TANAP-ın Avropa sərhədinə çatması ötən ilin mühüm hadisələrindən olmuşdur

 

"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti TAP-ın da çəkilişi tamamlanmaq üzrədir

 

Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan neft-qaz, ixrac, nəqliyyat və digər infrastruktur layihələri hazırda dünyada həyata keçirilən ən iri layihələrdəndir.

1990-cı illərin ikinci yarısından üzübəri ölkəmiz Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri), Bakı-Supsa (Qərb İxrac Boru Kəməri), Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini çəkib. 13 ildən çoxdur "Şahdəniz” qazını Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri məhz BTC-nin təcrübəsinə əsaslanıb. BTƏ isə öz növbəsində daha böyük layihəyə - "Cənub qaz dəhlizi”nə yol açıb.

Azərbaycan dövləti neft-qaz layihələrindən daxil olan gəlirlərdən səmərəli istifadə edərək genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bunların arasında dünya səviyyəli elə layihələr var ki, onlar Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.

Bu il yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə bunların tarixi layihələr olduğu vurğulanıb.

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) haqqında daha geniş bəhs edilib. Bu da təsadüfi deyil. Çünki TANAP-ın Avropa ilə birləşən hissəsi keçən il hazır olub. Bu münasibətlə noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində təntənəli mərasim keçirilib. Beləliklə, TANAP tam istismara daxil olub. Bu kəmər "Cənub qaz dəhlizi”nin "onurğa sütunu”nu təşkil edir.

TANAP sözügedən dəhlizi yaradan üç mühüm kəmərin ikincisi ən böyüyüdür. O, Türkiyənin şərq hüdudlarında "Şahdənizqazını Azərbaycanın Gürcüstanın ərazisi ilə daşıyan CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri) bağlanır. Xəttin digər ucu Yunanıstan-Türkiyə sərhədinə çatır burada yerləşən Kipoi məntəqəsində TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) birləşir. Bu səbəbdən TANAP-ı "Cənub qaz dəhlizi”nin birləşdirici halqası da adlandırırlar.

TANAP möhkəm bünövrə üzərində həyata keçirilən layihədir. Odur ki, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə ondan əvvəlki layihələr xatırlanıb.

2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP artıq il yarımdan çoxdur ki, Azərbaycan qazını Türkiyəyə daşıyır. Məlum olduğu kimi, "Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi "Şahdənizyatağıdır. "Şahdəniz-2”dən ildə 16 milyard kubmetr qaz nəql olunacaq ki, bunun da 6 milyard kubmetrini TANAP vasitəsilə Türkiyə alacaq. Qalan 10 milyard kubmetr qazı isə TAP kəməri TANAP-dan qəbul edərək Avropaya çatdıracaq.

Keçən ilin sonunadək TANAP vasitəsilə Türkiyəyə 4 milyard kubmetrədək qaz nəql olunub. Qarşıdakı illərdə kəmərin nəqletmə qabiliyyətinin əvvəlcə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu baxımdan da TANAP təkcə Azərbaycan Türkiyə, eləcə region üçün deyil, bütün Avrasiya məkanı üçün önəm daşıyır.

TANAP kəmərinin çəkilməsi istismara verilməsi "Şahdəniz-2”nin işlənməsi üçün mühüm amil rolunu oynayıb. Çünki qaz elə bir yanacaqdır ki, hasil edilməzdən əvvəl onun necə nəql olunacağı müəyyənləşdirilməlidir. Sözügedən müşavirədə Prezident İlham Əliyev TANAP-ı bu baxımdan da yüksək dəyərləndirmişdir: "Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP "Cənub qaz dəhlizi”nin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi başlanmayacaqdı bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir”.

Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü - "Şahdəniz-2”, CQBK-nın genişləndirilməsi TANAP layihələri müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. Sonuncu hissə olan TAP-ın çəkilişi artıq başa çatır. Keçən ilin yekunlarına həsr olunmuş müşavirədə bu layihənin icra səviyyəsinin 90 faizi ötdüyü qeyd edilib. Dövlət başçısı TAP-ın nəzərdə tutulmuş vaxtda, yəni bu il istismara veriləcəyinə əmin olduğunu bildirib.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S. 1; 7.