2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 10 yanvar 2020-ci il tarixli 78 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 8/48

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Qızılhacılı bələdiyyəsinə qeydə alınmış namizəd Böyükkişiyev Məhəmməd Hüsü oğlu 10 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 27 dekabr 2019-cu il tarixli 32/72 saylı qərarını mübahisələndirmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət və müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, M.H.Böyükkişiyev 3 yanvar 2020-ci il tarixdə notariatda təsdiq edilmiş müraciətində göstərir ki, dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 32/72 saylı qərarını poçt vasitəsi ilə 30 dekabr 2019-cu il tarixdə almışdır. Müraciət və ona əlavə edilmiş sənədlər onun tərəfindən 4 yanvar 2020-ci ildə poçta təqdim edilmişdir. Bununla da həmin qərardan şikayətvermə müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən ekspert qrupunun üzvü müraciətin şikayətçiyə geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyiya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Seçki Məcəlləsinin 112-1.5.3-cü maddəsinə və müvafiq Təlimatın 7.1.-ci bəndinə əsasən şikayət müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.1.-ci bəndinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən Qızılhacılı bələdiyyəsinə qeydə alınmış namizəd Böyükkişiyev Məhəmməd Hüsü oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2020-ci il tarixli 78 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayətçiyə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

11.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 12 yanvar.- S.4.