Əcnəbi tələbələr Qarabağlar kəndindəki Türbə Kompleksi ilə tanış olublar

 

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksi ilə tanış olublar.

Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinə istinadən AZƏRTAC xəbər verir ki, burada tələbələrə qədim tarixi abidə haqqında məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında 2016-cı il 4 iyul tarixli sərəncamına uyğun olaraq türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmitarixi əsaslarla bərpa olunub.

Qeyd olunub ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalan kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar Türbəsi təşkil edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar Türbəsinin 4 baştağı vardır. Baştağlarının dördününbaş tərəfində müqəddəs "Qurani-Kərimin "əl-Mumin surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

 

Azərbaycan.- 2020.- 26 yanvar.- S. 4.