Könüllülük hərəkatı sumqayıtlıları birləşdirir

 

Sumqayıtda son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yol infrastrukturu yenilənir, yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadlar təmir olunur. Şəhərdə bütün sahələrdə aparılan işlər gələcəyə hesablanan hədəfdir və bu prosesdə hər kəs öz gücünü sərf etməkdədir.

Xüsusi karantin rejimi şəraitində çalışan sumqayıtlılar əsl fədakırlıq nümunəsi göstərmiş, pandemiyaya qalib gəlmək üçün verilən qaydalara riayət etmişlər. Şəhərdə bununla bağlı əhali məlumatlandırılmış, maarifləndirmə işləri genişləndirilmişdir.

Bu istiqamətdə fəaliyyət göstərən könüllülər şəhər həyatının bir qüvvəsinə çevrilib. İlin əvvəlindən başlayan hərəkatın sıraları genişlənməkdə, qüvvə nisbəti fərqli dərəcədə çoxalmaqdadır. İctimai işlərdə daha çox fərqlənən könüllülər keçirdikləri bütün tədbirləri uğurla yerinə yetirmişlər.

Belə tədbirlərdən biribu günlərdə baş tutub. Sumqayıt Şəhər İcra Hakimiyyəti və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib. Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası zamanı sahilyanı ərazilər tullantılardan təmizlənib.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaqbütün gəncləri dənizin ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

Xəzərin sahilində keçirilən bu tədbirdə əvvəl yalnız könüllülər iştirak edib. Sonradan sahildə istirahətə gələn insanlar da onlara qoşularaq birlikdə tullantıları toplamış və bu hərəkatın iştirakçısına çevrilmişlər.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2020.- 27 sentyabr.- S.4.