Xarici İşlər Nazirliyi
20 Yanvar faciəsi ilə bağlı bəyanat
yayıb
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi
ilə bağlı bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
"1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin
əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın
Bakı və Sumqayıt şəhərlərinə, eləcə
də ölkənin digər şəhərlərinə
yeridilərək "Udar” adlı əməliyyatı
həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində
147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət
aldı. Bu hadisə müasir Azərbaycan tarixinə
"Qara Yanvar” kimi daxil oldu.
1990-cı
il yanvarın 19-da
SSRİ Ali Sovetinin sədri
M.Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının
71-ci maddələrini kobud
şəkildə pozaraq,
yanvarın 20-dən Bakıda
fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan
məlumatsız qalması
üçün SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin
"Alfa” qrupu tərəfindən
Azərbaycan Televiziyasının
enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı.
Beləliklə, həmin gecə
qoşunlar fövqəladə
vəziyyətin elan edilməsindən xəbərsiz
olan şəhərə
daxil olaraq dinc əhaliyə amansız divan tutdu.
Bu faciəvi hadisələrdən
əvvəl, 1980-ci illərin
sonunda Ermənistanın
Azərbaycana qarşı
əsassız ərazi
iddiaları, Azərbaycanın
Dağlıq Qarabağ
Muxtar Vilayətindəki
şovinist təfəkkürlü
ermənilərin aqressiv
separatçılıq fəaliyyəti,
SSRİ rəhbərliyinin bu
qanunsuz fəaliyyətə
göz yumması, yüz minlərlə azərbaycanlının zor
gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın
genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının
qarşısını almaq
və Azərbaycan xalqının müstəqillik
əzmini qırmaq məqsədilə ölkəyə
yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını,
keçmiş SSRİ və
Azərbaycan SSR-in konstitusiyalarını
kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş
qırğın törətdi.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyində
mətbuat konfransı
keçirərək bu
vəhşiliyi kəskin
şəkildə pislədi,
dinc xalqa qarşı törədilən
terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı
törədilmiş qırğına
siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını
tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət
səviyyəsində siyasi-hüquqi
qiymət verildi.
Milli Məclisin
1994-cü ilin fevralında
keçirilən xüsusi
sessiyasında 1990-cı il yanvarın 20-də
günahsız insanların
qəddarcasına qətlə
yetirilməsi hərbi
təcavüz və cinayət kimi qiymətləndirildi və
müzakirələrin yekunu
olaraq 1994-cü ilin martında "1990-cı il
yanvarın 20-də Bakıda
törədilmiş faciəli
hadisələr haqqında”
qərar qəbul edildi.
Tariximizin reallıqlarının düzgün
təhlil edilməsi və qiymətləndirilməsi
üçün 20 Yanvar
faciəsinə gətirən
hadisələrin doğru
dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların
əsasında XIX əsrin
əvvəllərindən etibarən
bölgəyə kütləvi
şəkildə köçürülməyə
başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan
ermənilərin əsassız
ərazi iddiaları durub.
XX əsrin əvvəllərindən
etibarən Azərbaycan
xalqı erməni millətçilərinin zorakı
və irqi ayrı-seçkilik siyasəti
ilə üz-üzə
qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən SSRİ-nin parçalanması ilə
Ermənistan Azərbaycana
qarşı açıq
təcavüzkar siyasət
həyata keçirməyə
başladı və nəticədə Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsi və ətraf yeddi rayonu işğal olundu. Ermənistan ərazisində daimi
yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə,
işğal olunmuş
ərazilərimizdə tarixən
yaşayan yüz minlərlə azərbaycanlı
etnik təmizləməyə
məruz qaldı.
Azərbaycana olan ərazi
iddialarına hər hansısa "əsas” tapmağa çalışan
radikal təfəkkürlü
erməni qüvvələri
tərəfindən hələ
1988-ci ildə Sumqayıt
şəhərində planlı
şəkildə təxribat
həyata keçirildi.
SSRİ Baş Prokurorluğunun
istintaq sənədlərinə
əsasən başlıca
təşkilatçılardan olan etnik erməni
Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz
cəzasını çəkmək
üçün Ermənistana
göndərilən bu
cinayətkarın qısa
müddət sonra Ermənistanda azadlığa
buraxılması hadisənin
günahkarlarını ifşa
edən bariz faktdır.
Otuz il bundan
öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin
siyasi-hüquqi qiymətləndirilməsini
tələb edir. Bu dəhşətli faciə
nəticəsində BMT-nin
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi,
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər
beynəlxalq hüquqi
sənədlər kobud
şəkildə pozulub,
öz mahiyyətinə
və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli
cinayətlərdən biridir.
Bu cinayətə görə keçmiş
sovet rəhbərliyi bilavasitə məsuliyyət
daşıyır. Beynəlxalq hüquqa
əsasən 20 Yanvar hadisələri insanlıq
əleyhinə cinayət
kimi tövsif edilməli, onun sifarişçiləri və
icraçıları cəzalandırılmalıdır.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 5.