Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

 

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 21-də Xırdalan şəhərində vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda M.Qurbanlı Abşeron və Xızı rayonlarının sakinlərinin müraciətlərinə baxıb.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Siyəzən şəhər Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşüb.

Vətəndaşlar, əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı yanvarın 23-də Neftçala rayon Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşəcək.

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 3.