Çalınmayan elegiya...

 

Xalq artisti Vəli Qədimov ömür boyu təkliyini unutduran musiqiyə sığınmışdı

 

Azərbaycan musiqi tarixinə adını silinməz hərflərlə həkk edən sənətkarlar az olmayıb. Belə unudulmaz musiqiçilərdən biri də 80 il öncə dünyaya göz açıb. O, xalqın sevimli artistinə çevrilənədək sənət yolunda fədakarlıq göstərmiş Xalq artisti Zeynəb Xanlarova ilə illər boyu çiyin-çiyinə çalışmış, eyni səhnədə könülləri riqqətə gətirən musiqilərimizi qanadlandırmış klarnet ustası Vəli Qədimov olub.

Əslən Balaxanı kəndindən olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisi ilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya göz açmışdı. Orta təhsilini Bakıdakı 69 nömrəli məktəbdə almış, elə uşaq yaşlarından da klarnet çalmağa başlamışdı. 14 yaşında artıq Tibb İşçilərinin Mədəniyyət Evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etmiş Vəli Qədimovun bu yolda, deyəsən, tale üzünə gülmüşdü: 1956-cı ildə peşəkar çalğıçı kimi ifasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının ansamblına dəvət edib.

Sənət yolu uzun və keşməkəşli olub. Vəli Qədimov bu çətin yollarda büdrəməmək üçün həmişə öz üzərində ciddi çalışıb, kamil sənətkarların məsləhətlərini dinləyib, onlardan bəhrələnməyi unutmayıb. Məhz sənətə sevginin bəhrəsi idi ki, 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə isə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist kimi tanınıb.

 

Dünyaya nəğməli-musiqili səfərlər

 

Azərbaycan musiqisi onun ifasında da dünyanın bütün qitələrində səslənib və sürəkli alqışlarla qarşılanıb. Sənətkarın yaradıcılıq yoluna nəzər salarkən onun, doğrudan da nəğməli-musiqili səfərlərinin sayının-hesabının olmadığını hiss edirsən. O, haralarda olmayıb ki: Rusiya, Baltikyanı ölkələr, ABŞ, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyas. Azərbaycan musiqisini belə səfərlərində o, solo klarnet ifaçısı kimi layiqincə təqdim edib.

Azərbaycan mədəniyyətinin təbliğində və musiqisinin zənginləşdirilməsində göstərdiyi xidmətləri xalqımızın alqışları, dövlətin isə layiq gördüyü fəxri adlarla yüksək qiymətləndirilib: 1987-ci ildə o, Azərbaycanın Əməkdar, 2000-ci ildə isə respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Mahir klarnet ifaçısı Vəli Qədimovun 2008-ci ilin avqust ayında səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirən, uzun sürən xəstəlikdən sonra, 2009-cu il aprelin 15-də, 68 yaşında dünyasını dəyişib. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Vəli Qədimovun ailəsində üç övladı böyüyüb - Fuad, Fərid, Famil.

 

Xoşbəxt sənətkarlar sırasında

 

Kamil sənətkarlar ölmürlər, yaşatdıqları sənətin ömrü də onlarınkının üstünə yazılır. Vəli Qədimov da belə xoşbəxt sənətkarlar sırasında daim xatırlanır, yad olunur. Onsuz keçirilən 70 illik yubiley tədbirində sənət dostları Vəli Qədimovun həm kamil sənətkar, həm də ali insani keyfiyyətlərə malik şəxsiyyət kimi haqqında ürəkdolusu söz açıblar.

Xalq artisti Ağacəbrayıl Abasəliyev deyib ki, Vəli Qədimov Şərqdə əvəzsiz bir musiqiçi idi: "Onunla tanışlığımız 1974-cü ildə bizim yaxın qohumların birinin məclisində oldu. Zeynəb Xanlarovanın ansamblında mən bədii rəhbər işləyərkən birgə çalışdıq. İşinə çox məsuliyyətli idi. Arzum budur ki, Azərbaycanda Vəli Qədimov sənəti davam etsin. Onun çox böyük dəyərli sənəti var idi. 1954-cü ildə Zeynəb xanımın ansamblında Vəli Qədimov ilk addımlarını atarkən atam onların rəhbəri olub. 1991-ci ildə həmin ansambla mən bədii rəhbərlik etməyə başladım və orada Vəli müəllimin böyüklüyünün bir daha şahidi oldum.

Əməkdar artist Füruzə İbadova isə sənətkarın xoşrəftar olduğunu xatırladıb: "Heç kim onun yanında kədərli ola bilməzdi. Həmişə mənə deyirdi ki, maşın sürəndə gərək yanaqlarına palçıq vurasan, heç kim sənə baxmasın. Çox zarafatları var idi. Sənətkarlığına söz ola bilməzdi...

 

Klarnet varlığı, həyatı olub

 

Ömrünün son illərini yataqda keçirən sənətkar sabaha nikbin baxsa da, amansız dərd onu ümidsizləşdirdiyi günlərdə ifa edə bilmədiyi musiqilərin həsrətini çəkirdi. Ondan əhvalını soruşduqda kövrək hisslərlə deyib ki, artıq üç ildir ki, özümü çox pis hiss edirəm: "...Sağ tərəfim işləmir. Nə gəzə, nə danışa bilirəm. Daha dözülməzi isə klarneti əlimə ala bilməməyimdir. Çala bilmirəm, qolum işləmir, nə edəcəyimi bilmirəm. İflic olmuşam, sağ tərəfim tamam tutulub. Vəlini klarnetdən, onu isə Vəlidən ayırmaq olmaz. Mən klarnet üçün doğulmuşam elə bil. Klarnet mənim bütün varlığım, həyatım, canım-ciyərim və ən sevimli övladımdır. Üç ildir klarneti işlədə bilmirəm, deməli, Vəli Qədimov üç ildir yaşamır. Özümü qanadı qırılmış quş kimi hiss edirəm. Quş qanadsız uça bilmir, mən də klarnetsiz yaşaya bilmirəm.

Sonuncu dəfə klarnetdə ifa etdiyi havanı da xatırlamayan ustad daxilən buna sarsılırdı: "Dəqiq xatırlamıram. Üç il əvvəl olub bu. Musiqini ifa edəndə birdən dayandım. Həmin vaxt bilsəydim ki, bu, sonuncu ifamdır, klarneti əlimdən yerə qoymazdım, qəlbimdəki bütün nəğmələri çalardım. Lap uşaqlıqdan bu alətə ayrı bir sevgim olub. Sevirdim onu... Həyatda arxam, dayağım, yaşamağımın səbəbi olub...

Ürəyində çalınmamış nəğmələr həddindən artıq çox qalıb. "Bircə çala bilsəydim, arzusu gözündə donub, barmaqları kimi... Çala bilmədiyi üçün sanki yaşamır, eləcə günlərini sanayırmış: "...Vaxtımın çoxunu danışmadan, dinmədən, sakitcə pəncərədən çölə baxıb, siqaret çəkməklə keçirirəm. Mən təkliyimdə musiqiyə sığınıram. Artıq nitqimdə problemlər yaranıb, çətinliklə danışıram. Ürəyim partlayır, dözə bilmirəm. Gəncliyimə dönə bilsəydim, yenə çalardım, klarneti əlimdən yerə qoymazdım. Elə bil ömrümü, övladımı əlimdən alıblar...

"Xalq artisti Zeynəb Xanlarovanın ansamblını mən yığmışdım, - deyən ustad son illər həmin kollektivdən məşhur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun da getməsini özünə dərd edibmiş: "Mənim bütün həyatım Zeynəb Xanlarovanın ansamblında keçib. Mən gözümü o ansamblda açmışam. Mərhum Rəşid Behbudov onunla işləmək üçün mənə xəbər göndərmişdi. Ancaq getmədim, dedim, Zeynəblə başlamışam, Zeynəblə qurtaracağam. Sağaldığım gün yenə o ansamblda işləyəcəyəm.

 

Klarneti susdu

 

Xəstəlik amansız olurmuş. Bunu Vəli Qədimov yataqda keçirdiyi son günlər daha çox hiss edib. Ona görə bəzən dostlardan da gileyli söz açıb: "Qəlbimdə çox sınmışam. Əvvəlki Vəli Qədimov yoxdur indi. Xasiyyətim çox dəyişib. Səbəbini bilmirəm. Bəlkə xəstəlikdir səbəbi. Klarnet həsrəti məni dəyişdirib. Küsmüşəm, hamıdan - özümdən . Qolumdan da küsmüşəm ki, niyə məni yarı yolda buraxdı. Həyatımın ən ağır anlarını yaşayıram. Klarneti əlimə alıb, baxa-baxa qalıram. Bir əlimdə tutub elə baxıram...

Ustadın son günlərinin ağrı-acıları özünün ifa edə bilmədiyi bir elegiyasıdır. Ona da təəssüflənirdi ki, illər boyu barmaqlarının sığalı ilə min bir mahnı ifa edən klarneti susub. Onu özündən sonra ansamblda sevə-sevə solo ifa edəcək kimsəsi yoxdur. Onu da deyib ki, əlimdə ixtiyarım olsaydı, heç yanvar ayında doğulmazdım. 1990-cı ildən bu yana doğum gününü unudan, 20 Yanvar faciəsinə elegiya ifa edən Vəli Qədimovun təəssüfləndiyi çox şeylər qalıb, ən əsası da sağ qolunun imkan vermədiyindən, ifa etmədiyi neçə-neçə musiqi...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 12 yanvar.- S.8.