Qürur tariximiz

 

1990-cı ilin əvvəllərində ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi. Erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri qanunsuz hərəkətlər, Moskvanın ikiüzlü siyasəti, ölkə rəhbərliyinin fərsizliyi xalqın səbir kasasını doldurmuşdu. Respublikanın hər yerində, xüsusən paytaxt Bakıda mitinqlər, dinc nümayişlər davam edirdi.

O vaxt respublikaya rəhbərlik edənlər xalqdan ayrı düşmüşdülər. Məhz belə bir şəraitdə qırmızı imperiyanın qoşunları xalqı xəbərdar etmədən yanvarın 19-dan 20-nə keçən gecə paytaxta yeridildi. Təpədən-dırnağa kimi silahlanmış hərbi birləşmələr qanlı cinayətlər törədir, dinc əhalini, qadınları, uşaqları, yaralıları daşıyan tibb heyətini, yollarına çıxan hər kəsi qətlə yetirirdilər. Çox keçmədi ki, hadisələr ayrı-ayrı rayonlarda da davam etdi. Həmin rayonlardan biri Neftçala idi.

Bakı şəhidlərinə o cümlədən Neftçala rayonunda da yas mərasimi saxlanılırdı. Rayon fəalları vəziyyətlə bağlı yaratdığımız qərargahda toplaşmışdı. Axşam idi. İndiki kimi yadımdadır. Saat 8-ə 20 dəqiqə qalmışdı. Küçədə sovet tankları göründü. Muzdlu canilər küçələrə, yollara avtomatlardan atəş açır, toplaşdığımız otağı gülləbaran edirdilər. Sonra bizi sürükləyib hərbi maşınlara doğru apardılar. Muzdlu qatillər bizi əzişdirir, iyrənc söyüşlərlə söyürdülər. Bizi Bankə qəsəbəsində yerləşən köhnə əsgər hamamına gətirdilər. Orada da bizi təpiklə, silahla döyür, işgəncələr verir, sorğu-suala tuturdular. Guya gizlədilmiş silahların yerini soruşurdular. Kimi qolundan, kimi belindən, kimi qarın nahiyəsindən güllə yarası almışdı. Bankə qəsəbəsindən ələ keçirdikləri "şübhəlişəxsin - Əbülfəz Böyükağa oğlunun bədəni güllələrdən deşik-deşik olmuşdu. Barmağını kəsib nişan üzüyünü götürmüşdülər. O, son nəfəsində dedi: "Qardaşlar, xalqımızın, Vətənimizin yolunda qurban gedirəm!” Əbülfəz şəhid oldu. Xatirimdədir ki, elə həmin gecə şəxsi maşını ilə yol gələrkən Nurəddin Aslan oğlu Ağahüseynov da muzdlu canilər tərəfindən öldürüldü.

Bankə qəsəbəsindəki əsgər hamamında işgəncələr davam edirdi. Muzdlu qaniçənlər bir neçə nəfəri Xəzər sahilinə gətirmişdilər, onların əllərini bağlayıb, avtomatın qundağı ilə başlarına vurub əzab verirdilər. Bir müddət keçəndən sonra 2 vertolyot gəldi. Bizi döyə-döyə vertolyota mindirdilər. İşgəncələr burada da davam edirdi. Vertolyot uçarkən Xəzər dənizi üzərində havada saxlanıldı. Bizi güllələyib dənizə atmaq istəyirdilər. Vertolyot komandiri razılıq vermədi. Bir neçə dəfə cəhd etsələr , istəkləri baş tutmadı. Mən bağlı qollarımı aça bilmişdim. Düşünürdüm ki, bəlkə üzməyə ehtiyac ola bilər. Aşağıda buruqların işıqları görünürdü.

Binədə - təyyarə meydanında hərbi vertolyot dayandı. Bizi düşməyə qoymadılar. Vertolyotun qapısından birbaşa asfaltın üstünə atdılar. Başımdan, sinəmdən qan axırdı. Bizi Şüvəlan həbsxanasına təhvil verdilər. Bəziləri yanvarın 27-də, mən isə 31-də Mərdəkandakı xəstəxanaya müalicəyə göndərildik. Fevralın 5-də yenidən müalicəni davam etdirmək üçün Salyan Rayon Xəstəxanasına gətirildim. Lakin fevralın 20-də yenidən həbs olundum. Hərbi maşınla yenə Şüvələn həbsxanasına aparıldım. 14 saylı Buzovna xəstəxanasında müalicə olundum...

Artıq o vaxtdan 30 il keçir. O zaman baş verən hadisələrə düzgün siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verdi. Azərbaycan dövlət müstəqilliyini bərpa edərək böyük bir inkişaf yolu keçmişdir. Xalqımız XXI əsrin görkəmli siyasi xadimi -Prezident İlham Əliyevin daxili xarici siyasətini dəstəkləyir. Qarabağ uğrunda, haqq işi uğrunda mübarizə daim onun diqqət mərkəzindədir. Prezidentin qətiyyətli mövqeyi xalqımızın ürəyindən xəbər verir. Mübarizə hələ davam edir. Ali Baş Komandan vaxt əmr etsə, bu yaşımda belə Vətənin müdafiəsinə qalxmağa, silaha sarılmağa hazıram.

 

İmamverdi ZEYNALOV,

20 Yanvar əlili, AYB-nin üzvü,

Prezident təqaüdçüsü

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.3.