Neftçi Xoşbəxt - xoşbəxt neftçi

 

Bir həmkarımız Xoşbəxt Yusifzadədən soruşmuşdu ki, özü də adı kimi xoşbəxtdirmi? O, suala beşcə kəlmə ilə cavab vermişdi: "Səksən il yaşamışamsa, deməli, xoşbəxtəm”. Həmin dialoqdan artıq 10 il keçirbu günlərdə görkəmli neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illiyi dövlət səviyyəsində, təntənə ilə qeyd edildi.

Yaşadığı illərin insanın sərvəti olduğu barədə məşhur bir mahnı var. Xoşbəxt müəllim bu mahnını çox sevir. Bəlkə o səbəbdən ki, özünündediyi kimi, yaşadığı illəri həyatının xoşbəxtliyi sanır. Lakin söhbət təkcə taleyin ona bəxş etdiyi ömür uzunluğundan getmir, bu ömrün illərinin dəyərindən, məna yükündən gedir.

Ölkədə neft-qazla bağlı keçirilən çoxsaylı tədbirlərin iştirakçısı olan və təbii ki, onların əksəriyyətində Xoşbəxt Yusifzadəni görən, dinləyən bir jurnalist isə deyib ki, özündən heç nə xəbər almadan, yəni müsahibə götürmədən belə onun haqqında ətraflı yaza bilər. Bunu eşidən Xoşbəxt müəllimi təəccüb bürüyüb:

- Necə?..

Sonra da bir çox hallarda olduğu kimi özünəməxsus yumorla əlavə edib:

- Belə olanda deyirlər ki, qız evində toydur, oğlan evinin xəbəri yox!

Zarafat öz yerində, amma Xoşbəxt Yusifzadəni bütün Azərbaycan xalqı yaxşı tanıyır və onun haqqında təkcə neftçilərin, jurnalistlərin deyil, digər sənət sahiblərinin də kifayət qədər məlumatı var. Məsələn, orta məktəbin sonuncu sinif şagirdinə ünvanladığımız "Xoşbəxt Yusifzadə kimdir?” sualına o, bircə kəlmə ilə cavab verdi: "Fenomen”.

Xoşbəxt Yusifzadə haqqında ən dəyərli sözləri isə onun 90 illik yubileyində Azərbaycanın Prezidenti İlham Əliyev dedi.

Xoşbəxt Yusifzadənin misilsiz istedad və biliyinə ən layiqli qiyməti Ulu Öndər Heydər Əliyev verib. Azərbaycan dövləti onu ən yüksək adlarla, ən ali mükafatlarla dəyərləndirib.

...Atası Stalinin repressiyalarının günahsız qurbanı olan, zəhmətkeş bir ananın qazandığı halal çörəklə böyüyən Xoşbəxt uşaqlıqdan həyatın çətinliklərinə sinə gərə-gərə irəliləyib. Pirşağıdan Kürdəxanıya piyada məktəbə gedib. Sənət seçəndə də asanından yapışmayıb - neft cəbhəsinə üz tutub. Əmək fəaliyyətinə isə açıq dənizin qoynunda, gecə-gündüz dəli-dolu Xəzərin sərt dalğalarının döyəclədiyi polad estakadalar üstündə - Neft Daşlarında başlayıb.

Həmin vaxtdan onilliklər keçib. Xoşbəxt Yusifzadə vəzifə pillələrində böyük geoloqluqdan hazırda dünyanın sayılıb-seçilən neft şirkətlərindən biri olan SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinədək yüksəlib.

Elm yollarında akademik zirvəsinə çatıb.

Sovet dönəmində "Şərəf nişanı”, iki dəfə "Qırmızı Əmək Bayrağı” ordenlərini alan tanınmış geoloq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra "İstiqlal”, "Şöhrət”, "Şərəf” ordenlərinə və bir sıra digər mükafatlara layiq görülüb. Bu günlərdə isə şanlı yubileyi münasibətilə "Heydər Əliyev” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev sərəncam imzalayıb ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni gəmisinə və Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilsin. Bu, geoloqumuzun hələ sağlığında əfsanələşməsi demək deyilmi?

Dövlət başçısının onun haqqında dediyi sözlərin hər biri isə Xoşbəxt Yusifzadənin geoloq-alim kimi böyük istedadına və xidmətlərinə verilən layiqli qiymətdir: "Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz. O yataqlar arasında "Azəri”, "Çıraq” və "Günəşli” xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. Ancaq "Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil”.

Geoloq Yusifzadənin proqnozu heç vaxt səhv olmayıb. Vaxtilə "Azəri-Çıraq-Günəşli”nin ehtiyatlarının 511 milyon ton olduğu müəyyən ediləndə Yusifzadə deyib ki, bu yataqlarda daha çox neft var. Zaman artıq bunu sübut edib. Çünki bu günlərdə indiyədək həmin yataqlar blokundan 500 milyon ton neftin çıxarıldığı qeydə alınıb. Hasilat isə əsrin ortalarına qədər, bəlkə hətta ondan sonra da davam edəcək.

Neçə illər bundan öncə dünyada tanınan və özünə güvənən bir xarici neft şirkəti Yusifzadəni adi geoloq sanaraq onun sözünün əksinə getmiş və "Abşeron” yatağında qazdığı kəşfiyyat quyusunun yerini düzgün seçməmişdi. Nəticədə müvəffəqiyyətsizliyə uğramış və yatağı tərk etməli olmuşdu. Sonra "Abşeronda işləməyə başlayan digər bir xarici şirkət bu səhvi təkrar etməmiş və yataqda böyük ehtiyatlar olduğunu aşkarlamışdı. Xoşbəxt Yusifzadə hamıdan qabaq demişdi ki, bu yataqda ən azı 300 milyard kubmetr qaz ehtiyatı var.

Xoşbəxt Yusifzadə sovet dövründə də Azərbaycana, onun neft sənayesinə vicdanla xidmət edib, Vətənimiz müstəqillik qazanandan sonra da belədir. Azərbaycan neftinin gəlirləri SSRİ-nin büdcəsini zənginləşdirəndə ürəyindən bəlkə də min kərə keçib ki, bu sərvət öz xalqımızın olsun. Azərbaycanın ilk qaz yataqlarından olan "Bahar”ı 1968-ci ilin yazının ilk günündə kəşf edib. İstəyib ki, bu şərəfə onun adını "Novruzqoysun. Lakin o zaman "Novruzsözü yasaq edildiyindən dostları onu ehtiyatlı olmağa çağırıb. Birlikdə məsləhətləşib yatağın adını "Baharqoyublar.

Xoşbəxt Yusifzadə kəşflərini, tapıntılarını isbat etmək üçün bəzən mübahisələrdən, mübarizələrdən də keçməli olub. Xəzərin hüquqi statusu müəyyən ediləndə öz sözünü deyib. "Şahdəniz”in perspektivləri barədə israrlı olub. O "Şahdəniz”in ki, az sonra Azərbaycanı dünyada həm də qaz ölkəsi kimi tanıdıb...

Xoşbəxt Yusifzadəyə taleyin acı "sürpriz”ləri də az olmayıb. Bir cüt oğul itkisinin ağır dərdini yaşayıb Xoşbəxt müəllim...

Amma bütün bunlara rəğmən bu gün də işləyir, yaşayıb-yaradır, yeni kəşflərin müjdəsini paylaşır, cavanlara yol göstərir... Nikbin, müsbət auralı, xoş söz-söhbətli insandır. Odur ki, həmkarları da onun haqqında elə bu cür ovqatla danışırlar. Dəniz neftçiləri deyirlər ki, Xoşbəxt müəllim Xəzərin dibini ovcunun içi kimi görür. Qurudakı neftçilər də əsl həqiqəti zarafatyana söyləyirlər: "Xoşbəxt müəllim qədəm basdığı hər qarış torpağın ətrindən bilir ki, onun təkində neft var, ya yoxdur və əgər varsa, nə qədərdir...”

Təki bol olsun!

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 17 yanvar.- S.5.