Ermənistanın Paşinyana olan inamı tükənib

 

İşğalçı ölkədə siyasi gərginlik daha da artır

 

Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə Paşinyan iqtidarına qarşı dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq baş nazir üçün ciddi çətinliklər yaradır. Görünən həm də budur ki, dünənə qədər demokratiyaqanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlar atır. Ona qarşı çıxan qüvvələr indi baş naziri müxtəlif məsələlərdə sərt şəkildə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.

Paşinyan isə hakimiyyətini möhkəmləndirmək üçün keçmiş iqtidar təmsilçilərini həbs etdirərək məqsədinə nail olmaq niyyətini açıq şəkildə göstərir. Bunun ən real təsdiqlərindən biri Ermənistanın keçmiş prezidenti Robert Koçaryandan sonra Serj Sarkisyanın da həbs təhlükəsi ilə üzləşməsidir. Belə ki, sabiq prezident haqqında cinayət işi məhkəməyə göndərilib.

Ermənistan baş prokurorluğunun mətbuat katibliyinin məlumatına görə, prokuror iddiamnaməni təsdiqləyib. Xatırladaq ki, Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və "Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb. 2019-cu ilin dekabrında Sarkisyanın əmlakı üzərinə həbs qoyulub.

İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarına əsasən, Sarkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində "Fleş” kampaniyasını seçməyi tapşırıb. Halbuki digər şirkət - "Masxur” kampaniyası daha ucuz qiymət təklif etmişdi. Müstəntiqlər hesab edirlər ki, sabiq prezident tamah məqsədilə sövdələşmədən özü üçün maksimum mənfəət götürmək niyyəti güdüb.

Paşinyan hakimiyyətinin əhaliyə verdiyi əsas vədlərdən biri sosial-iqtisadi problemlərin həlli, yeni yerlərinin yaradılması ilə bağlı idi. Amma son vəziyyətin təhlili göstərir ki, iqtidar nəinki yeni yerləri açır, əksinə, olanları da bağlayır. Bu da Ermənistanda kütləvi narazılıq yaradır, Paşinyana qarşı çıxanların sayının sürətlə artdığını göstərir. İşğalçı ölkədə vurğulanır ki, Nikol Paşinyanın hakimiyyətə olan hədsiz yanğısı onun əldə etdiyi bütün "uğurları”na artıq kölgə salmaqdadır.

"Armenianreport” saytı son günlər işğalçı ölkədə baş verən hadisələrə göz yummağı vacib və zəruri bir hal sayır. Əslində, bunun o qədər də asan olmadığını bildirən sayt, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan siyasətçilərin günahı ilə cəmiyyətdəki gərginliyin təhlükəli həddə çatdığını gizlətmir.

Son günlərdə dünya mətbuatının əsas aparıcı mövzularından birinə çevrilmiş amerikalı basketbolçu Kobi Brayantın qəza nəticəsində ölməsinə diqqət çəkən sayt ABŞ-dan olan məşhur şəxslərin həyatı və ölümlərinin belə, kiçik Ermənistan siyasətçilərinin həyatı və mübahisələrindən daha çox dünya birliyinin diqqət mərkəzində olduğunu göstərir. Sayt yazır ki, Paşinyan əldə etdiyi "uğurlara” həyasızcasına nail olur: "Paşinyanın hakimiyyəti itirəcəyi təqdirdə belə, ölkədən qaça bilməsi inandırıcı görünmür. Dünənə qədər onun yaxın silahdaşı olmuş Vanetsyan da ölkədən qaçmayacaq. Əslində Paşinyanın hakimiyyətə olan sevgisinə rəğmən, Ermənistan bataqlığa yuvarlanıb. Bununla belə, Paşinyanla Vanetsyanı Robert KoçaryanSerj Sarkisyandan fərqli olaraq birləşdirən bir çox əlaqələr mövcuddur. Amma indi ermənilər üçün sehrbazlıq dövrü arxada qalıb. Yəni onları Paşinyanın "sehrli çubuğu” ilə də ram etmək mümkün deyil. Məhz bu mənada, Paşinyanın hakimiyyətdən gedişinə, ölkədə nə təəssüflənən, nə də ağlayan olacaq. Artıq ona olan inam son həddə qədər tükənib”.

"Past” qəzeti yazır ki, Paşinyan etdiyi hər canlı yayım, hər sosial şəbəkələrdəki statusu və hər mətbuat konfransı ilə reytinqini, cəmiyyətin ona olan inamını itirir. Qeyd olunur ki, bir vaxtlar müxalif deputat kimi çıxışları ilə xalq arasında az da olsa nüfuz qazanan Nikol Paşinyan Ermənistanda baş nazir olandan sonra qazandığı bu nüfuzu artıq xərcləyib qurtarmaq ərəfəsindədir. Təsadüfi bir adamın hakimiyyəti ələ keçirib əsassız iddialarla çıxış etməsi, təbii ki, "bəhrəsini” verməkdədir.

Əslində, bunu əksər erməni ekspertlər də faktlarla əsaslandırmağa çalışırlar. Məsələn, bir müddət əvvəl Paşinyan Ermənistanda xaricə xidmət edən siyasətçi agentlərin olduğunu bildirmişdi. Maraqlısı onun bu iddianı olduqca təhlükəli şəkildə ifadə etməsi idi. Yəni o, bu haqda danışarkən iddia kimi yox, sübuta yetirilmiş bir fakt kimi çıxış edirdi. Nəşr zaman keçdikcə "cinayətkarlar”, "quldurlar” və buna bənzər ifadələrin Paşinyan tərəfindən səsləndirilməsinin artıq adi hal aldığını qeyd edib.

Bütün bu qeyd edilənlər aydın şəkildə sübut edir ki, Ermənistanda yaxın vaxtda vəziyyət daha da gərginləşəcək.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 8.