“Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Gənci-Nihan mənəm” layihəsi çərçivəsində gənclər arasında bədii qiraət müsabiqəsi keçirilib.

Sumqayıt Gənclər Evində ərsəyə gələn tədbirdə layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan ədəbi və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini bildirib. Belə müsabiqələrdə əsas məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda "Nəsimi ilielan edilməsi haqqında sərəncamları isə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.

Müsabiqə seçilmiş şeirlərin məzmuna uyğunluğu, jestmimikalardan, səs tonundan məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə alınmaqla keçirilib.

Sonda I yerə Rəbiyə Muradlı, II yerə İnci Qasımlı, III yerə isə Emil Həmidov layiq görülüb. Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 16 yanvar.- S.8.