“İlham Əliyevin ətrafında
səfərbər olmuşuq”
Siyasi
partiyalar Ali Baş Komandana tam dəstək verirlər
Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhə boyu əks əməliyyata başlaması ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi.
50 siyasi partiya sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Bu məsələ ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.
Düşmən
layiqli cəzasını alır
Əli ƏHMƏDOV,
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi:
- Düşmən növbəti təxribatını törətdi. Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələri erməni yaraqlıları tərəfindən atəşə tutulur. Dünyada sülhün keşiyində duran və yardılmasının 75 illiyi qeyd edilən BMT-nin yubiley ilə bağlı Baş Assambleyasının keçirildiyi bir zamanda Ermənistan müharibə təxribatına əl atır. Bu, bütün dünyaya meydan oxumaq deməkdir. Bütün dünyada sülhə xəyanətdir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz düşmənə ağır və sarsıdıcı zərbələr endirir. Düşmənin başını əzmək, torpaqlarımızı azad etmək zamanıdır. İgidlərimiz bunu bacarır və edəcək. Qələbəni gözləyirik!
İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir.
Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”
Ordumuzun zəfəri
hər kəsi qürurlandırır
Qüdrət HƏSƏNQULİYEV,
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri:
- İlk növbədə xalqımızı, Ali Baş Komandanı, zabit və əsgərlərimizi torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz qələbələr münasibətilə təbrik edirəm. Son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmcinin Ermənistanın hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi.
Birinci vitse-prezident Mehriban xanımın Qərb ölkələrində, Pakistanda apardığı uzunmüddətli humanitar iş bu gün öz müsbət nəticəsini göstərməkdədir. Bu istiqamətdə MM-in sədri Sahibə Qafarovanın Moskvaya səfərini, xüsusilə Rusiya Federasiya Şurasındakı çıxışını da çox yüksək qiymətləndirirəm. Onun Qarabağın tarixi və mövcud vəziyyət barədə rus senatorlarına ünvanlanan çıxışı erməni lobbisinin təsiri altında olan rus ictimaiyyəti üçün bir yenilik idi. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin səylərini də qeyd etmək lazımdır. Məhz ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla görülmüş işlərin nəticəsidir ki, dünya birliyinin Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətinə ilkin yanaşmasını pozitiv qiymətləndirmək olar.
Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə, qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulisi Akara, Mustafa Şentopa və bütövlükdə türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkkür etməliyik. Yaxın qonşularımız və tarixi əlaqələrimiz olan Rusiya və İranın ilk bəyənatlarını müsbət qiymətləndiririk. Onlar işğalçı ölkəyə dəstək verməyəcəkləri təqdirdə qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq, regionda öz mövqelərini gücləndirəcəklər. Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin. Müharibə uzanarsa, ona müdaxilə edənlərin sayı da artacaq.
Ali Baş Komandanın əmr və
göstərişini yerinə yetirməyə hazırıq
Fazil MUSTAFA,
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri:
- Bütün əmr, göstəriş və tapşırıqlarını yerinə yetirməyə tam hazırıq!
Böyük
Quruluş Partiyası Ermənistanın
işğalçı qüvvələrinin döyüş
aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə Azərbaycan Ordusunun
komandanlığı tərəfindən
qoşunlarımızın bütün cəbhə boyu əks-hücum
əməliyyatına başlaması barədə qərarını
tam dəstəkləyir.
Partiya
strukturlarında təmsil olunan hər bir
üzvümüzün Ali Baş Komandanın Vətənin
müdafiəsi uğrunda bütün əmr, göstəriş
və tapşırııqlarını yerinə yetirməyə
tam hazır olduğunu bəyan edirik.
Bütün
qüvvələr birləşməli, Ali Baş Komandanın
qərarına tabe olmalıdır
Razi
NURULLAYEV,
Milli Məclisin
deputatı,
Milli Cəbhə
Partiyasının sədri:
- İşğalçı Ermənistanın növbəti
hərbi təxribatı ilə üz-üzə qalmışıq. Bu dəfə
isə düşmənə bütün cəbhəboyu kəskin
cavab verilib və şanlı Ordumuz işğalda olan kəndlərimizi
və bir sıra yüksəklikləri azad edib.
Düşmən
yaşayış məntəqələrimizi atəşə
tutur, dinc insanları hədəfə alır: Azərbaycan
Ordusu isə ancaq hərbi hədəfləri vurur və beynəlxalq
qanunlara əməl edir. Belə bir məqamda
siyasi mövqeyindən, baxışlarından asılı
olmayaraq bütün qüvvələr birləşməli,
Ali Baş Komandanın qərarına tabe olmalıdır.
Bu, Vətən, namus savaşıdır. Ortada Vətən savaşı varsa, başqa məsələlər
kənara qoyulmalıdır. Biz Milli Cəbhə
Partiyası olaraq, Prezident İlham Əliyevi dəstəkləyirik.
Bizim heç kimin torpağında gözümüz
yoxdur. Torpağımıza təcavüz edilib. Lakin
Azərbaycan 30 il qabaqkı dövlət
deyil. Bizim güclü Ordumuz var.
İşğalçı Ermənistan və onun hamiləri
bilsin ki, qələbə bizim olacaq. Azərbaycan
güclü dövlətdir. Ordumuz Cənubi
Qafqazın ən güclü ordusudur. Belə
bir məqamda dövlətin, Prezidentin və Silahlı Qüvvələrimizin
yanında olmalıyıq. Ordumuz bizim
dayağımızdır, ona güvənməliyik”.
Dövlətimizin, ordumuzun
gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir
Fərəc
QULİYEV,
Milli
Dirçəliş Hərəkatı Partiyasının sədri:
- Ermənistan
silahlı qüvvələrinin döyüş aktivliyinin
qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə Azərbaycan Ordusunun
komandanlığı tərəfindən
qoşunlarımızın bütün cəbhəboyu əks-hücum
əməliyyatına başlaması barədə qərar
verilib. Təbii ki, bu vəziyyətdə hər
bir təşkilatın və vətəndaşın əsas
vəzifəsi dövlət ətrafında birləşmək
və mərkəzi hakimiyyətin qərarlarına tabe
olmaqdı.
Hazırkı vəziyyətlə bağlı xalqa səslənirik
ki, düşmən hücumları və yaratdığı
təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə
və xalqımıza qarşıdır. Ona görə
də dövlətimizin, ordumuzun gücünə güc qatmaq
xalq olaraq əsas qayəmizdir. Bunun
üçün isə mərkəzi hakimiyyətin
addımları diqqətlə izlənilməli və maksimum dəstək
nümayiş etdirilməlidir. Biz Milli
Dirçəliş Hərəkatı Partiyası olaraq
bütün üzvlərimizi dövlət ətrafında
sıx birləşməyə çağırırıq.
Partiya sədri başda olmaqla, təşkilatın
bütün üzvləri Ali Baş Komandanın əmrindədir
və əsgər kimi ordu sıralarına qatılmağa
hazırdır.
Təcrübədən bilməliyik ki, Ermənistanın
Azərbaycana qarşı təcavüzündə maraqlı
olan digər dövlətlərin ölkəmizdəki
casusları təxribat xarakterli məlumatlar yaymaqda
maraqlıdırlar. Ona görə də xalqı mərkəzləşmiş
məlumat mənbələrindən yararlanmağa və təxribat
xarakterli şayiələrə uymamağa
çağırırıq. KİV-i isə
xəbər qaydalarına və xəbər mədəniyyətinə
riayət etməyə səsləyirik.
Aktiv
müharibə vəziyyətindən "5-ci kolon”un siyasi nümayəndələrinin və ya mənfəətçilərin
kiçik siyasi maraqlar naminə yararlanmaqları yolverilməzdir.
Xalq olaraq cəbhədəki gərginlikdən
siyasi qərarlar çıxarmağa çalışanlara
qarşı olmalıyıq və bu cür halları təxribat
kimi qiymətləndirməyi bacarmalıyıq.
Bütün sınaqlarda olduğu kimi, bu gün də
bir dövlət və xalq kimi, birliyimiz müşahidə
olunur ki, biz bunu qorumağı bacarmalıyıq və təxribatlara
uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə
gedən əməliyyatlar Azərbaycan Ordusunun nəzarətindədir.
Təbii ki, kimdən hansı dəstəyi almasından
asılı olmayaraq, çökmüş Ermənistanın
qandan qorxan erməni əsgəri, anadan əsgər doğulan
oğulların qüdrətli ordusunun qarşısında məğlub
olmağa və qaçmağa məhkumdur! Biz MDHP olaraq ən
qısa zamanda xalqımızı Böyük Qələbə
Günü münasibəti ilə təbrik edəcəyimizə
əminik!
Ali Baş Komandanın
yanındayıq
Qulamhüseyn
ƏLİBƏYLİ:
Aydınlar
Partiyasının sədri:
- Azərbaycan Ordusu işğalçı Ermənistanın
növbəti təcavüz cəhdini uğurla dəf etdikdən
sonar əks-hücuma keçib. İşğal
olunmuş ərazilərimizin düşməndən təmizlənməsi
əməliyyatına başlayan ordumuzla qürur duyuram.
Aydınlar
Partiyası olaraq Azərbaycan torpaqlarının azad
olunması uğrunda başlanmış savaşda dövlətimizin,
Silahlı Qüvvələrimizin və onun Ali Baş
Komandanının yanındayıq, bütün siyasi
partiyaları, vətəndaş cəmiyyəti
institutlarını, xalqımızı milli həmrəylik
göstərərək düşmənə layiqli cavab verməyə
çağırırıq.
Bütün partiya üzvlərinə və tərəfdaşlarımıza
müraciət edərək Silahlı Qüvvələrimizi dəstəkləməyi,
imkanları daxilində ümumi qələbəmizə
kömək etməyi, könüllü kimi ordu
sıralarına yazılmağı xahiş edirəm.
Azərbaycan
öz torpağı uğrunda mübarizəyə qalxıb
Bədrəddin
QULİYEV,
Cümhuriyyət
Xalq Partiyasının sədri:
- Son
dövrlərdə işğalçı Ermənistanın
istər cəbhənin təmas xəttinə, istərsə də
dövlət sərhədinə ağır artilleriya, texnika,
canlı qüvvə yerləşdirməsi bir daha onu göstərdi
ki, onlar iyul hadisələrindən dərs götürməyiblər.
Əksinə, sentyabrın 27-də səhər
saatlarında ermənilər cəbhə xəttində
geniş hərbi təxribata əl atıb, artilleriya atəşinə
başlayıb, nəinki hərbi mövqeləri, eyni zamanda,
mülki əhalini hədəfə aldılar. Lakin Azərbaycan Ordusu bunun cavabını verərək,
əks-həmlələr etdi. Rəsmi məlumatlarda
bildirilir ki, döyüş vəziyyəti Azərbaycan
Ordusunun tam nəzarətindədir və artıq bir sıra kəndlər,
həmçinin yüksəkliklər düşmən
işğalından azad edilib.
Azərbaycan
dövləti qətiyyətli şəkildə öz torpaqlarının
müdafiəsini təmin edir və Azərbaycan Prezidenti, Ali
Baş Komandanımız xalqa müraciətində bir daha
bildirdi ki, Qarabağ Azərbaycandır!
Cümhuriyyət Xalq Partiyası adından, şəxsən
öz adımdan bütün siyasi qüvvələri Ali
Baş Komandanın ətrafında birləşməyə
çağırıram. Bu gün Azərbaycan
xalqının öz torpaqları uğrunda mübarizəyə
qalxdığı, qələbə ruhunun Azərbaycana gəldiyi
bir gündür. Məhz bu gün naminə
bütün qüvvələr birgə olmalıdır. Hər birimiz Vətən üçün, dövlət
üçün, bayraq üçün canımızdan belə
keçməyə hazır olmalı, Ali Baş
Komandanımızın əmrini müsəllah əsgər
kimi yerinə yetirməliyik.
Bu gün Azərbaycanda daxili milli birlik
formalaşdırılıb. Bütün bunlar, eyni
zamanda, siyasi dialoqun verdiyi nəticədir. İnanıram
ki, ölkəmizin taleyüklü məsələləri ilə
bağlı birliyimiz davamlı olacaq və biz işğal
altındakı torpaqlarımızı azad etdikdən sonra daha
yüksək inkişafa nail olacağıq.
Gözlənilən an
yetişib
Əsli
KAZIMOVA,
Azərbaycan
Sosial Rifah Partiyasının sədr müavini:
- Bu
gün çoxdandır gözlənilən an
gəlib yetişib və artıq şəhidlərimizin
qanı yerdə qalmayacaq. Qarabağ həsrəti
ilə analarımız, atalarımız həyatdan
köçməyəcək. Artıq mənim
xalqımın nümayəndələri qaçqın və
məcburi köçkün adını daşımayacaq!
30 illik işğala son qoyacaq bir cəsarətə,
siyasi iradəyə sahib dövlət başçımız
illərdir ikili standartlara xidmət edən beynəlxalq təşkilatları
qınayaraq, ədalətsizliyə son qoymağa səslədi. Biz də, bu
mövqeyə dəstək verməliyik. Torpaqlarımıza
sahib çıxmalıyıq. Azərbaycan
xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli
duruşu və siyasi iradəsi ilə ruhlanmalıdır.
Bu gün xalqımın hər bir fərdini Heydər
Əliyevin dillərə dastan olan həmrəylik
şüarı ilə, İlham Əliyevin qətiyyətli
duruşu və siyasi iradəsi qarşısında birlik və
həmrəy olmağa çağırıram.
Tovuz hadisələrindən sonra düşmən tərəfindən
yeni bir təxribat qəbuledilməzdir. Ermənilərin
bu addımı Ermənistanın regionda sülhün
qarşısında ən böyük təhdid olduğunu bir
daha sübuta yetirdi. Azərbaycan
Prezidentinin siyasi iradəsi sayəsində sadəcə
torpaqlarımızı düşməndən azad etmək
deyil, eyni zamanda, Regionda sülhün və ədalətin brəqarar
olmasına da nail olacağıq!”
Tarixi ədalət, beynəlxalq
hüquq bizim tərəfimizdədir
Mais
SƏFƏRLİ,
Yurddaş
Partiyasının sədri:
-
Düşmənin hücumunun qarşısını almaq
üçün, Vətənimizin, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə Azərbaycan Ordusu
bütün cəbhəboyu əks-hücuma keçib. Cəbhənin
ən gərgin bölgələrində - Tərtər,
Ağdam, Füzuli, Cəbrayıl istiqamətində yerləşən
ön xətdəki hərbi hissələrimiz, raket və
artilleriya bölmələrimiz, hərbi aviasiyamız, zirehli
texnikamız və digər qoşun birləşmələrimizin
qarşılıqlı fəaliyyəti ilə Ermənistan
silahlı qüvvələrinə sarsıdıcı zərbələr
vurulub.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində
deyildiyi kimi, bizim işimiz haqq işidir. Tarixi ədalət,
beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin
üzərinə düşür. Yurddaş
partiyası Ali Baş Komandanın, şanlı Ordumuzun
yanındadır. Partiyamızın minlərlə
üzvü silaha sarılaraq əsgərlərimizin
sıralarına qoşulmağa hazırdır. Əmr
gözləyirlər!
Partiyamız bütün xalqımızı, vətəndaşlarımızı,
siyasi təşkilatları, vətəndaş cəmiyyəti
institutlarını milli birliyə çağırır. Möhkəm birliyi olan xalqa,
dövlətə heç kim qalib gələ
bilməz! Səbirsizliklə gözlədiyimiz Vətən
müharibəsi artıq başlayıb. Hər birimiz qələbə
naminə çalışmalı, qələbə
üçün əlimizdən gələni etməliyik!
Biz meydanda tək deyilik. Qardaş Türkiyə, böyük
türk dünyası, Pakistan, Ukrayna bizim
yanımızdadır. Zəfər yaxındadır! Allah Azərbaycan
əsgərini, Azərbaycanımızı qorusun!
Azərbaycan haqq məsələsini
müdafiə edir
Yunus
OĞUZ,
Milli Vəhdət
Partiyasının sədri:
- İndi ölkənin, dövlətin çox həssas
məqamıdır. İndi siyasi, mənəvi və əqidə
mövqeyi yalnız dövlətin və onun rəhbəri, Ali
Baş Komandan İlham Əliyevin istiqamətə yönəlməli,
siyasi mənsubiyyətindən asılı olmayaraq hamı onun
ətrafında birləşməlidir. Həm
partiya rəhbəri, həm media kapitanı, həm də
sıravi vətəndaş kimi Ali Baş Komandanın əmrinə
hazıram. Biz birlikdə güclüyük!
Bu gün Azərbaycan haqq məsələsini müdafiə
edir. Çünki bütün dünya dövlətləri
Azərbaycanın ərazi bütövlüyünü
tanıyırlar. Hesab edirəm ki, bu həmçinin
antiterror əməliyyatı da adlandırıla bilər.
Çünki Dağlıq Qarabağa Livandan və
Suriyadan terrorçu qruplar gətirilib.
Ordumuz bu əks-hücum nəticəsində bir sıra
kəndlərimizi işğaldan azad edib. Təbii ki, bu
məqam bizim ordumuzun gücünü göstərir. Digər tərəfdən Ermənistanın baş
naziri Nikol Paşinyan ölkədə hərbi vəziyyət
elan edib və əhali ümumi səfərbərliyə
alınıb. Bu onu göstərir ki, Azərbaycan
Ordusu səfərbərlik elan edilmədən Ermənistan
ordusu ilə döyüşməyə hazırdır və
bunun öhdəsindən layiqincə gəlir. Faktiki olaraq müharibə gedir. Bu
isə Azərbaycan Ordusunun yüksək səviyyəli
döyüş hazırlığından, qətiyyətindən
və görəcəyi işlərdən xəbər verir.
Azərbaycan xalqı torpaqlarımızın
işğaldan azad edilməsini arzulayır və bunun
üçün də hamımız bir yerdə
olmalıyıq. Əlbəttə ki, hər şey vətən
üçün, hər şey cəbhə üçün
olmalıdır. Bu məsələdə hər
kəs cənab Prezident və Ali Baş Komandan İlham
Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında
birləşməlidir. Bu zaman Azərbaycan
əsgərlərinin gözü arxada qalmayacaq və qətiyyətlə
irəli gedəcəyik.
Ordumuzun qalibiyyət əzminə,
dövlətimizin gücünə inanırıq
Əlisahib
HÜSEYNOV,
Milli Həmrəylik
Partiyasının sədri:
-
Düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycana
qarşı elan olunmamış müharibəyə başlayıb.
Ermənistan silahlı qüvvələrinin cəbhəyanı
ərazilərdə sıx şəkildə yaşayan
mülki insanları və ictimai obyektləri atəşə
tutması qəsdən və planlı şəkildə həyata
keçirilib. Bu, cəbhəyanı ərazilərimizin
sakinlərində qorxu hissinin və
çaşqınlığın yaranmasına
hesablanmış bir addım idi.
Lakin Azərbaycan
Ordusu düşmənin bütün təxribatlarının və
xaincəsinə hücumlarının qarşısını
alaraq və əks-həmlə tədbirləri həyata
keçirdi və bu gün də proses davam edir. Biz Ordumuzun
qalibiyyət əzminə, dövlətimizin gücünə
inanırıq!
Ali Baş Komandanımız İlham Əliyevin də bəyan
etdiyi kimi, "Bu gün Azərbaycan Ordusu öz
torpağında Azərbaycanın ərazi
bütövlüyünü qoruyur. Ermənistan əsgərinin
bizim torpaqda nə işi var?! Bu işğala son
qoyulmalıdır və qoyulacaq! Biz haqq
yolundayıq. Bizim işimiz haqq işidir.
Biz zəfər çalacağıq!”
Milli Həmrəylik Partiyası olaraq bütün siyasi
qüvvələri birliyə, həmrəy olmağa dəvət
edir, hər kəsi Ali Baş Komandanın və ordumuzun
yanında olmağa çağırırıq. Bu gün
siyasi əqidə fərqlərinin bir kənara qoyulduğu,
xalq-dövlət və xalq-ordu vəhdətinin nümayiş
etdirilməli olduğu bir məqamdır.
Bütün hallarda düşmən məğlubiyyətə
məhkumdur. Ermənistanı nə hərbi vəziyyət və
ümumi səfərbərliyin elan edilməsi, nə də ki,
xarici ölkələrdən gətirilən muzdluların,
terrorçuların təpədən-dırnağa qədər
silahlanması xilas edə bilməz. Ermənistan
öz cəzasını alacaqdır. Biz Azərbaycan
Ordusunun bu müharibəni zəfərlə başa
vuracağına inanırıq. Çünki
Ordumuz haqq işi uğrunda, Vətən torpaqlarının
işğaldan azad edilməsi uğrunda döyüşür.
Hamımız
bir nəfər kimi Qələbəyə köklənmişik!
Ordumuz xalqımızı növbəti
zəfərləri ilə sevindirməkdə davam edəcək
Sübut
ƏSƏDOV,
Azərbaycan
Respublikaçılar Partiyasının sədri:
- Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı yenidən təxribata əl atdılar və yenə də mülki vətəndaşlarımız həlak oldular. Azərbaycan Ordusu buna cavab olaraq düşmənə ağır zərbələr vurub onu geri oturtdu. Üstəlik torpaqlarımızın bir hissəsini də düşməndən azad etdi.
Bu, hər şeydən əvvəl Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Əldə edilən ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı partiyamız adından təbrik edirəm. Bəli, bu gün bütün xalqımız, həmçinin qeyri-hökumət təşkilatları işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edən ordumuzun şücaətindən qürur duyur. Azərbaycan Respublikaçılar Partiyasının çoxminli üzvləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən əməliyyatı yüksək dəyərləndirir.
Partiyamızın üzvləri yaşlarından asılı olmayaraq cəbhəyə getməyə və hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazırdır.
Şübhəsiz, Azərbaycan Ordusu xalqımızı növbəti zəfərləri ilə də sevindirməkdə davam edəcək. İşğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Lələtəpədə olduğu kimi, Şuşada, Xankəndidə dalğalanacaq.
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 29 sentyabr.- S.9.