Muzey əməkdaşlarının Könüllülər ilinə ilk töhfəsi

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi öz elmi-kütləvi fəaliyyəti ilə yanaşı, xalqımızın mənəvi dəyərlərindən sayılan xeyriyyəçilik ənənələrinə sadiqlik nümunəsi də göstərir. Muzey əməkdaşları 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində ilin ilk xeyriyyə tədbirini təşkil ediblər.

Muzeyin Elmi-kütləvi və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi bildirib ki, yaradılmasının 100 illiyinə hazırlaşan Milli Azərbaycan Tarixi Muzeyinin bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili elan edən müvafiq sərəncamı ilə əlaqədardır. Tədbir uşaqlara daha çox diqqət və qayğı göstərilməsinin vacibliyinin təsdiqidir: "Sağlamlıq imkanları məhdud olan hər kəs yaşından asılı olmayaraq cəmiyyət tərəfindən daha çox diqqət umur. Bu da təbiidir. Xüsusən belə kateqoriyalı uşaqlar həssas olurlar, kiçik bir qayğı onların cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də kollektivimiz həmişə bu istiqamətdə müəyyən tədbirlər təşkil edir. Düşünürük ki, hər sınıq könülü oxşamaq, onu ovundurmaq xeyirxahlıqla yanaşı, həm də savabdır .

Muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsinin 176 uşağına isti geyim dəsti alınıb və birgünlük yemək təşkil edilib. Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova tədbirdə onu da vurğulayıb ki, bu aksiya "2020-ci il - "Könüllülər ilinin ilk xeyriyyə tədbiridir. O, həmçinin rəhbərlik etdiyi müəssisənin müəllim və uşaqlarının adından AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qədim Musiqi Alətləri Ansamblının rəhbəri, Xalq artisti Munis Şərifov və çalğıçı Pərviz Hacıbəyovun xüsusi təqdim etdikləri musiqili əyləncə proqramı isə iştirakçıların zövqünü oxşayıb və alqışlarla qarşılanıb.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 8.