20 Yanvar şəhidləri kataloqu

 

Azadlıq aşiqlərinin tarixləşən ömür səhifələrindən "dil açan toplu

 

1990-cı ilin 20 Yanvar günü Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakının küçə və meydanlarına çıxan, haqsızlığa qəti etirazını bildirən xalqın üstünə sovet ordusunun qoşun hissələrinin yeridilməsi Azərbaycanda dəhşətli, görünməmiş faciəyə gətirib çıxardı...

Qanlı "Şənbə gecəsinin xalqımıza yaşatdığı müsibətlər zaman keçsə də, unudulmur, yaddan çıxmır. Bu ümummilli faciə həm də xalqımızın azadlıq aşiqlərinin gerçəkləşən ideyalarına, arzularına qanlı yol açdı. Bakı həmin günlər qan gölündə boğulsa da, yetmiş illik imperiya o müdhiş gecədə sarsıldı. Faciə yaşayan xalqımız isə az keçmədən özünün milli istiqlaliyyətinə yenidən qovuşdu.

20 Yanvardan ötən 30 il ərzində müstəqil Azərbaycanın keçdiyi şərəfli inkişaf yolu bir daha təsdiqləyir ki, azadlıq verilmir, qan bahasına alınır! Xalqımız siyasi azadlığına məhz o qanlı "Şənbə gecəsində şəhidliyi ilə nail oldu.

Keçilən çətin, məşəqqətli, iztirablı yoldan, o gecədən, həm də sonrakı günlərdən xalqımıza bir and yeriyadigar qaldı: Şəhidlər xiyabanı! Burada yaşından, ictimaisosial mənşəyindən, dinindən və dilindən asılı olmayaraq, azadlıq və istiqlaliyyət uğrunda canlarından keçmiş şəhidlərimiz uyuyur. Məhz bu müqəddəsliyə görə xalqımızın and yerinə çevrilmiş Şəhidlər xiyabanı il boyu "qonaqlı-qaralı, "gəlişli-gedişlidir.

Şəhidlərimizin heç zaman unudulmayacağı elə bundan görünür və təsdiqlənir. Ayrı-ayrı dövlət strukturlarında, QHT-lər, elm və təhsil ocaqlarında 20 Yanvarla bağlı aparılan təbliğat kampaniyaları yeni nəslin öz milli kimliyini tanımasında mühüm vasitələrdən biridir.

AMEA-nın Milli Tarix Muzeyinin ötən müddət ərzində təşkil etdiyi tədbirlər silsiləsi də diqqət çəkir. Muzeyin bu illər ərzində 20 Yanvar şəhidlərinin şərəfli ömür yollarına həsr olunun kataloqu isə tamamilə özgə bir ovqat yaradır. AMEA-nın Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı elmi redaktoru olduğu "20 Yanvar şəhidləri kataloqunun ön söz yerində yazır: "1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar millətindən olan 131 dinc insan qətlə yetirilmiş, 744 nəfər ağır bədən xəsarəti almış, 4-ü itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Lakin xalqın azadlıq arzusunu boğmaq mümkün olmadı; uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir...

Tariximizin ən vacib məqamlarını əyani olaraq əks etdirən yüz minlərlə materialı qoruyan Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, eləcə də şəhidlərin şəxsi əşyalarının toplanması işini həyata keçirir. 300-dən artıq eksponat muzeyin müvafiq fondlarında qorunur.

Muzeyin əməkdaşlarının tərtib etdiyi kataloqda nələr yoxdur ki... O qanlı hadisənin dəhşətlərini əks etdirən və artıq nadir muzey eksponatlarına çevrilmiş fotoşəkillər, rəsm əsərləri, küçələrdən yığılmış avtomat güllələrinin boş gilizləri də toplanıb oxucuya təqdim edilib. Qanlı Yanvar şəhidlərindən 37 nəfərin şəxsi əşyaları, o cümlədən güllə ilə deşilmiş paltarları, tibbi ekspertizanın rəyləri də kolleksiyada xüsusi yer tutub.

Kataloqda həmin ağır və məşəqqətli günləri öz səhifələrində tarixləşdirən dövri mətbuat (xatırladaq ki, sovet hərbi senzurası o müdhiş günlərdə qəzet və jurnalların buraxılmasına, həmin qanlı hadisələrin olduğu kimi dərc edilməsinə qadağa qoymasına baxmayaraq, bir sıra mətbu orqan 20 Yanvarla bağlı ürəkdağlayan faktları öz səhifələrinə çıxarmağı bacarmışdı), Azərbaycan "Milli naxışlar şirkətinin rəhbəri Əziz Əbdüləziz tərəfindən hədiyyə edilmiş, rəssam Fəxrəddin Əliyev tərəfindən çəkilmiş (yun, xovlu) "Şəhidlər xalçasına da yer ayrılıb.

Bir sözlə, o qara rəngli gecəni özündə əks etdirən kataloq faciə barəsində dolğun məlumatlar toplusu, onu tarixləşdirən bir sənət əsəri kimi çox qiymətli mənbədir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.-14 yanvar.- S.8.