29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib

 

Yanvarın 27-də 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici treninqlər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov çıxış edərək fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində MSK-nın müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, bu təlimlər seçkilərin şəffaf və qanunamüvafiq təşkili üçün önəm daşıyır. Burada seçkilərə hazırlığın gedişi haqqında aydın və hərtərəfli məlumat verilir.

Diqqətə çatdırılıb ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nın Treninq Qrupu tərəfindən təlimlər cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Aşağı seçki komissiyaları üçün treninqlər yanvarın 27-dən başlayıb və üç gün davam edəcək. Tədbirdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlər, seçki məntəqələrinin açılışına hazırlıqlar, səsvermə saatlarında reallaşdırılacaq tədbirlər barədə təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırırlar.

Dairə üzrə treninqlər əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində – hər təlim sessiyasında 40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilir. Eləcə də seçki günü qanunamüvafiq səsvermə hərəkətləri, eləcə də qanunsuz hərəkətlərin qarşısının alınması barədə məlumat verilir.

Seçkilərlə bağlı dairə seçki komissiyasının ərazisindəki məntəqələrdə görülən işlər barədə məlumat verən C.Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, dairədə Milli Məclisə seçkilərə hazırlıq işləri uğurla davam etdirilir. Treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri maarifləndirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. 38 min 856 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Əlavə olaraq iki hərbi hissədə müvəqqəti məntəqə yaradılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Bütün məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Dairə üzrə ümumilikdə iyirmi namizəd qeydə alınıb. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 12-də veb-kameralar, eləcə də fiziki imkanı məhdud seçicilərin qeydiyyata alındığı məntəqələrdə panduslar quraşdırılıb.

Dairə seçki komissiyasının katibi Elmar Hüseynov tərəfindən aparılan təlimlərdə səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri və onlarla qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti məsələlərinə toxunulub. Bundan başqa, seçki günü prosesləri və baş verə biləcək müstəsna hallar, səslərin sayılmasına hazırlıq, bülletenlərin təsnifatı, səsvermənin nəticələri barədə yekun protokolun hazırlanması və doldurulması, səsvermə prosedurlarına dair nəzəri və praktiki tapşırıqlar məşğələlərin gedişində təfsilatlı və əyani formada təqdim olunur.

Tədbirdə seçkilərə hazırlıq, onun keçirilməsi, səslərin hesablanması prosesi, onlara hazırlıq və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindan də bəhs olunub. Həmçinin iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması barədə ətraflı məlumat verilib.

Dairə seçki komissiyasının üzvü Hikmət İsmayılov seçici siyahıları ilə qaydası və onların dəqiqləşdirilməsi məsələlərinə də toxunub. O, seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasının önəmini vurğulayıb. Bildirib ki, səsvermə günü qanunvericiliyə əsasən səsvermə prosesi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq. Seçki komissiyalarının üzvləri müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.

Sonra müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda hər bir məntəqə seçki komissiyası üzvünə yaxından tanışlıq və təlimlərdə istifadə etmək məqsədilə MSK tərəfindən hazırlanan səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunub.

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 3.