Türkiyədə tədbir təşkil edilib

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissorssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, eləcə də Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri, habelə QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan və Azərbaycan Dövlət Film Fondunun sədr müavini Rəşad Qasımovun çıxışları olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ötən ilin Azərbaycanda "Nəsimi ilikimi qeyd olunduğunu diqqətə çatdıran ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim vurğulayıb ki, bu çərçivədə Türkiyədə böyük şairin həyat və yaradıcılığına həsr olunan çox sayda və fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissorussenaristi Həsən Seyidbəyli yaradıcılığının dünya kinematoqrafiyasına böyük töhfələr verdiyini qeyd edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən biri də məhz "Nəsimi” filmidir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərarı ilə ötən ilin türk dünyasında "İmadəddin Nəsimi ilielan edilməsi sayəsində türkdilli ölkələrdə və dünyanın bir sıra dövlətlərində böyük şairin yaradıcılığına dair bir sıra mədəni layihələr həyata keçirildiyini diqqətə çatdıran Düsen Kaseinov söyləyib ki, bu işlər sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən 15 dildə tərtib olunan "İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının öz layiqli yeri var. Nəşrdə yer alan şeirlər və nəfis tərtibat onu əldə edən kitabsevərlərin qəlbini oxşayır.

Nəsiminin Türkiyədə geniş tanındığını və sevildiyini deyən Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan qeyd edib ki, keçirilən tədbirlər sayəsində böyük şairin həyat və yaradıcılığı daha geniş auditoriyalara çatdırılıb. Türkiyə tərəfi hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan mədəniyyətinin, o cümlədən tarixi şəxsiyyətlərin tanınmasına və təbliğinə geniş yer verəcək.

Çıxışında Nəsimi şəxsiyyətinin ucalığı, eləcə də kinorejissorssenarist Həsən Seyidbəyli yaradıcılığının zənginliyinə diqqət çəkən Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov ölkəmizdə kino yaradıcılığı, onun inkişaf istiqamətlərinə dair məlumatları da tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, "Nəsimi” filmidaxil olmaqla Həsən Seyidbəylinin bütün əsərləri kinosevərlərin yaddaşında silinməz iz buraxır.

Çıxışlarda diqqətə çatdırılıb ki, dünya poeziya xəzinəsinin nadir incilərindən olan Nəsimi yaradıcılığı, böyük şairin zəngin fəlsəfi düşüncəsi tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraq kəsb edib, şeir və qəzəlləri poeziyasevərlərin qəlbini oxşayıb. Vurğulanıb ki, Həsən Seyidbəylinin "Nəsimi” filmi şairin şəxsiyyətinin ucalığını tərənnüm edən ən dəyərli əsərlərdəndir.

İştirakçılara "İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olunub. Qeyd edək ki, ötən il "Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.

 

Azərbaycan.- 2020.- 17 yanvar.- S.8.