejiminin tələblərinə ciddə əməl etməklə fəaliyyətimizi davam etdiririk. Vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq lazımdır və hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, hər birimizin sağlamlığının qorunmasına xidmət edir. Əlimizdən gələni edirik ki, vətəndaşlar məmnun qalsınlar”.

Nərgiz xanımla söhbət edərkən diqqətimizi çəkən bir məqam olur. Mərkəzin digər əməkdaşı İlahə Əhmədova stulda deyil, əlil arabasında əyləşib. Bu xanım fiziki məhdudiyyətlidir, amma kənardan baxanlar üçün hiss olunmur. O, 4 ildir burada fasiləsiz xidmət edir və işindən çox razıdır:

"Bəlkə də mərkəzə gələnlərin əksəriyyəti mənim fiziki qüsurlu olduğumu bilmir. Çalışıram ki, hər zaman gülərüz və nəzakətli şəkildə vətəndaşlara xidmət edim. Şəxsən mən hər zaman dövlətin qayğısını hiss etmişəm. Yaşadığım bədbəxt hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən məhrum bir insan kimi ümidsiz idim. Heç təsəvvürümə də gətirə bilməzdim ki, dövlət orqanında işə qəbul olunaram. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdaram. Mehriban xanıma etdiyim müraciətdən sonra məni xarici ölkəyə müalicəyə göndərdilər. İndi dövlətimizin diqqət və qayğısı nəticəsində daha ümidli, dünyaya yenidən göz açmış bir insan kimi həyatıma davam edirəm”.

 

534 könüllü - təmənnasız xidmət

 

Binanın birinci mərtəbəsində müxtəlif xidmətlər göstərilir. Burada uşaq guşəsi, könüllülər üçün ayrılmış masalar, kafe, Elektron Şikayət Köşkü var.

 

Müxtəlif sahələrlə bağlı xidmətə müraciət edənlərə könüllülər yardımçı olurlar. Əslində elə Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlanıb. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətindən xəbər verir. Təmənnasız olaraq kiməsə kömək etmək üçün mərkəzə müraciət edirlər. Burada da gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün şərait və imkanların yaradılması, onların bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük fəaliyyəti həyata keçirilir. Könüllülər müqavilə əsasında 2 ay müddətində çalışırlar. Müqavilədə göstərilən öhdəliklərlə 2 ay müddətində çalışan könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi sertifikat və xasiyyətnamə verilir.

Masallı regional "ASAN xidmət” mərkəzində indiyədək 534 könüllü fəaliyyət göstərib, onlardan 513 nəfəri məzun, 21 nəfəri isə cari könüllüdür.

Hər mərkəzdə olduğu kimi, burada da könüllülər arasında səmimi, mehriban münasibət var. Könüllülərdən - Yusif Niftiyev, Günay Gözəlova, Fərid Hüseynov, Şəfaqət Mustafayeva, Əli Hüseynov, Kərəm Aslanovla söhbət zamanı bəlli oldu ki, gənclər "ASAN Könüllülük” Məktəbinin "Master-1” və "Master-2” pillələrini başa vurub "ASAN xidmət” mərkəzlərində çalışmaq niyyətindədirlər.

Fərid Hüseynov deyir ki, könüllülük mərhəmət, xeyirxahlıq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Gulay Gözəlova isə hesab edir ki, könüllülük hər bir gəncin sosiallaşması üçün çox əlverişli imkandır. Şəfaqət isə vətəndaşlara nəzakətli xidməti, onlardan aldığı hər bir təşəkkürü böyük savab kimi qiymətləndirir.

Gənclərlə maraqlı söhbətdən bəlli olur ki, onlar çox nikbindirlər və bu məkan gələcək karyeraları üçün böyük imkanlar açacaq.

 

Vaxt itkisi, süründürməçilik, get-gəl artıq yoxdur

 

Könüllələrə uğurlar arzulayıb mərkəzdə müxtəlif xidmətlərdən yararlanan vətəndaşlarla həmsöhbət oluruq.

Masallı şəhər sakini, 62 yaşlı Gülxar Pənalıyeva notariat xidmətinə müraciət üçün mərkəzə təşrif buyurub. Deyir ki, ünvanlı sosial yardım üçün icra nümayəndəliyindən aldığı təsnifli arayışı təsdiq etdirib DSMF-nin aidiyyəti şöbəsinə təqdim edəcək: "Elə rahat və gözəl xidmət göstərirlər ki, adamın ürəyi dağa dönür. Sağ olsun dövlət, Prezidentimiz İlham Əliyev ki, vətəndaşın belə qayğısına qalır. Rahatca gəlirik, dərdimizi deyirik, bizi dinləyirlər, yol göstərirlər, sənəd verirlər çıxıb gedirik. Daha adi bir sənəd üçün idarələrin qabağında qalmırıq”.

67 yaşlı Nəsir Bəşirov isə bir müddət öncə açdırdığı VÖEN-i bağlatdırmaq üçün xidmətə müraciət edib. Deyir ki, bu xidmətin əvəzi yoxdur: "Əvvəllər çox çətin idi. Hər idarədə bir söz deyirdilər, biz də əsəbləşirdik. Bir sənədi almaq üçün günlərlə vaxt itirirdik. İdarələrin hərəsi də şəhərin bir tərəfində yerləşirdi. İndi lazım olan xidmətlər bir mərkəzdə cəmləşib. Allah Prezidentimi qorusun. Bizim rahatlığımız üçün əlindən gələni edir. Çox razıyıq. Heç 20 dəqiqə çəkmədi, sənədim hazır oldu. Əla xidmətdir, vallah”.

Şəhər sakini Cəmil Quliyev isə 3 yaşlı nəvəsi Murada şəxsiyyət vəsiqəsi almaq üçün gəlib. 50 yaşlı baba deyir ki, buraya gələndə uşaqlar da sevinir: "Həm işimizi görürük, həm də uşaqlar parkda əylənirlər, bizimkönlümüz şad olur. Dövlət vətəndaşın rahatlığı üçün bu cür yeniliklər edir. Bu da bizi məmnun etməyə bilməz. İstənilən sənədi "ASAN xidmət”dən alırıq”.

Lənkəran şəhər sakini, 59 yaşlı Siyasət Əkbərov isə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət edib. Dediyinə görə, cəmi 20 dəqiqəyə vəsiqəsini dəyişməyə nail olub: "Gəldim müraciət etdim. Köhnə vəsiqəmi təhvil verdim. Banka 25 manat ödəyəndən və çekini əməkdaşa təhvil verəndən sonra vəsiqəmi təqdim etdilər. Belə asan harda var. Çox rahatdı, bizbuna görə dövlətimizdən, ölkə rəhbərindən çox razıyıq. Onu da deyim ki, hər dövlətdə xalq üçün bu cür rahat şərait yoxdur. Sağ olsun ki, Prezident İlham Əliyev Azərbaycanda xalqa belə xidmət imkanı yaradıb”.

Vətəndaşlara yüksək və operativ xidmət göstərən mərkəzdəki ab-hava vətəndaşlarda xoş təəssürat yaradır. Bu, xidmətə müraciət edən şəxslərin mərkəzdən çıxarkən keçirdiyi sevinc hissi, üzlərindəki xoş təbəssümdən də hiss olunur.

 

Heydər Əliyev İncəsənət Məktəbi, "ABAD”, "ASAN İntellektualinkişaf mərkəzi, kinoklub

 

Biz bu xoş təəssüratlarla "ASAN xidmətmərkəzindən ayrılıb kompleksin ərazisindəki digər obyektlərə baş çəkirik. İlk olaraq yaxınlaşdığımız Heydər Əliyev İncəsənət Məktəbi xüsusi dizaynla inşa olunub. Burada müxtəlif sərgi, tədbir, təqdimat və təlimlər keçirilir. Məqsəd müasir Azərbaycan incəsənətini tanıtmaq və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır. Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən kitablar, jurnallar, fotoların olduğu maraqlı guşə də diqqət çəkir.

Müasir üslubda tikilən kinoklub isə uşaq və yeniyetmələrin daha çox əyləndiyi məkandır. Burada kafeiki kinozal var. Kafenin masaları elektrondur. Belə ki, müştərilər çay, kofe içə-içə stoldakı düyməni basıb elektron lövhəni yandırırlar. Sensorlu lövhədə bu gün üçün hansı filmlərin nümayiş etdiriləcəyi və ümumiyyətlə, filmlər haqqında məlumat əldə edirlər.

"ASAN İntellektualinkişaf mərkəzi isə cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişafda, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayır. Burada tez-tez məktəblərarası, rayonlararası intellektual yarışlar təşkil olunur.

"ABADisə ailə bizneslərinin formalaşdırılmasını, təsərrüfatlar vasitəsilə məhsulların istehsalını, xidmətlərin göstərilməsini və brendləşdirilməsini, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsini həyata keçirən mərkəzdir.

 

Elnur Niftəliyev diqqətə çatdırdı ki, Masallı "ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan "ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok - konteynerlər təqdim edilib. Bu günə qədər Masallıda 8 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə pendir, sosiska, kolbasa, tərəvəz konservləri və turşuları, mürəbbə-cem (3 ədəd konteyner) istehsal edilir.

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brendləşdirilməsi və qablaşdırılması "ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri "ABAD” satış mərkəzlərində və "BRAVO” şəbəkələrində öz yerlərini alıb. Bundan əlavə, "ABAD” Masallıda dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fərdi istehsal ilə məşğul olan 10 vətəndaşın əl işinin etno-butiklərində həm yerli əhali, həm də əcnəbi turistlərə satışını təmin edir. Bu sahələrə həsirçilik, dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir.

2018-ci ildən etibarən "ABAD” Masallı "ASAN Həyat” kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq peşəsi öyrədilir, həm də bu sənətə yiyələnən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda 2019-cu ildən etibarən kompleksin ərazisində "ABAD”ın etno-butiki də fəaliyyətə başlayıb. Burada "ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.

 

Azərbaycanın milli brendi

 

Yuxarıda qeyd etdiklərimizin, şahidi olduğumuzun hamısı bir məkanda - Masallı "ASAN Həyatkompleksində cəmləşib. Həm "ASAN xidmət”, həm də digər əyləncə və istirahət mərkəzləri vətəndaş rahatlığına xidmət edir. Kompleksə təşrif buyuran vətəndaşlar həm "ASAN xidmət” mərkəzinə hansısa sənədlə bağlı müraciət edir, həm də parkda istirahət edirlər. Gənclər isə asudə vaxtlarını intellektual inkişaf mərkəzində, kinoklubda keçirirlər.

Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan "ASAN xidmət” 2020-ci ildə 20 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla vətəndaşlara operativ, şəffaf xidmət göstərir. Əgər fəaliyyətə başlayanda 20 xidmət təqdim edilirdisə, bu gün dövlət orqanları, özəl şirkət, müəssisələrin təqdim etdiyi müxtəlif xidmətlərin sayı 320-yə yaxındır.

"ASAN xidmət” mərkəzlərindən 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Prezident İlham Əliyev Balakəndə sayca 20-ci "ASAN xidmət” mərkəzinin açılışında vurğulayıb ki, gələn ilin sonuna qədər Azərbaycanda 27 "ASAN xidmət” mərkəzi olacaq.

Əlbəttə ki, belə mərkəzlərin yaradılması ölkəmizin gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin söylədiyi kimi, "ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Bu, Azərbaycanın milli brendidir. Bu xidmət qısa müddət ərzində, cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda inqilab yaradıb.

Cənub bölgəsinin sakinləri də 4 ildir ki, onların ixtiyarına verilən Masallı "ASAN Həyat” kompleksinin əlverişli imkanlarından lazımınca yararlanırlar. Burada şahidlik etdiyimiz mənzərə də onu deməyə əsas verir ki, insanların rahatlığı üçün yaradılan bütün imkanlar, ilk növbədə, vətəndaş məmnunluğunu yüksəldir, xalq tərəfindən alqışlanır.

 

Rəşad BAXŞƏLİYEV

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 26 sentyabr.- S.1; 4.