Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb

 

Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar "5 Ulduz Hərəkatı" partiyasından olan senator Canluka Ferraraya, İtaliya parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri, "Liqa" partiyasından olan deputat Rossana Boldiyə, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, "Liqa" partiyasından olan senator Stefano Lucidiyə, İtaliya Senatında "İrəli İtaliya" siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotiyə və İtaliya Senatının "Yaşasın İtaliya" partiyasından olan üzvü, senator Mauro Marinoya məktublar ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlarla bağlı ədalətli mövqeyə görə minnətdarlığını bildirən Azər Kərimli qeyd edib ki, İtaliya parlamentinin adıçəkilən üzvləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyüsuverenliyini dəstəkləməkdə dəyişməz mövqeyin ifadə olunması yüksək qiymətləndirilir. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə haqlı münasibətiniz beynəlxalq hüquqa hörmətin bariz nümunəsidir. Bu cür dəstək münaqişənin beynəlxalq səviyyədə qəbul olunmuş norma və prinsiplər çərçivəsində həllinə kömək edəcək. Bütün beynəlxalq ictimaiyyətin eyni mövqedən çıxış edəcəyinə və ədaləti dəstəkləmək üçün səslərini yüksəldəcəyinə ümid edirik", - deyə məktublarda qeyd olunur.

 

Azərbaycan.- 2020.-30 sentyabr.- S.5.