Gəncədə keçirilən seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması ilə bağlı müzakirələr aparılıb

 

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Gəncədə təşkil olunmuş ilk tədbir "Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılması”na həsr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional seminarda Mərkəzi Seçki Komissiyası nəzdindəki ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, habelə region üzrə 36 seçki dairəsi, dairə seçki komissiyasının müraciət və şikayətlərin araşdırılmasına məsul 100-dən artıq ekspert iştirak edib.

Seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və ekspert qruplarının fəaliyyətinin əsaslarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib.

Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov təqdimatla çıxış edib.

Bildirilib ki, seçki hüququnun pozulması ilə bağlı şikayətçilər şikayət vermək hüququna malikdirlər. İddiaçının barəsində şikayət edə biləcəyi şəxslər (cavabdehlər) mübahisələndirilə bilən məsələlərlə bağlı müvafiq seçki komissiyalarına müraciət verə bilərlər. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və MSK tərəfindən qəbul olunmuş təlimatın 4.1.1-ci yarımbəndinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyalarsiyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, müşahidəçilər, seçki komissiyaları, vətəndaşların hüquqlarını pozan qərarlardan və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət edə bilərlər.

Sonra şikayət vermək hüququna malik subyektlər, cavabdehlər (şikayətin subyektləri), şikayətin obyekti, xüsusi mövzu, seçki hüququnun pozulmasına dair şikayətlərin verilməsi qaydası, bunun üçün şikayətin hara və necə verilməsi, şikayətin forması və məzmununa dair tələblər, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar diqqətə çatdırılıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, ekspert qruplarının fəaliyyətinin əsasları mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda seçki hüquqlarının pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlərin ardıcıllığı, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər əyani vəsaitlərlə ətraflı şəkildə izah edilib.

Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib, aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində gerçəkləşdirilən seminarlar Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

 

Azərbaycan.- 2020.- 19 yanvar.- S. 2.