Namizədlərə geniş imkanlar yaradılıb

 

Fevral ayının 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün dairə seçki komissiyalarında qeydə alınan namizədlərin sayının çoxluğu seçki öncəsi sağlam rəqabət mühitindən xəbər verir.

58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasında da bu mühüm kampaniyaya ciddi hazırlıq görülür. Bu dairə 48 daimi seçki məntəqəsini əhatə edir. Onlardan 41-i Hacıqabul, 7-si Kürdəmir rayonları ərazisindədir.

Yeni inşa edilmişya əsaslı təmir olunmuş təhsil, səhiyyə, mədəniyyət ocaqlarının binalarında yerləşən məntəqələrin hamısının telefonla, rabitə və fasiləsiz elektrik enerjisi ilə dayanıqlı təminatı var. Seçki prosesinin gedişi zamanı şəffaflığın təmin edilməsi məqsədilə 8 məntəqədə veb-kamera quraşdırılmışdır.

Qeydə alınan namizədlərin təşviqat və təbliğat aparmaları üçün qəsəbə və kəndlərdə açıq və qapalı yerlər müəyyən edilmişdir. Dairə üzrə seçicilərin ümumi sayı 46900 nəfərdir. Onların 41591 nəfəri Hacıqabul, qalanı Kürdəmir rayonlarının sakinləridirlər. Seçicilərin 6 nəfərinin yaşı 100-dən çoxdur. Seçki dairəsi üzrə 490 nəfər müşahidəçi seçkilərin gedişini izləyəcək.

Namizədliyi qeydə alınanlar 8 nəfərdir. Onlardan 1 nəfəri Yeni Azərbaycan Partiyası, 1 nəfəri Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüşdür. Qalan 6 nəfər isə müstəqil olaraq öz namizədliklərini irəli sürmüşdür. Bir sözlə, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların seçmək imkanının, aktiv seçki hüququnun səmərəli həyata keçirilməsinə geniş imkan yaradılıb. Namizədlər artıq bir neçə gündür ki, yaradılan şəraitdən istifadə edir, təbliğat və təşviqat kampaniyası aparırlar.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 4.