80 yaşın işığı

 

Sənət dünyası

 

Sumqayıt Dövlət Dram Teatrının kollektivi hər zaman burada çalışan və hazırda təqaüddə olan insanlara xüsusi qayğı və diqqətlə yanaşır. Zamanında Azərbaycan teatrına töhfə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənarda qalmır.

Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Xalq artisti Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdikdən sonra dövlətin mədəniyyətə göstərdiyi qayğıdan söz açdı.

SDDT-nin direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor, Əməkdar artist Namis Şirməmmədov, Əməkdar artist İlahə Səfərova və digərləri çıxışlarında Svetlana xanımın teatr, televiziya tamaşalarında, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər saldılar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, improvizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki, Svetlana Həkimovanın yaratdığı "Solğun çiçəklər”- Sara, "Qaraca qız”- Gülpəri nənə, "Damokl qılıncı”- Hakimin qızı və bir sıra obrazları bu günyaddaşlarda qalır.

Teatrın kollektivini doğması kimi bilən Svetlana Həkimova keçmiş xatirələrindən danışdı. 50 ildən artıq fəaliyyət göstərən teatrın həmişə öndə getməsini arzuladı.

Sonda Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana Həkimovaya hədiyyələr təqdim edildi.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 29 yanvar.- S. 6.