Hərtərəfli hazırlıq görülmüşdür

 

9 fevral Milli Məclisə seçkilər günüdür

 

Ölkənin ikinci böyük şəhəri Gəncədə də Milli Məclisə seçkilərin mütəşəkkil keçirilməsi üçün geniş hazırlıq işləri görülmüşdür. 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsinin məntəqələrində olarkən bunun şahidi olduq.

Dairə seçki komissiyasının sədri Elbar Əhmədovla söhbət zamanı dedi ki, seçici siyahıları dəqiqləşdirilmiş, bütün məntəqələr lazımi vasitələrlə təmin edilmiş, seçicilərin istədikləri namizədə sərbəst səs verməsi üçün bütün şərait yaradılmışdır.

Səsvermə kabinələri qurulmuş, məntəqələr rabitə xətti, elektrik generatoru və təşviqat vasitələri ilə təmin olunmuşdur. Seçicilərə bildirişlərin paylanması da başa çatdırılmışdır. Seçkilərin azad və şəffaf keçməsi üçün qeydiyyatdan keçmiş 361 nəfər müşahidəçi üçün lazımi yerlər ayrılmışdır. Seçkilərin gedişini onlayn izləmək üçün 9 məntəqədə veb-kamera quraşdırılmışdır.

39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsində 8 nəfər deputatlığa namizəd qeydə alınmışdır. Onlardan biri Yeni Azərbaycan Partiyasının, qalanı isə namizədliyini özü sürənlərdir. Onların hamısına təbliğat aparmaları üçün bərabər şərait yaradılmışdır. Bunun üçün açıq və qapalı yerlər ayrılmışdır. Bütün vətəndaşların seçkilərdə iştirakını təmin etmək üçün ilk dəfə səs verəcək gənclərlə, hətta yaşı 80-dən çox olan ahıllarla görüşlər keçirilmiş, bu seçkilərin ölkəmizin həyatında böyük əhəmiyyət daşıması barədə söhbətlər aparılmışdır. Seçki məntəqələrinə gəlmək ehtimalı az olan xəstə vətəndaşların öz istəklərinə uyğun olaraq evlərinə daşınan seçki qutusunun aparılması üçün hazırlıq işləri görülmüşdür. Məntəqələrin hamısında fiziki imkanları məhdud olan şəxslər üçün pantuslar quraşdırılmışdır.

Dairəni əhatə edən məntəqələrin bir neçəsində olduq. Hamısında böyük canlanma hiss olunurdu. 13 saylı məntəqə seçki komissiyasının sədri Nizami Rzayev parlament seçkilərinin mütəşəkkil keçəcəyinə əminlik ifadə etdi. Dedi ki, bu vacib kampaniyanın demokratik aşkarlıq şəraitində keçməsi üçün lazımi şərait yaradılıb.

Ümumiyyətlə, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hərtərəfli hazırlıq görülmüş, seçici siyahıları dəqiqləşdirilmiş, bildirişlər paylanmışdır.

 

Azərbaycan.- 2020.- 29 yanvar.- S. 1.