Münaqişə və müharibə zonalarında yaşayan uşaqların sülh arzusu

 

Müharibəyə “dur” deyək

 

Bu gün müasir dünyamızda ən çox ehtiyac duyduğumuz, tez-tez səslənən kəlmələrdən biri sülhdür. Bunu istər ailə daxilində, cəmiyyətdə insanlar arasında, istərsə də geniş qlobal anlamda hər birimiz yaşayırıq. Eyni zamanda, ən çox arzu etdiyimiz sülhün mövcud olmasıdır. Çünki hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təmin olunması, ilk növbədə, sülh və əmin-amanlığın bərqərar olmasından asılıdır. Münaqişə və müharibələr insan həyatına, onların ən ali hüququna - yaşamaq hüququna birbaşa təhdiddir. Müharibələr bir çox mədəniyyət nümunələrinin, tarixi, milli, maddi dəyərlərin məhvinə səbəb olur. Çox təəssüf ki, işğalçı Ermənistanın sayəsində Azərbaycan da bu sarıdan əziyyət çəkən ölkələr sırasındadır...

Beynəlxalq humanitar hüquq münaqişə və müharibələr zamanı mülki əhalinin, xüsusən yaşlı, qadın və uşaqların müdafiəsi ilə bağlı qaydalar təklif edir. Döyüş əməliyyatlarında iştirak etməyən və ya artıq iştirak edə bilməyən insanların həyatlarına və onların fiziki, mənəvi toxunulmazlığına hörmətlə yanaşılmalıdır. Belə şəxslər bütün hallarda qorunmalı və onlara heç bir fərq qoyulmadan insani rəftar edilməlidir.

Məhz insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərdən biridir. Yaşadığımız dövrdə qarşımızda duran mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır. Başqa sözlə, hər zaman insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zərurəti vardır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunmuşdur.

Ümummilli Liderin sülhsevər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atır. Bəllidir ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, bir milyondan çox soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi-dini abidələrimiz tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır.

Bu gün də işğalçı erməni hərbi birləşmələri işğal altındakı torpaqlarımızda kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurur, o cümlədən dinc əhali girov götürülür, insanların həyatına təhlükə yaradır, onların yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və digər hüquqlarını pozur.

BMT-nin məlumatına görə, 2018-ci ildə dünyadakı münaqişələr nəticəsində rekord həddə günahsız uşaqlar dünyasını dəyişib və yaralanıb. Bir sıra münaqişə zonalarında uşaqlardan əsgər kimi istifadə edilməkdədir və belə hallar Somali, NigeriyaSuriya kimi münaqişə zonalarında müşahidə edilməkdədir. 2018-ci ildə 8 min uşaq döyüşlərdə iştirak edib. Uşaqlar həmçinin qaçırılma və cinsi zorakılığa da məruz qalırlar. 2018-ci ildə 933 uşaq cinsiyyətindən asılı olmayaraq zorakılığa məruz qalıb. Ötən il ümumilikdə 12 min uşaq həlak olub və xəsarət alıb.

UNICEF Suriya müharibəsinin əvvəlindən bəri həlak olmuş uşaqların sayına görə 2016-cı ili rekord vurmuş il adlandırıb. Qeyd edilən ildə Suriyada birbaşa hərbi əməliyyatlar nəticəsində 18 yaşadək olan 650-dən çox uşaq həyatını itirib. Və bu, təkcə rəsmi rəqəmlərdir, real rəqəmlər isə, bir qayda olaraq, dəfələrlə çox olur. Daha bir neçə yüz uşaq isə dərmanların çatışmazlığından həyatını itirib.

UNICEF uşaqlarla bağlı daha bir kədərli rekordu qeydə alıb. Belə ki, İŞİD 850 uşağı əlinə silah almağa məcbur edib.

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi bizi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı yaddaşımızı təzələməyə vadar etdi.

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də birya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır.

1988-1989-cu illərdə indiki Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.

1988-1994-cü illərdə itkin düşmüş 4566 azərbaycanlıdan 53-ü uşaq olub. 1 yanvar 2014-cü ilə olan məlumata görə, əsir və girov götürülməsi məlum olan 877 nəfərdən 22 uşaq bugünədək Ermənistanda əsirlikdədir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtərə - cəbhə xəttinə yaxın kəndlərdə yaşayan uşaqlara baş çəkmək və onların bayramını təbrik etmək təşəbbüsünə qoşulmuşduq. Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya kəndinin və Şıxarx qəsəbəsinin uşaqları fondun beynəlxalq auditoriya üçün çəkdiyi və BMT-nin Cenevrə ofisində təqdim olunan videonun baş qəhrəmanları idilər. O qısa filmdə kiçik yaşlı azərbaycanlı qızın "Əgər sənin əlinə nə isə etmək səlahiyyəti verilsəydi, ilk növbədə nə edərdin?” sualına "Mən sülh yaradardım, sülh olsundemişdi. O sülh istəmiş, sülh yaratmağı arzulamışdı.

Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz var. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı ərazilərimizin sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

 

Zeynəb KAZIMOVA

 

Azərbaycan.- 2020.- 25 yanvar.- S. 5.