Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində müzakirələr aparılıb

 

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində yanvarın 30-da Kiyev şəhərində "Ukrayna-Azərbaycan əməkdaşlığı” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikli Azərbaycan ilə Ukrayna arasında siyasiiqtisadi sahələrdə dinamik əməkdaşlığın davam etdiyini söyləyib. O bildirib ki, hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşmasında maraqlıdır. "Azərbaycan nümayəndə heyəti Kiyev şəhərindən öncə Odessada oluborada neft emalı zavoduna baxış keçirilib. Düşünürəm ki, Azərbaycan neftqaz məhsullarının Ukrayna üzərindən daşınması üçün alternativ yollardan istifadə edə bilər. Azərbaycanın Avrasiya nəqliyyat dəhlizində iştirakında maraqlıyıq”, - deyə nazir əlavə edib.

Azərbaycanda yol infrastrukturunun Avropa standartlarına tam cavab verdiyini deyən A.Krikli bildirib ki, Prezident Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı bunun əyani şahidi olublar. "Hesab edirəm ki, Azərbaycan şirkətləri yol infrastrukturunun qurulmasında böyük təcrübəyə malikdir. Ona görə də Azərbaycan şirkətlərini Ukrayna yollarının yenidən qurulmasında iştirak etməyə çağırıram”, - deyə A.Krikli vurğulayıb.

Ukraynaya böyük heyətlə gəldiklərini deyən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov bildirib ki, bu, Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafına böyük marağın göstəricisidir.

"Azərbaycan və Ukrayna arasında əməkdaşlıq qarşılıqlı hörmət və dostluq şəraitində davam edir. Bu iqtisadi əməkdaşlıq təkcə dövlət strukturları ilə deyil, özəl şirkətlərin iştirakı ilə də inkişaf etməlidir. Azərbaycanda gözəl investisiya mühiti mövcuddur, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb. Düşünürəm ki, Ukrayna şirkətləri üçün Azərbaycan cəlbedici ölkədir”, - deyə nazir əlavə edib.

İki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini vurğulayan P.Şahbazov deyib ki, qarşılıqlı investisiya yatırımları artırılmalıdır. "SOCAR Ukraynaya böyük investisiya yatırımı qoyur. Bundan sonra da SOCAR fəaliyyətini genişləndirəcək. Odessada bir sıra müəssisələrlə tanış olduq, düşünürəm ki, ekspertlər qrupunun nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrində birgə layihələr üzərində işləməsi effektiv nəticəsini verəcək”, - deyə nazir qeyd edib.

Daha sonra tədbirdə Ukrayna Ticarət-Sənaye Palatasının prezidenti Gennadi Çijikov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, KiçikOrta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mövzu ətrafında çıxış ediblər.

Xatırladaq ki, Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının sonuncu iclası 2016-cı ilin iyulunda Bakıda keçirilib.

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 7.