2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 9 yanvar 2020-ci il tarixli 71 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 8/54

 

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Binəqədi qəsəbə bələdiyyəsinə qeydə alınmış namizəd Məmmədova Rəbiyyə İlqar qızı 9 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 29 dekabr 2019-cu il tarixli 40/100 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 35 saylı seçki məntəqələri üzrə səslərin yenidən sayılmasını, nəticələrin ləğv edilməsini və qanun pozuntuları törətmiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd R.İ.Məmmədova müraciətini onunla əsaslandırmışdır ki, səsvermə günü seçici aktivliyi aşağı olsa da, seçki qutularına məntəqə seçki komissiyasının sədrləri ilə razılaşdırılmış namizədlərin xeyrinə əlavə bülletenlər atılmış, qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının, ümumiyyətlə seçki dairəsinə və ya seçki məntəqəsinə aid olmadığı halda səs verməsi hesabına seçici aktivliyi süni şəkildə artırılmış, müşahidəçilərə ayrılmış yerlərdən səsvermə prosesini tam və dəqiq müşahidə etmək mümkün olmamış, müşahidəçilərin hesabladığı saylarla seçki qutusundan çıxan seçki bülletenlərinin sayları uyğun gəlməmiş, 8 və 35 saylı seçki məntəqələrində çəkiliş aparılmasına maneələr yaradılmış, 35 saylı məntəqə seçki komissiyasının sədri tərəfindən seçki bülletenlərinin sayılmasından imtina edilmişseçki qutusu maşına qoyularaq aparılmış və dairə seçki komissiyasına təqdim olunmuş aktlar araşdırılmamışdır. Ərizəçi müraciətinə bir ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.

R.İ.Məmmədovaya araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada və iclasda iştirak etmək hüququ olması izah edilmiş, o, deputatlığa namizəd kimi zəruri olan seçki sənədlərinin hazırlanması ilə məşğul olduğundan araşdırmada iştirak edə bilməyəcəyini, komissiyanın iclasına gələcəyini bildirsə də o, iclasa gəlməmişdir.

Dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, qeydə alınmış namizəd R.İ.Məmmədova seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ilə razılaşmamış, bu məntəqələr üzrə qanun pozuntularının nədən ibarət olduğunu göstərmədən nəticələrin ləğv edilməsini tələb etmiş, seçki qutularının şəffaf olmamasını və seçicilərin sayının ucadan elan edilməməsini bildirmiş, barmağın mürəkkəblə işarələnib-işarələnmədiyini və seçki bülletenlərinin seçki qutusuna atılmasını normal izləmədiyni iddia etmiş, 7 saylı seçki məntəqəsində seçki qutusunun möhürünün nömrəsinin aydın oxunmamasını, 9 saylı seçki məntəqəsində veb-kameranın olmamasını və video çəklişə maneçilik törədildiyini iddia etmişdir. Dairə seçki komissiyasına təqdim edilən aktlarda iddia olunan qanun pozuntularını sübut edən hər hansı bir qeyd olmamış, səsvermə və ondan sonrakı gün həmin seçki məntəqələrindən səsvermə prosesi və nəticələrin rəsmiləşdirilməsi ilə bağlı iddia olunan qanun pozuntusu barədə ərizəçi və digər şəxslər tərəfindən komissiyaya yazılı və ya şifahi şikayət daxil olmamış, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuşqanunla müəyyən edilmiş müddətdə və qaydada dairə seçki komissiyasına çatdırılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, qeydə alınmış namizəd R.İ.Məmmədova bələdiyyə seçkilərində onun maraqlarını müdafiə etmək və digər seçki hərəkətlərini həyata keçirmək üçün səlahiyyətli nümayəndə, müşahidəçi və vəkil edilmiş şəxs təyin etməmiş, seçki məntəqələrində iddia edilən pozuntular namizədin özüya onun maraqlarını təmsil edən seçki subyektləri tərəfindən müşahidə edilməmişdir. Araşdırma zamanı ərizəçi qeyd edilən halı etiraf etmiş, öz iddialarında yalnız digər müşahidəçilər tərəfindən tərtib edilmiş və özündə hər hansı bir hüquqi nəticə doğurmayan aktlara əsaslandığını bildirmişdir.

Araşdırma ilə əlaqədar seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 35 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri tərəfindən təqdim edilmiş izahatlardan görünür ki, R.İ.Məmmədova səsvermə günü həmin seçki məntəqələrində səsvermə başlanandan sona çatanadək olan müddətdə, həmçinin səsvermənin nəticələrinin rəsmiləşdirilməsi prosesində qısa müddətdə olmuşdur. Belə ki, o, həmin gün 1 saylı seçki məntəqəsində saat 9:50-10:00, 2 saylı seçki məntəqəsində saat 10:00-10:20, 3 saylı seçki məntəqəsində 10:25-10:32, 4 saylı seçki məntəqəsində 11:15-11:25; 13:44-13:50 və 18:22-18:24, 5 saylı seçki məntəqəsində 13:55-14:10 və 16:30-16:40, 6 saylı seçki məntəqəsində 10:40-10:53; 14:45-14:52, 7 saylı seçki məntəqəsində 08:50-08:55; 13:22-13:29 və 17:32-17:40, 8 saylı seçki məntəqəsində 09:05-09:10; 13:35-13:40 və 17:52-18:10, 9 saylı seçki məntəqəsində 09-09:22; 12:20-13:00, 35 saylı seçki məntəqəsində 15:20-15:35 radələrində olmuş, hətta 9 saylı seçki məntəqəsində səs verdikdən bir müddət sonra məntəqəni tərk etmiş, heç bir seçki məntəqəsi üzrə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunu tələb etməmişdir.

Qeyd edilməsi zəruridir ki, R.İ.Məmmədova və onun təqdim etdiyi aktlarda adları qeyd olunan müşahidəçilər səsvermə günüondan sonrakı günlərdə mübahisələndirdikləri seçki məntəqələrində iddia edilən pozuntularla bağlı məntəqə və dairə seçki komissiyalarına, həmçinin Mərkəzi Seçki Komissiyasına yazılı və ya şifahi müraciət etməmişlər.

Bundan başqa, araşdırma zamanı həmin seçki dairəsinin ərazisində olan 3, 6 və 8 saylı seçki məntəqələri üzrə veb-kameralara baxış keçirilmiş və hər hansı bir pozuntunun olması müəyyən edilməmişdir.

Dairə seçki komissiyasından R.İ.Məmmədovanın müraciətinin araşdırılması ilə bağlı təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə günü müşahidə aparmış və bələdiyyə üzvü seçilməmiş qeydə alınmış namizədlər B.A.Hacıməmmədov, A.A.Qasımov, C.K.Mustafayev, R.K.Məmişov, E.Ə.Tağıyev, S.P.Həsənov, Z.A.Aslanov və Ə.R.Mürsəlovdan alınmış izahatlarda həmin seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 35 saylı seçki məntəqələrində səsvermə və səslərin sayılması prosesini özləri və müşahidəçiləri vasitəsilə müşahidə etdikləri müşahidə zamanı səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntularına rast gəlinmədiyi bildirilmişdir. Eyni məsələ ilə bağlı yuxarıda göstərilən məntəqə seçki komissiyalarının üzvlərindən və həmin məntəqələrdə səsverməni və səslərin hesablanmasını müşahidə etmiş qeydə alınmış namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edənöz təşəbbüsü ilə müşahidə aparmış 97 seçki subyektindən alınmış izahatlara əsasən müraciətdə baş verməsi iddia olunan pozuntular öz təsdiqini tapmamışdır.

Ərizəçi tərəfindən müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin görüntülər səsvermə günü sosial şəbəkələrdə yayımlanmış, məntəqədən kənarda seçicilərə səs vermələri ilə bağlı sualların verilməsini əks etdirir.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının 29 dekabr 2019-cu il tarixli 40/100 saylı qərarının ləğv olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab olunaraq təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

1. 2019-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Binəqədi qəsəbə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədova Rəbiyyə İlqar qızının 9 yanvar 2020-ci il tarixli 71 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 29 dekabr 2019-cu il tarixli 40/100 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

11.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 12 yanvar.- S.5.